“Azərbaycanla Gürcüstan arasında müdafiə və təhlükəsizlik sahəsində əməkdaşlıq
çox vacibdir” – RƏY + FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
“Azərbaycanla Gürcüstan arasında müdafiə və təhlükəsizlik sahəsində əməkdaşlıq
ölkəmiz üçün çox vacibdir. Çünki regionun sabitliyi məhz əməkdaşlıqdan, dostluq
əlaqələrindən asılıdır”.
Bu sözləri Gürcüstan Strateji Planlaşdırma Mərkəzinin rəhbəri, politoloq Levan
Mamaladze “Report”a Azərbaycan Təhlükəsizlik Şurasının katibi Ramil Usubovun
Gürcüstana səfərini şərh edərkən deyib.
“Ölkələrimiz geosiyasi və geoiqtisadi potensialından lazımi şəkildə istifadə
edib, regionu daha da inkişaf etdirməlidir. Böyük dövlətlər Cənubi Qafqazda
yeni münaqişə ocaqları yaratmaq istəyirlər, Ermənistana sülh müqaviləsini
bağlamamaq üçün təzyiqlər göstərirlər. Amma onlar anlamalıdır ki, Qarabağ
məsələsi birdəfəlik öz həllini tapıb”, – deyə politoloq bildirib.
Hərbi məsələlər üzrə ekspert Vaxtanq Maysaya isə deyir ki, Ramil Usubovun
səfəri ölkələr arasında möhkəm strateji tərəfdaşlıq və regional layihələrə
Azərbaycan tərəfdən böyük dəstək verilməsini bir daha sübut edir:
“Orta Dəhlizin açar nöqtələrindən biri olan “Anakliya” dərin özüllü dəniz
limanının tikintisi məsələsi müzakirə mövzularındandır. Burada Gürcüstan qədər
Azərbaycan da çox maraqlıdır. Ona görə də limanın tikintisində Azərbaycanın da
iştirakı məqsədəuyğundur”.
Qafqaz məsələləri üzrə ekspert, politoloq Simon Kopadzenin fikrincə, regionun
inkişafında Azərbaycan və Gürcüstan qədər heç kim maraqlı deyil:
“Ölkələrimiz bir çox layihələr icra edirlər və burada təhlükəsizlik məsələsi
başlıca məqsəddir. Çünki yalnız regionun təhlükəsizliyi inkişafa apara bilər”.
Qeyd edək ki, martın 12-də Azərbaycan Təhlükəsizlik Şurasının katibi Ramil
Usubov Gürcüstanda rəsmi səfərdə olub. Səfər zamanı o, Gürcüstanın Baş naziri,
müdafiə və daxili işlər nazirləri ilə görüşüb.