Azərbaycanın Xalq artistinə vəzifə verildi
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Heydər Əliyev Sarayının tabeliyində fəaliyyət göstərən Niyazi adına Dövlət
Simfonik Orkestrinin bədii rəhbər-baş dirijoru vəzifəsinə təyinat olub.
“Report” xəbər verir ki, mədəniyyət naziri Adil Kərimlinin müvafiq əmrinə
əsasən, tanınmış dirijor, Xalq artisti Yalçın Adıgözəlov həmin vəzifəyə təyin
edilib.
Qeyd edək ki, Y.Adıgözəlov 4 noyabr 1959-cu ildə Bakı şəhərində görkəmli
bəstəkar, Xalq artisti Vasif Adıgözəlovun ailəsində anadan olub. 1982-ci ildə
Azərbaycan Dövlət Konservatoriyasını (indiki Bakı Musiqi Akademiyası) piano
ixtisası üzrə (professor R.Atakişiyevin sinfi) bitirib. 1984-1989-cu illərdə
N.A.Rimski-Korsakov adına Leninqrad (Sankt-Peterburq) Konservatoriyasında
professor İlya Musinin sinfində opera və simfonik orkestr dirijorluğu ixtisası
üzrə təhsil alıb. 1990-1992 illərdə Vyana Musiqi Akademiyasının aspiranturasın
bitirib.
1989-cu ildən Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin
dirijoru, 1991-1998-ci illərdə bədii rəhbər və baş dirijoru vəzifəsində
çalışıb. 2000-ci ildən Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının
dirijorudur. O, eyni zamanda uzun illərdir Ü.Hacıbəyli adına Bakı Musiqi
Akademiyasında pedaqoji fəaliyyətlə məşğul olur. Dirijorluq kafedrasının
professorudur.
Azərbaycan mədəniyyətinin inkişafında xidmətlərinə görə 2007-ci ildə “Əməkdar
incəsənət xadimi”, 2012-ci ildə “Xalq artisti” fəxri adına və 2019-cu ildə
“Şöhrət” ordeninə layiq görülüb.