“Azərbaycanın Zəfəri separatçılıqdan əziyyət çəkən xalqlara haqq-ədalət
nümunəsidir” – ŞƏRH + FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
“Bu il Zəfər bayramını tamamilə fərqli əhvali-ruhiyyədə qeyd edirik. Çünki bu
il oktyabrın 15-də Prezidentİlham Əliyev Xankəndidə Azərbaycan Respublikasının
dövlət bayrağını ucaltdı və millətimizə oradan müraciət etdi”.
Bununla bağlı Cixisyolu.com-a tarixçi-deputat Musa Qasımlı deyib. Millət vəkili qeyd
edib ki, bu hadisə müstəqilliyin əldə edilməsindən sonra ilk dəfə dövlət
suverenliyimizin tamamilə bərpa olunmasının sübutu idi:
“Ona görə hesab edirəm ki, 15 oktyabr tarixi də mübarək bir gündür. Bundan
əvvəl 2023-cü il aprelin 23-də Laçında, Həkəri çayının üstündəki körpüdə sərhəd
keçid məntəqəsinin qurulması ilə 1991-ci ildən bəri ilk dəfə olaraq dövlət
sərhədlərimizin üzərində tam nəzarəti qurmuş olduq. Bunu da müstəqillik
tariximizdə bir ilk olaraq qəbul edə bilərik.
2020-ci il noyabrın 8-də Şuşa şəhərinin işğaldan azad edilməsi ilə düşmən
ərazilərimizdən qovuldu. Azərbaycan işğalçı Ermənistana zərbə endirdi.
Qazandığımız qələbənin memarı, heç şübhəsiz, Müzəffər Ali Baş Komandanımız və
rəşadətli ordumuz idi. Torpaqları qarış-qarış düşməndən azad edən, həyatlarını
qurban verən şəhidlərimizə Allah rəhmət eləsin. Qazanılan qələbə təkcə
Ermənistan və dünya erməniliyi üzərində qazanılmayıb. Bu zəfər eyni zamanda,
Ermənistanı müdafiə edən ölkələrin üzərində də qazanılıb. Elə ona görə də, bu
gün dünyanın müxtəlif ölkələrində, parlamentlərində, bəzi təşkilatlarda
əleyhimizə qərarlar qəbul edilir. Bu o deməkdir ki, Azərbaycan həmin qərarların
qəbul edildiyi beynəlxalq təşkilatlar, dövlətlər, rəhbərlər üzərində də qələbə
qazanıb. Biz tarixi günlər yaşayırıq”.
Deputatın fikrincə, Zəfər sadəcə torpaqların azad edilməsi, sərhədlərimizdə
dövlət nəzarətinin qurulması və ərazimizdə dövlət suverenliyinin yaradılması
ilə məhdudlaşmır. Bu qələbə millətimizin qarşısında yeni üfüqlər açır:
“8 Noyabr Azərbaycan tarixində yeni bir mərhələnin başlanğıcı deməkdir. Bu
qələbə Cənubi Qafqazda bütün şəraitə təsir göstərir, separatçılıqdan əziyyət
çəkən xalqlara və ölkələrə çıxış yoludur, dünyada haqsızlığa uğrayan
ədalətsizlikdən əziyyət çəkən xalqlara haqq-ədalət nümunəsidir. Bu qələbə
xeyrin şər üzərində, işığın qaranlıq üzərində qələbəsidir. Bu gün
azərbaycanlılar dünyanın bütün ölkələrində başlarını dik tutaraq gəzirlər,
millətimizin üstündən ləkə silinib. Qazanılan qələbədən alınan başlıca
dərslərdən biri ondan ibarətdir ki, millətimizin qarşısına qoyduğu hədəflərə
çatmağın təməlində qüdrətli dövlət rəhbəri və güclü dövlət, güclü ordu,
xalq-prezident birliyi dayanır”.
Aysel Aslan