Azərbaycanın Türkiyəyə göndərdiyi humanitar yardım Kahramanmaraşa çatıb – FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Azərbaycandan Türkiyəyə göndərilən iki TIR humanitar yardım Kahramanmaraş
bölgəsinə çatıb.
Bu barədə Diasporla İş üzrə Dövlət Komitəsi məlumat yayıb.
Yardımın təqdimetmə mərasimində iştirak etmək üçün Diasporla İş üzrə Dövlət
Komitəsi sədrinin I müavini Valeh Hacıyev, ADDF-nin icraçı direktoru Əkrəm
Abdullayev və içraçı direktorun müavini Şahin Camalov Kahramanmaraşa səfər
ediblər. İçərisində yorğan, adyal, kondisioner, isidici və yemək bişirmək üçün
sobalardan ibarət olan iki TIR Kahramanmaraş rayon Afet ve Acil Durum (AFAD)
Müdürlüyünə təqdim olunub.
Səfər çərçivəsində AFAD başqan yardımcısı Hamza Taşdelen, Kahramanmaraş
valisinin müavini Emre Cebeci, AFAD Kahramanmaraş il müdiri Tayfun Temur,
müdirliyin əməkdaşları və zəlzələdən əziyyət çəkmiş yerli sakinlərlə görüş
keçirilib.
Tədbiri giriş sözü ilə açan AFAD başqan yardımcısı Hamza Taşdelen Azərbaycan
dövlətinin zəlzələdən dərhal sonra ilk yardıma gələn dövlətlərdən olduğunu
vurğulayıb. O, Azərbaycan Prezidentiİlham Əliyevin, Birinci vitse-prezident
Mehriban xanım Əliyevanın hər zaman Türkiyə xalqının yanında olduğunu qeyd edib
və göndərilən yardımlar haqqında məlumat verib. Türkiyə Cümhuriyyətinin
köməyinə ilk gəlib çatan və son tərk edən xilasedicilərin də məhz Azərbaycandan
olduğunu qürur hissi ilə qeyd edən H.Taşdelen Azərbaycan xalqına və ölkə
rəhbərliyinə öz təşəkkürünü bildirib.
Diasporla İş Üzrə Dövlət Komitəsi sədrinin I müavini Valeh Hacıyev bildirib
ki, yardım kampaniyaları Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin
və Birinci vitse-prezident Mehriban Əliyevanın tapşırıqlarının icrası
istiqamətində görülən işlərin bir hissəsidir. Bu sahədə fəaliyyət göstərən
bütün dövlət qurumları, o cümlədən Diasporla İş üzrə Dövlət Komitəsi Türkiyənin
yanında olmaqda davam edəcək.
Xatırladaq ki, Azərbaycan hökumətinin dəstəyi ilə ADDF cari ilin aprel ayında
Türkiyə-Azərbaycan Dərnəkləri Federasiyası ilə birlikdə Kahramanmaraşda
zəlzələdən zərər çəkmiş 2 600-dən çox ailəyə ərzaq yardımı, avqust ayında isə
yeni tədris ilinin başlanması ilə əlaqədar olaraq Hatay və ətraf bölgələrdə
1-ci sinfə gedəcək şagirdlərə dəstək üçün 3000 məktəbli dəstindən ibarət
humanitar yardım göndərib.
ADDF tərəfindən göndərilən yardımlar Azərbaycan Respublikasının Prezidenti
cənab İlham Əliyevin tapşırığına uyğun olaraq, Türkiyə Respublikasında baş
vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılması, zəlzələdən
zərərçəkənlərin həyatlarının yüngülləşdirilməsi və ehtiyaclarının ödənilməsi
məqsədilə dövlətimizin həyata keçirdiyi uzunmüddətli kampaniyanın tərkib
hissəsidir.