Azərbaycanın sığorta sektoru: Ötən ilə baxış, cari ildən gözləntilər – FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
2023-cü il Azərbaycanın sığorta sektoru üçün yaddaqalan il olub.
Qeyd edək ki, “Sığorta fəaliyyəti haqqında” qanun il ərzində bir neçə dəfə
dəyişib. Bununla da, Azərbaycan Mərkəzi Bankına (AMB) təkrarsığorta ilə bağlı
minimum tələbləri müəyyən etmək səlahiyyəti verilib, sığorta sektorunda “Mühüm
iştirak payı” anlayışı yenilənib.
Azərbaycanda sığorta şirkətlərinin sayı 3 illik fasilədən sonra ötən il
azalıb. AMB “Günay Sığorta” və “Naxçıvan Sığorta” ASC-lərin lisenziyalarını
ləğv edib. Onlar bazarı könüllü – özlərinin müraciəti əsasında tərk ediblər.
Bununla da, ölkədə sığorta şirkətlərinin sayı 20-dən 18-ə düşüb.
Ötən il Azərbaycan bazarına yeni təkrarsığorta şirkəti daxil olmasa da, bu növ
fəaliyyət üçün lisenziyaya malik olan şirkətlərin sayı artıb. AMB “Qala
Sığorta” ASC-yə təkrarsığorta lisenziyası verib. Ondan başqa, “Azsığorta”,
“Xalq Sığorta”, “Qala Sığorta”, “Meqa Sığorta” və “PAŞA Sığorta” ASC-lər də
həmin lisenziyaya malikdir. Bundan başqa, ölkədə yalnız təkrarsığorta
fəaliyyəti ilə məşğul olan 1 şirkət – “AzRe Təkrarsığorta” ASC də fəaliyyətini
davam etdirir.
Hesabat dövründə AMB sığorta bazarında “təmizləmə işləri”ni də davam etdirib.
Xeyli sayda sığorta vasitəçisinin – sığorta agentlərinin və brokerlərinin
lisenziyaları ləğv edilib. Onların bir qismi bazardan könüllü çıxıb, bir qismi
isə aşkar olunmuş nöqsanları vaxtında aradan qaldırmadıqları üçün bazardan
kənarlaşdırılıblar.
Ötən il Azərbaycanda iki sığorta şirkəti – “İpək Yolu Sığorta” və “A-Qrup
Sığorta” ASC-lər öz istəkləri əsasında lisenziyalarının qüvvəsini
məhdudlaşdırıb. Birincisi “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki
məsuliyyətinin icbari sığortası” bazarında, ikincisi isə “Avtonəqliyyat
vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası”, “Daşınmaz əmlakın
icbari sığortası” və “Daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin
icbari sığortası” bazarlarında fəaliyyətini dayandırıb.
2023-cü ildə Azərbaycanda toplanılmış sığorta haqlarının məbləği ilk dəfə bir
milyard manatı keçib. Sığorta ödənişləri üzrə də rekord məbləğ qeydə alınıb.
Sumqayıt şəhərinin Hacı Zeynalabdin qəsəbəsində yerləşən, “Azərsun Holdinq”
MMC-yə məxsus “Azərsun Sənaye Parkı”nda ötən ilin aprel ayında baş vermiş
yanğın hadisəsinə görə 25 milyon manat sığorta ödənişi verilib. Ödənişi
“Azərbaycan Sənaye Sığorta” ASC “Daşınmaz əmlakın icbari sığortası”, eləcə də
“Əmlakın yanğından və digər risklərdən sığortası” üzrə həyata keçirib.
İl ərzində Azərbaycanın bank və sığorta sektorları intensiv əməkdaşlığa
başlayıb. “Azərbaycan Banklar Assosiasiyası” (ABA) və “Azərbaycan Sığortaçılar
Assosiasiyası” (ASA) ictimai birlikləri əhalinin və biznesin müxtəlif
xarakterli risklərə qarşı müdafiəsinin gücləndirilməsi məqsədilə genişmiqyaslı
intensiv əməkdaşlıq platforması formalaşdırıb. Platforma bank müştərilərinin
həyatı, sağlamlığı və əmlakı ilə bağlı mövcud olan risklərə qarşı sığorta
təminatının genişləndirilməsini, bu məqsədlə müştərilərə dəyər qazandıran
sığorta məhsullarının birgə inkişaf etdirilməsini və müştərilərə təqdim
edilməsini nəzərdə tutur.
ASA-dan söz düşmüşkən, ötən il qurumun Müşahidə Şurasına yeni sədr seçilib.
Şuraya rəhbərlik “PAŞA Sığorta” ASC-nin İdarə Heyətinin (İH) sədri Ülviyyə
Cabbarovaya həvalə olunub. O, yeni vəzifəsində Əmək və Əhalinin Sosial
Müdafiəsi Nazirliyinin Dayanıqlı və Operativ Sosial Təminat (DOST) Agentliyinin
İH sədrinin müşaviri təyin edilmiş və bununla da sığorta sektorunu tərk etmiş
“Atəşgah Sığorta” ASC-nin İH-nin keçmiş sədri Azər Əliyevi əvəzləyib.
2023-cü ilin daha bir mühüm hadisəsi isə Azərbaycanın sığorta xidmətlərinin
ixracına başlaması olub. İcbari Sığorta Bürosunun (İSB) bununla bağlı
Beynəlxalq Bürolar Şurası (BBŞ) ilə əldə etdiyi razılığa əsasən, yerli sığorta
şirkətləri Gürcüstan və Qazaxıstandan olan sürücülərə “Yaşıl Kart” satmağa
başlayıblar.
Ötən ilin yekunlarını “Report”a şərh edən ASA-nın icraçı direktoru Elmar
Mirsalayev bildirib:
“2023-cü il istər yerli sığorta bazarında həyata keçirilən lokal islahatlar,
istərsə də sığorta sektorunun beynəlxalq əlaqələri baxımından olduqca
yaddaqalan il oldu. Xüsusilə qeyd etmək istəyirəm ki, əldə olunan uğurlar
AMB-nin həyata keçirdiyi uğurlu və məqsədyönlü nəzarət və tənzimləmə siyasəti
ilə bilavasitə bağlıdır.
Belə ki, ölkədə həyata keçirilən 3 illik genişmiqyaslı maarifləndirmə
layihəsinə 2023-cü ildə yekun vuruldu, 2024-cü ildən bu layihənin yenidən davam
etdirilməsi ilə bağlı razılıq əldə olundu. Bu layihə nəticəsində mövcud və
potensial sığortalılarda sığorta xidmətlərinə maraq və inam yüksəlməyə başladı
ki, bu da statistik nəticələrdə yığımların ölkə sığorta tarixində ilk dəfə bir
milyard manatı ötməsi ilə özünü göstərdi”.
E.Mirsalayev qeyd edib ki, bütün bunlarla paralel olaraq beynəlxalq
münasibətlərin inkişafı sektorda yeni bir canlanma yaradıb:
“Bildiyiniz kimi, 2022-ci ildə Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan və
Özbəkistan sığortaçılar birliklərinin üzvlüyü ilə dünyada ilk dəfə Türk Dünyası
Sığorta Birliyi yaradılıb, ASA birliyin “Yol xəritəsi”ni hazırlayıb. Ötən il
sənədi üzv dövlətlər qəbul etdi və sevindirici haldır ki, Birliyin Türk
Dövlətləri Təşkilatının (TDT) himayəsinə daxil edilməsi ilə bağlı TDT katibliyi
üzv ölkələrə rəsmi müraciət ünvanladı. Ölkəmizin aidiyyəti rəsmi dövlət
orqanları TDT-nin müraciətinə müsbət reaksiya verdi və hazırda bu istiqamətdə
ciddi iş aparılır.
Daha bir qürurverici xəbər ondan ibarətdir ki, Türk Dünyası Sığorta Birliyinin
ilk assambleyasını 2024-cü ildə türk dünyasının mədəniyyət paytaxtı olan Şuşa
şəhərində gerçəkləşdirməyi planlaşdırırıq, bu istiqamətdə danışıqlar aparır,
təşkilati işləri həll edirik. 2024-cü il istər ölkəmizdə müəyyən fasilədən
sonra yenidən təşkil olunacaq Beynəlxalq Sığorta Forumu, istər Türk Dünyası
Sığorta Birliyinin Şuşa Assambleyası, istərsə də digər kütləvi tədbirlərlə
yerli sığorta bazarı üçün hərəkətli və yeniliklərlə zəngin bir il olacaq”.
İcbari Sığorta Bürosunun (İSB) İcraçı direktoru Rəşad Əhmədov hesab edir ki,
2023-cü il icbari sığorta bazarı üçün yeni imkanlar, habelə uzun zamandır
gözlənilən və üzərində iş aparılan yeniliklərin reallaşdığı bir il olub:
“İlk olaraq onu vurğulamaq istəyirəm ki, geridə qoyduğumuz ildə sığorta
sektorunda tənzimləmə və nəzarət funksiyalarının həyata keçirən Mərkəzi Bankın
birbaşa nəzarəti altında avtonəqliyyat vasitəsi sahiblərinin mülki
məsuliyyətinin icbari sığortası növü üzrə bir sıra mühüm qərarlar qəbul edildi.
Qərarlardan biri də bu növ üzrə sığorta müqaviləsi bağlayan sığortaçıların
rəsmi internet səhifəsinə dair yeni tələbin müəyyən edilməsi oldu. Həmin
dəyişikliklərə əsasən, avtoicbari növün aparılmasına icazə almaq istəyən hər
bir sığortaçı sığortalılarla müvafiq icbari sığorta müqaviləsinin öz rəsmi
internet səhifəsi vasitəsilə qanunvericiliyə uyğun olaraq bağlanması imkanına
malik olmalıdır. Müvafiq sığorta növünün aparılmasına icazəsi olan sığortaçılar
öz rəsmi internet səhifəsinin texniki imkanlarını yaratdılar və bununla da
adıçəkilən məhsulun daha rahat və operativ əldə olunması üçün digital islahat
tədbiri həyata keçirildi. Bu da avtoicbari sığorta məhsuluna əlçatanlığı tam
təmin etmiş oldu”.
R.Əhmədov vurğulayıb ki, sığorta şirkətlərinin müştərilərə qarşı selektiv
yanaşmalarının qarşısının alınması üçün İSB veb-səhifəsi üzərindən birbaşa
keçidləri vətəndaşların xidmətinə təqdim edib və aralıqsız monitorinqlərlə
əlçatanlıq probleminin qarşısını alıb.
“Daha bir yenilik isə ondan ibarət olub ki, 2023-cü ildə İcbari Sığorta Bürosu
ilə İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti arasında
aparılan elektron informasiya inteqrasiyası prosesi yekunlaşıb və paralel
olaraq Daşınmaz əmlakın icbari sığortası ilə Daşınmaz əmlakın istismarı ilə
bağlı mülki məsuliyyətin icbari sığortası növləri üzrə şəhadətnamələr kağız
daşıyıcıdan elektron formaya keçirilib. Burada əmlakın sığortalanması ilə
əlaqədar lazımi məlumatlar müvafiq dövlət qurumundan təmin edilir və
qanunvericiliyə uyğun olaraq göstərilən digər qurumlarla elektron
inteqrasiyalar həyata keçirilir. Bütün elektron informasiya sistemləri ilə olan
inteqrasiyalardan sonra artıq Azərbaycanda İSB-nin sistemi vasitəsilə buraxılan
icbari sığorta şəhadətnamələri elektronlaşıb, kağız sığorta şəhadətnamələri
tarixə qovuşub. Tam elektronlaşma sığorta şəhadətnaməsinin olub-olmamasına
nəzarət etməyə imkan verəcək. Bu isə Azərbaycanda penetrasiyanın ciddi şəkildə
artmasına səbəb olacaq”, – deyə İSB-nin rəhbəri bildirib.
R.Əhmədov daşınmaz əmlakın icbari sığortası bazarında böyümə qeydə alındığını
qeyd edərək bildirib ki, 2023-cü ilin 10 ayında adı çəkilən növ üzrə yığımlar
2022-ci ilin eyni dövrü ilə müqayisədə 23 milyon manat artaraq 68,6 milyon
manat təşkil edib.
“2023-cü il həm də beynəlxalq təcrübənin öyrənilməsi baxımından da yerli bazar
üçün məhsuldar bir il sayıla bilər. Belə ki, il ərzində sığortada zərərlərin
vahid sistem üzərindən qiymətləndirilməsi və hesablanması təcrübəsinin
öyrənilməsi üçün Moskva və İstanbul şəhərlərinə silsilə səfərlər təşkil olunub.
Müvafiq səfərlərdə iki ölkə təcrübəsinin lokal bazarda tətbiqi imkanları geniş
araşdırılıb. Əldə edilən təcrübənin tətbiqi zərərlərin vahid yanaşma ilə
icrasına töhfə verərək, sığorta bazarının yeni səhifəyə keçidini təmin edəcək.
Hesab edirəm ki, 2024-cü il də yerli sığorta bazarı üçün səmərəli,
nəticəyönümlü və yeni inkişaf meyillərini özündə birləşdirən bir il olacaq”, –
deyə İSB-nin rəhbəri əlavə edib.
ASA-nın qeyri-həyat sığortaları üzrə ekspert qrupunun üzvü Emin Allahverdiyev
əmindir ki, 2023-cü il sığorta sektoru üçün kifayət qədər yaddaqalan il olub:
“Yerli sığorta bazarının dayanıqlı inkişafı və böyüməsi, bu istiqamətdə
islahatların aparılması istər nəticəlilik baxımından, istərsə də maarifləndirmə
istiqamətində sektorun inkişafını da zəruri edib.
Belə ki, ötən il ərzində sığorta yığımları ilk dəfə olaraq bir milyard manatı
ötüb ki, bu da 2022-ci ilin analoji dövrü ilə müqayisədə sektorun sığorta
yığımları istiqamətində 28% böyüməsini göstərir. Sığorta yığımları ilə yanaşı
sığorta ödənişlərinin də artması müşahidə olunur. Bu da öz növbəsində sığorta
yığım-ödəniş uyğunluğunun optimal getdiyini, sığorta şirkətləri ilə
istehlakçılar arasında münasibətlərin sağlam müstəvidə olduğunu göstərir”.
Onun sözlərinə görə, sığorta sektorunda 2023-cü ildə yaddaqalan mühüm
hadisələrdən biri də Azərbaycan Mərkəzi Bankı, Azərbaycan Sığortaçılar
Assosiasiyası və İcbari Sığorta Bürosunun birgə əməkdaşlığı çərçivəsində
Azərbaycanda ilk dəfə “Sığorta Festivalı”nın keçirilməsi olub:
“Bu festival nəinki regionda, dünyada ilk dəfə keçirilirdi. Bakı şəhərinin
Dənizkənarı Milli Parkının ərazisində başlayan sığorta festivalı daha sonra
digər regionlarda, o cümlədən Sumqayıt, İsmayıllı, Quba, Lənkəran, Mingəçevir,
Gədəbəy, Şəki, Zaqatala və Gəncə şəhərində keçirildi. Bu tədbirin əsas
konsepsiyası geniş əhali qruplarının və biznes subyektlərinin sığorta sahəsində
bilik və təsəvvürlərinin artırılması, onların sığorta xidmətlərinə cəlbinin
təşviq edilməsindən ibarət idi. Festivala vətəndaşlar və sahibkarlar xüsusi
maraq göstərib, əsasən də regionda fəaliyyət göstərən biznes subyektləri
sığorta məhsulları ilə yerində tanış olaraq onlardan yararlanıblar. Tədbir
nəticəsində vətəndaşlar ilə sığorta şirkətlərinin birbaşa ünsiyyətdə olması
sığorta əlçatanlığının yüksək səviyyədə olmasını bir daha göstərib. Sevindirici
haldır ki, bu kimi “Sığorta Festivalı”nın 2024-cü ildə də təşkil olunması
planlaşdırılır”.
E.Allahverdiyev bildirib ki, qeyri-həyat sığorta bazarının 2024-cü il üçün
hədəfləri arasında bir sıra tədbirlər, o cümlədən sığorta sisteminin inkişaf
imkanlarının təhlili və daha səmərəli modellər əsasında inkişaf meyarlarının
tətbiqi nəzərdə tutulur:
“Sığortanın qeyri-həyat sahəsinin dayanıqlığı və təkmilləşdirilməsi region
ölkələrinin bu sahədəki təcrübələri öyrənilməklə həyata keçirilir və bu da
sektorun iqtisadi potensialının gücləndirilməsinə, institusional inkişafına və
uzunmüddətli hədəflərin həyata keçirilməsinə imkan yaradacaq. Eyni zamanda
sığorta maarifləndirilməsi istiqamətində də tədbirlərin davam etdirilməsi
nəzərdə tutulur və bu tədbirlərin əsas mahiyyəti sığorta savadlılığının
artırılması, əhali və biznes subyektlərinə risk fərqindəliyinin yaradılması
olacaq.
Bu il üçün də həm qeyri-həyat, həm də həyat sığortası sahələri üzrə sığorta
yığımlarındakı artım dinamikasının davam edəcəyi proqnozlaşdırılır. Bu fikrə
istər həyata keçirilən irimiqyaslı layihələr, istərsə də əhalinin sığorta
xidmətlərinə olan marağının artması əsas verir”.
ASA-nın həyat sığortaları üzrə ekspert qrupunun üzvü Şəhriyar Məcidov 2023-cü
ili ümumi sığorta bazarında olduğu kimi həyat sığortası seqmenti üçün də
olduqca uğurlu bir il kimi yadda qaldığını hesab edir:
“İlk növbədə həyat sığortaları üzrə yığımların ümumi sığorta haqlarındakı payı
ənənəni pozmayaraq yenə öz çəkisi ilə xüsusi lokomotiv rolunu oynayıb. Bu
istiqamətdə biz ələlxüsus Həyatın yaşam sığortası və İstehsalatda bədbəxt
hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi
hallarından icbari sığorta növlərini qeyd edə bilərik.
Bundan əlavə olaraq, həyat sığortası bazarı üçün 2023-cü ildə ən yaddaqalan
islahatlardan biri bank-sığorta münasibətlərinin yeni müstəvidə inkişafı
məqsədilə atılmış addım olub. Belə ki, istehlak krediti götürənlərin
həyatlarının sığortalanması ilə bağlı məhsulun yaradılması məqsədilə ASA ilə
ABA arasında əməkdaşlıq Memorandumu imzalanıb və bununla paralel olaraq müvafiq
istiqamətdə təşkilat komitəsi və işçi qrupu yaradılıb. Hesab edirəm ki, bu
istiqamətdə görülən işlər istər istehlak kreditləri seqmentində növbəti
mərhələdə problemli kreditlərin sayının azalmasına, istərsə də sığortanın bütün
istiqamətlərdə bir daha aktuallıq qazanmasına və inkişafına təkan verəcək”.
Ş.Məcidov 2024-cü ilin əhəmiyyətli dərəcədə aktiv və yeni layihələrlə zəngin
bir il olacağını deyib:
“2024-cü ildən başlıca gözləntilərimiz ondan ibarətdir ki, sektorun inkişafı
yönündə atılmış addımlar, xüsusilə də maarifləndirmə tədbirləri növbəti ildə də
artım dinamikası və böyümə tendensiyası ilə bizi sevindirəcək”.
Müstəqil sığorta eksperti Pərviz Quliyev 2023-cü ilin sığorta sektoruna
təsirlərinin nəticəsini ürəkaçan hesab edir:
“Ötən il ilk dəfədir ki, sığorta bazarı bir milyard manatlıq hədəfi ötdü və bu
da çox yaxşı bir nəticədir. Təbii ki, bu, illərdir aparılan islahatlar,
maarifləndirmə tədbirləri və eyni zamanda requlyator orqan dəyişdikdən sonra
Mərkəzi Bankın bu işə yanaşmasında strategiyanın və baxış bucağının müsbət
yöndə dəyişməsi nəticəsində reallaşdı. Bütün dövlətlərdə olduğu kimi
maarifləndirmə birinci yerdə olmalıdır, çünki inkişaf etməkdə olan dövlətlər
üçün bu çox önəmlidir. Mərkəzi Bankın bu istiqamətdə olan 3 illik strategiyası
2023-cü ildə başa çatıb və yeni strategiya təsdiq olunub. Bu maarifləndirmə
strategiyası çərçivəsində aparılan işlər təqdirəlayiqdir və hesab edirəm ki,
yerli sığorta bazarında bu günədək belə kütləvi və planlaşdırılmış tədbirlər
qeydə alınmayıb.
Həmçinin sektorda rəqəmsallaşma ilə bağlı atılan addımları da qeyd etmək
lazımdır. Məsələn, bu istiqamətdə ən kütləvi sığorta məhsulu olan Avtonəqliyyat
vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası ilə bağlı Mərkəzi
Bank tərəfindən qoyulan tələbə əsasən, bu növ üzrə satış lisenziyasına malik
olan bütün şirkətlər öz rəsmi veb-saytlarında məhsulun onlayn əldə edilməsi ilə
bağlı bütün texniki imkanları yaradıb. Bu da öz növbəsində növbəti mərhələdə
digər məhsulların elektronlaşmasının stimullaşdırılmasına təkan verən amildir”.
Ekspertin fikrincə, hazırda Mərkəzi Bank tərəfindən müəyyən normativ
sənədlərlə bağlı işlərin həyata keçirəcəyi gözlənilir:
“Bu da ilk növbədə korporativ idarəetmə standartlarına yenidən baxılması və
sığorta şirkətlərində korporativ idarəetmənin müasir standartlara çatdırılması,
habelə bu gün Avropa dövlətlərinin tətbiq etdiyi standartların yerli sığorta
şirkətlərində korporativ idarəetməyə tətbiq olunmasından ibarətdir. Hesab
edirəm ki, bu tədbirlər həyata keçirildikdən sonra yeni-yeni nəticə və uğurlar
qeydə alınacaq.
Növbəti mərhələdə maarifləndirmə tədbirlərinin daha da genişləndirilməsini və
sığorta şirkətlərinin bu prosesə qatqılarının daha da artırılmasını gözləyirəm.
Yerli sığorta bazarında mövcud potensialdan tam istifadə olunmadığını nəzərə
alaraq hesab edirəm ki, bu proses kütləviləşəcəyi təqdirdə biz sığorta
bazarının bugünkü potensialından tam istifadə etmiş olacağıq. Bu aktivlik və
kütləvilik təmin olunacağı halda çox qısa bir müddətdə biz bir milyardlıq yığım
göstəricisini həcmində 2-2,5 dəfə artıra bilərik”.