Özbəkistanın paytaxtı Daşkənddə keçirilən cüdo üzrə Qran-Pri turnirinin ilk günü milli komandamız aktivinə bir medal yazdırıb.
ÇıxışYolu.Com xəbər verir ki, qadınlar arasında 48 kq çəki dərəcəsində mübarizə aparan cüdoçumuz Leyla Əliyeva Rumıniya, Fransa, Almaniya və Hindistan idmançılarını məğlub edərək finala çıxıb.
Leyla Əliyeva həlledici qarşılaşmada rusiyalı Sabina Qilyazova ilə üz-üzə gəlib. İdmançımız rəqibinə məğlub olaraq Qran-Pridə gümüş medal qazanıb.
Kişilərin yarışında İbrahim Əliyev (-66 kq) isə bürünc medal uğrunda görüşdə Özbəkistan təmsilçisi Sərdar Nurullayevə uduzaraq V yeri tutub.
Aişə Qurbanlı (-48 kq), Gültac Məmmədəliyeva, Larisa Aleksandra Florian (hər ikisi -52 kq), Oruc Vəlizadə (-60 kq) və Nicat Şıxəlizadə (-66 kq) ilkin mərhələdə məğlub olub.
Bu gün isə Rüfət İsmayılov və Fəqan Quluzadə (hər ikisi -81 kq) ilk görüşdə uduzaraq mübarizəni dayandırıblar.
Qeyd edək ki, bu yarış Olimpiadaya lisenziya xalı qazandırır. 69 ölkədən 419 idmançının (231 kişi və 188 qadın) mübarizə apardığı yarış sabah başa çatacaq.
Səbuhi Musayev