Azərbaycanla Ermənistana yaxın olan sülh: Birbaşa təmaslar bu sevinci
tezləşdirər – ŞƏRH + FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Sülh, sabitlik, əməkdaşlıq, təhlükəsizliyin və rifahın əsasıdır. Torpaqları
işğal altında olanda da, müharibədən sonra da rəsmi Bakı daim sülh çağırışları
edib, hətta bu istiqamətdə İrəvana təkliflər göndərib.
Azərbaycanın bu istəyi olmasa idi, 1994-cü il mayın 12-də atəşkəsə dair Bişkek
protokolu imzalanmazdı. Həmin sənəd Qarabağ müharibəsi vaxtı cəbhə bölgəsində
atəşkəsi nəzərdə tutan, bir növ, siyasi müraciət və ya sülhə çağırış məqsədi
daşıyırdı. Bu bir daha sübut edir ki, torpaqları işğal altında olanda da rəsmi
Bakı münaqişənin sülh yolu ilə həllinin tərəfdarı olub.
Azərbaycan ərazi bütövlüyünü və suveren hüquqlarını bərpa edəndən sonra da
Ermənistana bir sıra ismarışlar göndərib. Ancaq qarşı tərəf torpaqları geri
qaytarmaq əvəzinə, müxtəlif bəhanələrlə sülh sazişi və sərhədlərin
müəyyənləşməsi prosesini daim uzadıb. Kommunikasiya xətlərinin açılmasını
müxtəlif bəhanələrlə əngəlləyib.
Heç şübhəsiz, Ermənistanın bu istiqamətdə əməli addımlar atmasında
havadarlarının və iki ölkə arasında birbaşa münasibətlərin qurulmasına qarşı
olanların da əli var.
İlk növbədə, Azərbaycanla Ermənistan arasında sərhədyanı əraziyə Avropa
İttifaqı Mülki Müşahidə Missiyasının cəlb edilməsi tərəflərin bir-birinə
inamına əngəl olan başlıca maneədir.
Fevralın 12-də Ermənistanda həmin missiyanın olduğu ərazidən Azərbaycan
mövqelərinin atəşə tutulması rəsmi İrəvanın ölkədəki silahlı qüvvələrə tam
nəzarət edə bilmədiyinin göstəricisi kimi dəyərləndirilə bilər.
Münhen təhlükəsizlik konfransı çərçivəsində Almaniya Kansleri Olaf Şoltsun
moderatorluğu ilə Azərbaycan Prezidentiİlham Əliyevlə Ermənistanın baş naziri
Nikol Paşinyan arasında təkbətək görüşün keçirilməsi də rəsmi Bakının sülhün
əldə edilməsi istəyindən xəbər verir. Həmin görüşün davamı olaraq fevralın
28-29-da iki ölkənin xarici işlər nazirləri – Ceyhun Bayramov və Ararat
Mirzoyan – Almaniyanın paytaxtı Berlində ikiraundlu görüş keçiriblər.
Görüşdə “Sülh və dövlətlərarası münasibətlərin qurulması haqqında ikitərəfli
saziş” müzakirə olunub.
Bu görüşlərdən sonra baş verən hadisələr də tərəflər arasında yaxınlaşma
ehtimalını artırır. Nazirlərin görüşdükləri gün Azərbaycan Ordusunun əsgəri
Ruslan Pənahovun azaraq Ermənistan ərazisinə keçməsi və İrəvan tərəfinin ona
qarşı əsassız ittihamlarla məhkəmə qurması vəziyyəti ağırlaşdırmışdı. Ancaq
martın 5-də əsgərin qaytarılması bu gərginliyin azalmasına təsir göstərdi. O da
sonradan məlum oldu ki, belə hallarda əsgərlərin qaytarılmasına dair tərəflər
arasında 2018-ci ildən əvvəl razılıq əldə edilib. Ermənistan çox nadir hallarda
üzərinə götürdüyü öhdəlikləri yerinə yetirir. Bu hadisə rəsmi Bakının İrəvana
etimadının yaranmasına səbəb ola bilər.
Son günlər regionda baş verən hadisələr, Nikol Paşinyan başda olmaqla
Ermənistan rəsmilərinin çıxışlarındakı bəzi məqamlar rəsmi İrəvanın da sülh
sazişinə can atdığını göstərir.
Prezident İlham Əliyev “Parçalanmış dünyanın bərpası” mövzusunda XI Qlobal
Bakı Forumunda çıxışı zamanı iki ölkə arasında sülhə dair mühüm açıqlama verib:
“İndi biz Ermənistanla sülhə heç vaxt görünmədiyi qədər yaxınıq”. Dövlət
başçısının bu çıxışı həm rəsmi İrəvana, həm də onun havadarlarına, habelə
prosesə mane olan qüvvələrə çağırış, ismarışdır: “Cənubi Qafqazda müstəqillik
tarixində sülh bu qədər yaxın olmayıb. Bu da İkinci Qarabağ müharibəsinin
nəticəsidir”.
Dövlət başçısı beynəlxalq ictimaiyyətə onu da çatdırıb ki, sülhü bu qədər
yaxın edən Azərbaycandır. Başqa sözlə, vasitəçilərin 30 illik fəaliyyəti isə
daha çox qarşıdurmaya, işğal müddətinin uzanmasına və başqa bu kimi məsələlərə
xidmət edib. Odur ki, Azərbaycan Prezidenti beynəlxalq ictimaiyyəti bu
istiqamətdə fəallıq göstərməyə çağırıb. Çünki yaranmış vəziyyətdən sülh
sazişinin imzalanması, sərhədlərin müəyyənləşməsi, normallaşma prosesi üçün
istifadə edilməzsə, üçüncü qüvvələr vəziyyəti yenə gərginləşdirə bilərlər.
Yeri gəlmişkən, Ermənistana qarşı açıqlamalar verən tərəf də yox deyil. Böyük
Britaniyanın Baş naziri Rişi Sunak da forum iştirakçılarına ünvanladığı
məktubda sülh məsələsinə toxunaraq bildirib ki, Ermənistan-Azərbaycan
münaqişəsinə son qoymaq üçün tarixi fürsət var. Onun sözlərinə görə, bu ilin
noyabrında sülh sazişi imzalandığını görmək sevindirici olardı.
Krallığın hökumət başçısı Azərbaycanla münasibətlərin inkişaf etdiyini
vurğulayaraq deyib: “BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının
Tərəfləri Konfransının 29-cu sessiyasında (COP29) Britaniya Azərbaycanın
yanında olacaq”. Rişi Sunak açıqlaması ilə rəsmi Bakının sülh təşəbbüslərini
dəstəklədiyini də çatdırıb.
ABŞ də dünyanın aparıcı gücü olaraq prosesdən kənarda qalmayıb. Ştatların
Qafqaz danışıqları üzrə baş müşaviri Lui Bono bu həftə Azərbaycana səfər edəcək.
Məlumata görə, o, Bakı və İrəvan arasında dayanıqlı sülh sazişinin əldə
edilməsi səylərini müzakirə edəcək. Qeyd edək ki, L.Bono İrəvanda Ermənistan
xarici işlər naziri Ararat Mirzoyan və başqa rəsmilərlə görüşərək Azərbaycanla
Ermənistan arasında münasibətlərin normallaşmasına dair məsələləri müzakirə
edib.
Beynəlxalq güclərin Azərbaycanla Ermənistan arasında sülh sazişinin
imzalanmasına göstərdikləri cəhdi müsbət dəyərləndirmək olar. Ancaq onların bu
məsələdə vasitəçiliyi sülh yaranmasına, normallaşma prosesinə daha çox maneə
sayılır. Bunu təsdiqləyən 30 illik təcrübə var. Odur ki, hadisələr rəsmi Bakı
ilə İrəvanın təkbətək, birbaşa danışıqları və görüşlərin daha etibarlı,
səmərəli olduğunu isbatlayır. Azərbaycan və Ermənistan qonşu dövlətlərdir.
Onlar dinc yanaşı yaşamağa məhkumdurlar. Birbaşa təmaslar tərəflərin
problemləri indi və gələcəkdə həll etmələrinin bünövrəsi olar. Perspektivdə iki
ölkə arasında yarana biləcək istənilən problemi həll etmək üçün regiona yenə də
vasitəçilər gələcəklər?! Ölkələrin dayanıqlı və uzunmüddətli sülh şəraitində
yaşaması üçün birbaşa və vasitəçisiz görüşlər bunun üçün başlıca şərt ola bilər.
O da təsdiqlənib ki, bəzi aparıcı güclərin “təhlükəsizliyə təminatçı” adı
atlında fəaliyyəti ara qarışdırmağa xidmət edir. Odur ki, belə layihələri
həyata keçirməyə cəhdlər göstərməkdənsə, birbaşa təmaslara yardım edib, Rişi
Sunak və onun platformasının dəstəklənməsi sülh sazişinin imzalanması sevincini
daha tez yaşadar.
“Report” İnformasiya Agentliyi