9f5b0dbd-fe75-40a4-8323-b56c2e9768bf..jpg

Azərbaycanın qadın şahmatçısı Vyanada sinxron turnirdə 30 şahmatçı ilə oynayıb – FOTO

Baxış sayı: 672 dəfə baxılıb.

Azərbaycanın qadın şahmatçısı Vyanada sinxron turnirdə 30 şahmatçı ilə oynayıb
– FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Vyanada Azərbaycan Mədəniyyət Mərkəzində ölkəmizin ən yüksək reytinqə malik
qadın şahmatçısı, Azərbaycan millisinin kapitanı və Avropa çempionatının gümüş
mükafatçısı Günay Məmmədzadəyə qarşı sinxron şahmat turniri keçirilib.

Cixisyolu.com xəbər verir ki, Azərbaycan Mədəniyyət Mərkəzinin Vyana Şahmat
Federasiyası ilə birgə təşkil etdiyi seansda peşəkar və yeniyetmə şahmatçılar,
eləcə də şahmat həvəskarları olmaqla 30 oyunçu iştirak edib.

Azərbaycan Mədəniyyət Mərkəzinin rəhbəri Leyla Qasımova seansdan öncə çıxış
edərək bildirib ki, Azərbaycan zəngin ənənələrə malik və tarixən inkişaf etmiş
şahmat məktəbinə malik ölkədir və Azərbaycan şahmatçıları dünyada aparıcı
yerləri tuturlar. Şahmat ölkəsi olan Azərbaycanda dövlət tərəfindən şahmatın
inkişafına xüsusi diqqət yetirilir və buna görə də şahmatçılarımız həm fərdi,
həm də komanda yarışlarında uğurla çıxış edirlər.

Azərbaycanın reytinqinə görə ən güclü qadın şahmatçısı Günay Məmmədzadənin
Avstriyaya dəvət edilməsi, onun yerli şahmatçılar üçün oyun analizləri təqdim
etməsi və sinxron yarışda iştirakı Vyana Şahmat Federasiyası tərəfindən böyük
məmnuniyyətlə qarşılanıb. Bu turnir Azərbaycanın qadın şahmatçılarının
peşəkarlıq səviyyəsini göstərməklə yanaşı, yeni nəsil şahmatçıların yetişməsi
və motivasiyası üçün də xüsusi əhəmiyyət kəsb edir.

Diqqətə çatdırılıb ki, hazırda Kanadanın Toronto şəhərində İddiaçılar
Turnirində iştirak edən azərbaycanlı qrossmeyster Nicat Abasov da eyni formatda
vyanalı şahmatsevərlər üçün seans keçirib və gələcəkdə digər tanınmış
Azərbaycan şahmatçılarının Vyanada şahmat tədbirlərinə qatılması imkanı
arzulanan hal olardı.

Vyana Şahmat Federasiyasının vitse-prezidenti Hanna Vehbe yaradılan imkanı
şahmatçılar üçün, xüsusilə də yeniyetmə şahmatçıların peşəkarlığının
artırılması üçün unikal fürsət kimi dəyərləndirib və Azərbaycan Mədəniyyət
Mərkəzinə əməkdaşlığa görə təşəkkür edib.

Qeyd edək ki, sinxron turnirin məqsədi dünya şahmatında xüsusi çəkiyə malik
Azərbaycan şahmat məktəbinin yetirmələrini geniş ictimaiyyətə tanıtmaq,
ölkəmizdə qadın şahmatının inkişafını nümayiş etdirmək, gənclər arasında
şahmatın tanınmasına töhfə vermək, Avstriya və Azərbaycan şahmatçıları arasında
əlaqələri dərinləşdirməkdir.

Dünya reytinqində qadınlar arasında 2436 xalla 34-cü, Avropada 18-ci və
Azərbaycan şahmatçıları arasında isə 1-ci yeri tutan Günay Məmmədzadə 2000-ci
ildə Bakıda anadan olub. Beş yaşından şahmat oynamağa başlayan G. Məmmədzadə
2014-cü ildə qadınlar arasında beynəlxalq qrossmeyster dərəcəsini, 2018-ci ildə
isə kişilər arasında beynəlxalq usta dərəcəsini əldə edib. Qadınlar arasında
ikiqat Azərbaycan çempionu, yeniyetmələr arasında dünya və ikiqat Avropa
çempionu 2016-cı ildən qadınlardan ibarət Azərbaycan yığmasının üzvü, hazırda
isə kapitanıdır.

Source link