61834a9a-c26a-4fda-8f19-c20c734fc521..jpg

Azərbaycanın yer almadığı Brüssel görüşündə hər hansı sülh gündəliyinin müzakirəsi absurddur – ŞƏRH

Baxış sayı: 588 dəfə baxılıb.

Azərbaycanın yer almadığı Brüssel görüşündə hər hansı sülh gündəliyinin
müzakirəsi absurddur – ŞƏRH
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Aprelin 3-də ABŞ Dövlət katibi Antoni Blinken Azərbaycan Respublikasının
Prezidentiİlham Əliyevə zəng edib .

Antoni Blinken aprelin 5-də ABŞ, Avropa İttifaqı və Ermənistan arasında
keçiriləcək üçtərəfli görüşün Azərbaycan tərəfdə narahatlıq doğurduğuna dair
xəbərlər aldığını və bu xüsusda Prezident İlham Əliyevlə danışaraq məsələyə
aydınlıq gətirilməsini vacib hesab etdiyini deyib.

Antoni Blinkenin Prezident İlham Əliyevə zəng edərək mövqelərini izah etməyə
çalışması Prezidentin qlobal müstəvidə nüfuzunun və çəkisinin göstəricisidir.
ABŞ Dövlət katibi çox yaxşı başa düşür ki, Qafqaz regionu üçün nəzərdə tutulan
hər hansı bir plan Azərbaycanla razılaşdırılmadan reallaşdırıla bilməz.

Azərbaycan tərəfi 5 aprel görüşünün keçirilməsinə qarşı çıxsa da, Qərb bu
məsələdə öz gündəliyini irəli aparmaqda israrlıdır. Hələ Blinkenin telefon
zəngindən əvvəl Azərbaycanın Xarici İşlər Nazirliyi görüşlə bağlı bəyanat
yayaraq bildirib ki, Avropa İttifaqı və ABŞ tərəfindən bu kimi fəaliyyətlər
açıq şəkildə birtərəfli və qərəzli xarakter daşıyır və ikili standart
yanaşmasına əsaslanır. Həmçinin, qeyd olunub ki, sözügedən konfrans tam şəffaf
şəkildə keçirilmir, regional inklüzivlikdən məhrumdur və regionda təşviq edilən
və çox ehtiyac duyulan etimad quruculuğuna və inteqrasiyaya ziddir. Bu konfrans
erməni tərəfini xoş niyyətlə danışıqlara sövq etmək əvəzinə, regionda yeni
bölücü xətlər və dırnaqarası təsir dairələri yaradır.

Prezident İlham Əliyev də bugünkü telefon söhbətində qeyd edib ki, onda olan
məlumata görə üçtərəfli görüşə hazırlıq prosesində Ermənistana hərbi dəstək və
birgə hərbi təlimlərin keçirilməsi, Azərbaycan ilə sərhədyanı ərazilərdə hərbi
infrastrukturun yaradılması, Avropa İttifaqının Avropa sülh mexanizmi xətti ilə
və ABŞ büdcəsi hesabına Ermənistanın silahlandırılması kimi məsələlər də
müzakirə olunub. Dövlətimizin başçısı anti-Azərbaycan mahiyyəti daşıyan bu kimi
addımların, o cümlədən Fransa tərəfindən də Ermənistanın silahlandırılması
siyasətinin regionda silah yarışına rəvac verdiyini və təxribatlara gətirib
çıxaracağını vurğulayıb.

Dövlət başçısının qənaətinə görə, aprelin 5-də keçirilməsi planlaşdırılan ABŞ,
Avropa İttifaqı və Ermənistan üçtərəfli görüşünün qeyri-şəffaf hazırlanması,
qeyri-inklüziv xarakter daşıması və Azərbaycanın haqlı iradlarına baxmayaraq
təxirə salınmaması Cənubi Qafqazda sülhə, əməkdaşlığa deyil, ayırıcı xətlərin
və nəticə etibarilə gərginliyin yaranmasına gətirib çıxaracaq.

Antoni Blinken 5 aprel görüşünün Azərbaycana qarşı olmadığını vurğulasa da,
Rusiya, Türkiyə, ən əsası Azərbaycan tərəfinin yer almadığı görüşdə hər hansı
sülh gündəliyinin müzakirəsi absurd görünür. Sözügedən görüş və yazılmış
ssenari Ermənistanın tam şəkildə Qərbin sərəncamına verilməsini nəzərdə tutur.
Bu ölkə 30 il ərzində regionda Rusiyanın platsdarmı olub, indi isə Fransa başda
olmaqla, Qərbin hərbi meydanına çevrilir. Bütün bu proseslər isə İranın
susqunluğu şəraitində baş verir. İran sərhədlərində ABŞ və Avropa İttifaqının
hərbi bazasının qurulduğunu görmür.

Azərbaycan regionda yeni reallıq və status-kvo yaradıb. Öz hərbi gücü hesabına
44 günlük Vətən müharibəsi, eləcə də antiterror tədbirlərində qazandığı qələbə
ilə öz suverenliyini bərpa edərək bölgədə yeni reallıqlar yaradıb. Qərb və
Ermənistanın havadarları bununla barışmaq istəmir və Ukrayna cəbhəsi kimi
Cənubi Qafqazda ikinci cəbhə, eləcə də yeni ayırıcı xətlər yaratmağa
çalışırlar. Gürcüstan da bu məsələlərlə bağlı öz mövqeyini bəlli etməli,
Azərbaycanla birlikdə olmalıdır. Təəssüf ki, bu ölkənin hakimiyyəti qərbpərəst
xətti yürüdür. Rusiya Ermənistanda gedən proseslərlə heç vaxt barışmayacaq.
Rusiya Ukraynada uzun müddət gözləmə mövqeyində olduğu üçün keçmiş müttəfiqini
itirdi və indiki vəziyyətə düşməli oldu.

Qərb Ermənistanı ikinci Ukrayna və ya Suriyaya çevirir. Regionda yaranmış yeni
reallıqlar Ermənistanı ən zəif duruma salır. Bu ölkə qərbə çox bel bağlasa da,
yarı yolda qalacaq. Müstəmləkələrini itirməkdə olan Fransa bu proseslər fonunda
yenə də itirməyə davam edir. Bu ölkənin Qafqaz siyasətində qeyri-balanslı
mövqeyi, Ermənistanda revanşist qüvvələrə dəstək verməsi İrəvanı uçuruma
aparır. Qərbin məkrli planı Ermənistanı Əfqanıstan və Suriya kimi barıt
çəlləyinə, terrorçuların, narkotacirlərin cəmləşdiyi məkana çevirəcək.

Azərbaycan regionda öz problemini həll edib, ərazi bütövlüyü və suverenliyini
təmin edib. Bu regionda yeni münaqişə ocaqlarının yaranmasına, Ermənistanın
xarici havadarlarının fitvası ilə yenidən təxribatlar törətməsinə imkan
verilməyəcək.

“Report” İnformasiya Agentliyi

Source link