“Son zamanlar Ermənistanla Azərbaycan arasında sülh danışıqlarında müəyyən
irəliləyişlər olsa da, müxtəlif nikbin bəyanatlar səsləndirilsə də, COP29-a
qədər sülh müqaviləsinin imzalanması ehtimalı aşağıdır”.
Bunu Cixisyolu.com-a açıqlamasında siyasi şərhçi Sahil Kərimli deyib.
Onun sözlərinə görə, COP29-un keçirilməsinə sayılı günlər qalıb, lakin
Azərbaycanın haqlı tələblərinin Ermənistan tərəfindən reallaşdırılması və
müsbət cavab verilməsi mümkün görünmür:
“Azərbaycan ilk növbədə Ermənistan Konstitusiyasına dəyişiklik etməklə bağlı
haqlı və ədalətli tələblər irəli sürür. Bu da ondan irəli gəlir ki, Ermənistan
öz konstitusiyasında Azərbaycan və Türkiyəyə qarşı ərazi iddiaları ilə çıxış
edir, bu isə qəbuledilməzdir. Əgər belə iddialar varsa, biz dayanıqlı, ədalətli
və uzunmüddətli sülhdən danışa bilmərik”.
“Eyni zamanda, sərhədlərin delimitasiya və demarkasiya prosesinin
sürətləndirilməsi, bölgədə nəqliyyat və kommunikasiya xətlərinin açılması da
Azərbaycanın haqlı tələbləri sırasındadır. Ermənistan bu tələbləri də yerinə
yetirmək niyyətində görünmür. Belə olduğu halda, təbii ki, Azərbaycanın Cənubi
Qafqazda uzunmüddətli sülh və təhlükəsizlik istəklərinin Ermənistan tərəfindən
ləngidilməsi davam edir, buna görə də sülh müqaviləsinin imzalanması real
görünmür” ,- deyə müsahibimiz əlavə edib.
Xəzər Strateji Araşdırmalar İnstitutunun baş direktoru, rusiyalı ekspert İqor
Korotçenko isə Cixisyolu.com-a açıqlamasında bildirib ki, Ermənistan və Azərbaycan
arasında sülh müqaviləsinin imzalanmasından yalnız o zaman danışmaq olar ki, bu
müqavilə həqiqətən imzalansın:
“Lakin İrəvanın mövqeyi Azərbaycana ən mühüm prinsipial məsələlər üzrə
razılığın əldə edilmədiyi natamam müqaviləni qəbul etdirməkdir. Azərbaycan belə
yarımçıq müqaviləni imzalayacaqmı? Məncə, yox”.
O bildirib ki, Bakının mövqeyi ondan ibarətdir ki, müqavilənin bütün bəndləri
tam və birmənalı şəkildə razılaşdırılmalı və vaxtilə irəli sürülən beş əsas
prinsipə əsaslanmalıdır:
“Ermənistan isə yalnız bu günə qədər görülən işlər üzərində dayanır. Bu,
Ermənistanı və onun Qərbdəki himayədarlarını qane etsə də, Azərbaycanı qane
etməyəcək”.
“COP29 iqlim sammiti çərçivəsində və ya ondan əvvəl bu sazişin imzalanmasına
gəlincə, burada yenə də hər şey Ermənistanın Azərbaycanın təklif etdiyi bütün
bəndlərə nə dərəcədə razı olmasından asılıdır. Hazırda biz Qərb ölkələri,
xüsusilə də Azərbaycanı Ermənistanla mümkün qədər tez sülh müqaviləsi bağlamağa
təzyiq göstərməyə çalışan ABŞ Prezidenti Cozef Bayden administrasiyası
tərəfindən təzyiq görürük. Lakin bir daha təkrar edirəm, bizim fikrimizcə,
kimin necə təzyiq göstərməsindən asılı olmayaraq, Azərbaycan öz milli
maraqlarına uyğun hərəkət edəcək. Bu baxımdan, Paşinyanın COP29-a gəlişi də
Azərbaycanın natamam sülh müqaviləsini imzalamasına razılıq verməsi üçün şantaj
və ya təzyiq cəhdi kimi uğursuz olacaq”, – deyə ekspert vurğulayıb.
Onun sözlərinə görə, Ermənistan Fransa, Niderland və digər Avropa ölkələri,
eləcə də Şimali Amerikadakı tərəfdaşları ilə birlikdə COP29 ətrafında maksimum
mənfi informasiya fonu yaratmağa çalışır:
“Halbuki Azərbaycan şantaj ediləcək ölkə deyil. Paşinyan Bakıya gəlməsə,
dəhşətli heç nə baş verməyəcək. Əgər gələrsə, o, Azərbaycanın təklif etdiyi
şərtlərlə sülh müqaviləsini imzalamağa borcludur. Çünki Azərbaycanın təklifi
ədalətlidir, fundamental prinsiplərə əsaslanır və uzunmüddətli dayanıqları var”.
“Hər halda hələ müəyyən vaxt qalır, lakin COP29-un başlamasına bir neçə gün
qalmış Paşinyanın qəfildən ayılıb komandası ilə həll olunmamış məsələləri
razılaşdıracağını gözləmək ehtimalı çox azdır. Ona görə də real siyasətdən
çıxış etmək lazımdır. Azərbaycan bütün Cənubi Qafqazın təhlükəsizliyi üçün
güclü və səmərəli ölkədir. Düşünürəm ki, bu, artıq heç kimin dəyişə bilməyəcəyi
bir reallıqdır”, – Korotçenko fikrini yekunlaşdırıb.
Siyasi şərhçi Məhəmməd Əsədullazadə isə bildirib ki, Azərbaycanla Ermənistan
arasında sülh müqaviləsinin mətni demək olar ki, hazırdır:
“Texniki məsələlər razılaşdırılır. Kazanda keçirilən ikitərəfli görüş çox
səmərəli oldu və sülh üçün yaxşı imkanlar yaratdı. ABŞ Prezidenti Cozef
Baydenin dəstək məktubu və Rusiyanın neytral qalması ikitərəfli danışıqların
müsbət istiqamətdə inkişafına stimul verdi. Kazanda iki saatdan artıq
danışıqlar aparıldı. Xarici işlər nazirləri tam mətni yekunlaşdırmaq üçün
tapşırıqlar aldılar. Sərhədlərin delimitasiyası və demarkasiyası barədə
əsasnamə və reqlament hər iki tərəf tərəfindən təsdiq edildi”.
“Lakin COP29-a az qalır. Düşünürəm ki, sülh müqaviləsi imzalana bilər. Amma bu
proses dərhal yox, ilin sonunda da baş tuta bilər. Sülh müqaviləsi
dövlətlərarası diplomatik əlaqələrin qurulması, ərazi bütövlüyünün qarşılıqlı
tanınması, nəqliyyat və kommunikasiya yollarının qarşılıqlı açılması, gələcəkdə
bir-birlərinə hücum etməmək kimi əsas tezislərə əsaslanır”,- Əsədullazadə deyib.
Onun fikrincə, Ermənistan COP29-da iştirak edəcək:
“Hətta xarici işlər naziri Ararat Mirzoyanın da iştirakı mümkündür. Lakin
Ermənistan COP29 ərəfəsində erməni diversantların azad edilməsini xahiş edir.
Bu kimi məsələlər problem yaradır. Hesab edirəm ki, Azərbaycan bu dəfə də
qarşılıqlı etimadı gücləndirmək və sülh üçün mümkün addımlar atacaq”.
Mərahim Nəsib