78306922-663b-46d9-969f-0dd2fd7e6525..jpg

Azərbaycanın yeniyetmələr arasında olimpiya çempionu həbs edilib

Baxış sayı: 953 dəfə baxılıb.

Azərbaycanın yeniyetmələr arasında olimpiya çempionu həbs edilib

Azərbaycanın tanınmış güləşçisi, yeniyetmələr arasında olimpiya çempionu, I
Avropa Oyunları, Avropa və dünya mükafatçısı Elman Muxtarov həbs edilib.

“Report”un əldə etdiyi məlumata görə, onun barəsində Cinayət Məcəlləsinin
quldurluq və qəsdən sağlamlığa yüngül zərər vurma maddələri ittiham irəli
sürülüb.

İstintaq materialında qeyd edilib ki, E.Muxtarov 2022-ci ilin iyul ayının
12-də paytaxtın Nizami rayonu ərazisində yaxın münasibətdə olduğu Günay
Əliyevanın (ad-soyad şərti) həyat yoldaşı Zamiq Əliyevin (ad-soyad şərti) üz
nahiyəsinə bıçaqla xəsarət yetirib.

Bundan başqa, o, həmin ilin sentyabr ayının 6-da Z.Əliyevin oğlu Dadaş Əliyevi
(ad-soyad şərtidir) yaşadığı binanın qarşısında izləyib. D.Əliyev evə daxil
olan zaman Elman da mənzilə soxulub. Bu zaman Z.Əliyev də evdə olub. İttiham
aktına görə, evə basqın edən idmançı Z.Əliyevə yumruq zərbələri endirib,
bıçaqla hədələyib. Daha sonra E.Muxtarov evdən 2 min 800 manat pulu götürərək
hadisə yerini tərk edib.

Hadisə barədə zərərçəkmiş hüquq-mühafizə orqanlarına müraciət edib. E.Muxtarov
polis əməkdaşları tərəfindən saxlanılıb və Nizami Rayon Məhkəməsinin qərarı ilə
onun barəsində həbs qətimkan tədbiri seçilib.

E.Muxtarov istintaq zamanı özünü təqsirli bilməyib. Onun sözlərinə görə, uzun
müddətdir ki, G.Əliyeva ilə yaxın münasibətdə olub, tez-tez onunla görüşüb.

O, ifadəsində deyib ki, Z.Əliyev ona qarşı nalayiq ifadələr işlətdiyi üçün
kişini yaxınlıqda işlədiyi bazarda tutaraq bıçaqla vurub. Bildirib ki, bir
müddət sonra Günayla parkda görüşən E.Muxtarov qadının mobil telefonunu
lombarda girov qoyaraq pul götürüb. Həmin pulu isə mərc oyununda uduzub.

Xatırladaq ki, E.Muxtarov uzun illər güləş üzrə Azərbaycan yığmasının üzvü
olub. 2010-cu ildə Sinqapurda keçirilən Yeniyetmələrin Olimpiya Oyunlarında
qızıl, 2015-ci ildə Bakıdakı Avropa Oyunlarında bürünc medal qazanıb. O,
sonuncu dəfə 2019-cu ildə Qazaxıstanda güləş üzrə dünya çempionatında yarışıb.
Daha sonra karyerasını başa vurub.

Source link