Azərbaycanın müdafiə təyinatlı məhsulları Ər-Riyadda beynəlxalq sərgidə
nümayiş olunur – FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Azərbaycan Müdafiə Sənayesi Nazirliyi Səudiyyə Ərəbistanının Ər-Riyad
şəhərində ikinci dəfə təşkil edilən “World Defence Show-2024” Beynəlxalq
Müdafiə Sərgisində iştirak edir.
Nazirlikdən verilən məlumata görə, tədbirdə müdafiə sənayesi naziri Vüqar
Mustafayevin rəhbərlik etdiyi nümayəndə heyəti iştirak edir.
Bildirilib ki, 45-dən çox ölkədən 750-dən artıq iştirakçı və 115 xarici
nümayəndənin qatıldığı “World Defence Show-2024” sərgisində Müdafiə Sənayesi
Nazirliyinin təşkil etdiyi stenddə Azərbaycan istehsalı olan 107 adda müdafiə
təyinatlı məmulatlar nümayiş olunur.
Açılış mərasimində iştirak edən V.Mustafayev Səudiyyə Ərəbistanı Krallığının
müdafiə naziri Xalid bin Salman Əl-Saud ilə görüşərək sərgi ilə bağlı xoş
diləklərini onun diqqətinə çatdırıb.
Nazir Türkiyə, Səudiyyə Ərəbistanı və digər ölkələrin qurumlarının
stendlərində nümayiş etdirilən müdafiə təyinatlı məmulatlar və yeni
texnologiyalar ilə tanış olub.
Səfər çərçivəsində V.Mustafayev Səudiyyə Ərəbistanı Hərbi Sənaye Təşkilatının
rəhbəri Əhməd Əbdüləziz Əl-Ohali ilə də görüşüb. Görüş zamanı iki ölkə arasında
müdafiə sənayesi sahəsində əməkdaşlıq imkanları müzakirə edilib, qarşılıqlı
maraq doğuran məsələlər haqqında fikir mübadiləsi aparılıb.
Qeyd edək ki, müdafiə sənayesi şirkətlərinə məxsus ən son hərbi texnologiya,
avadanlıq və sistemlərin nümayiş etdirildiyi “World Defence Show-2024” sərgisi
fevralın 8-i başa çatacaq.