2017-ci ilin yanvar-dekabr ayları üzrə tədiyyə balansının ümumi profisiti 1,6 mlrd. dollar təşkil edib.
ÇıxışYolu.Com APA-ya istinadən xəbər verir ki, bu həm neft qiymətinin 26% bahalaşması, həm makroiqtisadi və maliyyə sabitliyinin təmin olunması istiqamətində həyata keçirilən tədbirlər nəticəsində qeyri-neft sektoru üzrə cari əməliyyatlar balansında (CƏB) yaranmış müsbət tendensiyalar, həm də neft-qaz sektoru üzrə layihələrin xarici kreditlərlə maliyyələşməsi hesabına baş verib.
Qeyri-neft sektoru üzrə CƏB-in kəsiri isə ötən ilin müvafiq dövrünə nəzərən 1% (56 mln. dollar) azalaraq 5,7 mlrd. dollar olub.
2017-ci ilin yanvar-dekabr aylarında cari əməliyyatlar hesabında 1,7 mlrd. dollar məbləğində profisit yaranıb, o cümlədən neft-qaz sektoru üzrə profisit 7,4 mlrd. dollar məbləğində olub.
Neft-qaz sektoru üzrə CƏB profisiti ötən ilin müvafiq dövrünə nisbətən 3 mlrd. dollar artdığı halda, qeyri-neft sektoru üzrə CƏB kəsiri isə 56 mln. dollar azalıb.
Neft-qaz sektorunun profisiti qeyri-neft sektoru üzrə cari hesabın 5,7 mlrd. dollar məbləğində kəsirini tam örtüb.