609ca1c0-04e3-40e8-be77-62a5057c3074..jpg

Azərbaycanla Gürcüstanın müttəfiqlik səviyyəsinə yüksələn strateji tərəfdaşlıq əlaqələri – FOTO

Baxış sayı: 577 dəfə baxılıb.

Azərbaycanla Gürcüstanın müttəfiqlik səviyyəsinə yüksələn strateji tərəfdaşlıq
əlaqələri – FOTO

Bu gün tam əminliklə deyə bilərik ki, Azərbaycanla Gürcüstan arasında
qarşılıqlı faydalı əməkdaşlıq münasibətləri mövcuddur və ölkələrimizin bu
əlaqələri əsl regional əməkdaşlıq nümunəsidir. İki ölkə arasındakı strateji
tərəfdaşlıq münasibətləri mütəmadi surətdə yeni keyfiyyət çalarları ilə
zənginləşməkdədir. Belə ki, bu gün Gürcüstanın Baş naziri İrakli Qaribaşvilinin
Azərbaycana işgüzar səfər etməsi bunu deməyə əsas verir. Bu səfər 2021-ci il
fevralın 22-də Gürcüstanın ikinci dəfə Baş naziri olandan sonra
İ.Qaribaşvilinin ölkəmizə sayca 3-cü səfəri olacaq. Bundan əvvəl o, 2021-ci il
mayın 5-də Azərbaycana rəsmi səfər və 2021-ci il sentyabrın 29-da işgüzar səfər
etmişdi.

AZƏRTAC xəbər verir ki, budəfəki səfərin məqsədi ölkələrimiz arasında yüksək
səviyyədə olan əlaqələrin daha da inkişafına və qarşılıqlı maraq doğuran
sahələrdə əməkdaşlığın gücləndirilməsinə töhfə verməkdir. İkitərəfli
münasibətlərin gündəliyindəki aktual məsələlərin müzakirəsi məqsədilə Gürcüstan
Baş nazirinin Azərbaycan Prezidenti ilə görüşü nəzərdə tutulub.

İki ölkənin münasibətlərinin müttəfiqlik səviyyəsinə qalxmasında Azərbaycan
Prezidentiİlham Əliyevin Gürcüstana səfərləri mühüm rol oynayıb. Azərbaycan
Prezidenti 2022-ci il oktyabrın 24-də Gürcüstana işgüzar səfəri zamanı Mçxeta
rayonundakı Muxrani sarayında Gürcüstanın Baş naziri İrakli Qaribaşvili ilə
təkbətək görüşüb, onunla birgə “Qarabağ xanlığının irsi” sərgisi ilə tanış
olub. Sərgi ilə tanışlıqdan sonra mətbuata bəyanatla çıxış edən dövlətimizin
başçısı bildirmişdi: “Bu gün strateji tərəfdaşlıq əlaqələrimiz demək olar ki,
müttəfiqlik səviyyəsinə qalxıbdır. Çünki bir çox sahələr üzrə biz fəal
əməkdaşlıq edirik. Həm beynəlxalq təşkilatlar çərçivəsində daim bir-birimizi
dəstəkləyirik, eyni zamanda, ikitərəfli formatda. Bir çox önəmli layihələr
təkcə ölkələrimiz üçün deyil, bölgə üçün, bütövlükdə Avropa üçün xüsusi
əhəmiyyət daşıyır”.

Baş nazir İ.Qaribaşvili isə öz növbəsində mətbuata bəyanatında
Gürcüstan-Azərbaycan əməkdaşlığının gələcək nəsillərə ötürülməsinin vacibliyini
vurğulayıb: “Mən Sizin atanızdan, ölkənizin ümummilli liderindən sitat gətirmək
istəyirəm. Onun xatirəsinə bizim dərin ehtiramımız var. O, vaxtilə Gürcüstanda
Tbilisidə olanda demişdi, Azərbaycan və gürcü xalqları xoşbəxtdirlər ki, onlar
qonşu xalqlardır. Bizim əcdadlarımız həmin təmasları yaradıb və bu gün bizim
vəzifəmiz odur ki, həmin əməkdaşlığı irəli aparaq və gələcək nəsillərə ötürək”.

Son dövrlər Azərbaycan Prezidenti İlham Əliyev və Gürcüstanın Baş naziri
İrakli Qaribaşvili beynəlxalq tədbirlərdə də birgə iştirak edirlər. Buna misal
olaraq cari il yanvarın 19-da Davos Dünya İqtisadi Forumunda “Avrasiya Orta
Dəhlizi: Yoldan magistrala” mövzusunda panel iclası və fevralın 18-də Münhen
Təhlükəsizlik Konfransında “Dağları aşmaq? Cənubi Qafqazda təhlükəsizliyin
qurulması” mövzusunda plenar iclası göstərmək olar.

İki ölkə arasında dostluq, əməkdaşlıq və qarşılıqlı təhlükəsizliyin
möhkəmləndirilməsi

Azərbaycanla Gürcüstanı mehriban qonşuluq və tarixi dostluq əlaqələri, siyasi,
iqtisadi, humanitar və digər sahələrdə strateji tərəfdaşlıq əlaqələri
birləşdirir. 1996-cı il martın 8-də imzalanan “Azərbaycan Respublikası ilə
Gürcüstan arasında dostluq, əməkdaşlıq və qarşılıqlı təhlükəsizliyin
möhkəmləndirilməsi haqqında Müqavilə” ölkələrimiz arasında strateji
tərəfdaşlığın təməlini qoyub.

Azərbaycan-Gürcüstan münasibətləri daim yüksək səviyyədə olub. Dövlətlərarası
əlaqələrimizin zəngin tarixi var. İki ölkə arasında diplomatik münasibətlər
1992-ci il noyabrın 18-də qurulub. Keçən il bu münasibətlərin 30-ci ildönümü
qeyd olunub. Ötən illər ərzində qarşılıqlı hörmət və etimad üzərində qurulmuş
Azərbaycan-Gürcüstan əlaqələri dinamik şəkildə inkişaf edib və ölkələrimiz
arasında siyasi, iqtisadi, enerji, mədəni və digər sahələrdə səmərəli
əməkdaşlıq formalaşıb.

Ümummilli lider Heydər Əliyevin və Prezident Eduard Şevardnadzenin dostluq
münasibətləri dövlətlərarası əlaqələrimizi inkişaf etdirməyə əhəmiyyətli
dərəcədə təkan verib. Ali və yüksək səviyyədə çoxsaylı qarşılıqlı səfərlər baş
tutub, indiyədək 118-dən çox sənəd imzalanıb. 1995-ci ildə Gürcüstanın
ölkəmizdə, 1996-cı ildə isə Azərbaycanın Gürcüstanda səfirliyi fəaliyyətə
başlayıb. Həmçinin 2009-cu ildə Gürcüstanın Batumi şəhərində Azərbaycanın Baş
konsulluğu, 2013-cü ildən etibarən isə Gəncə şəhərində Gürcüstanın Baş
konsulluğu açılıb. Gürcüstanın dövlət və hökumət başçıları, müxtəlif rəsmi
nümayəndə heyətləri ölkəmizə mütəmadi səfərlər ediblər. 2022-ci ildə də
ölkələrimiz arasında intensiv yüksək səfərlər təşkil olunub.

Azərbaycan və Gürcüstan arasında beynəlxalq təşkilatlar çərçivəsində də
qarşılıqlı dəstək təcrübəsi mövcuddur. BMT Baş Assambleyasının 2020-ci il
sentyabrın 3-də, 2021-ci il iyunun 17-də və 2022-ci iyunun 8-də keçirilmiş
sessiyalarında “Abxaziya (Gürcüstan) və Cənubi Osetiyadan (Gürcüstan) məcburi
köçkün və qaçqınların vəziyyəti barədə” qətnamələrə dair səsvermə zamanı eyni
məsələ ilə bağlı daha əvvəlki səsvermələrdə olduğu kimi, Azərbaycan sözügedən
sənədin lehinə səs vermişdir.

Regional sülhə və sabitliyə xidmət edən Azərbaycan-Gürcüstan iqtisadi
münasibətləri

Azərbaycan və Gürcüstan arasında iqtisadi sahədə də münasibətlər yüksək
səviyyədədir. 2004-cü ildən etibarən fəaliyyət göstərən İqtisadi əməkdaşlıq
məsələləri üzrə birgə Hökumətlərarası Komissiyanın mütəmadi olaraq iclasları
keçirilir və sonuncu, 9-cu iclası ötən il dekabrın 15-də Tbilisidə keçirilib.
Bu məqsədlə Azərbaycanın Baş naziri Əli Əsədov 2022-ci il dekabrın 14-15-də
Gürcüstana işgüzar səfər edib.

Qeyd edək ki, 2022-ci ildə Gürcüstan Azərbaycanın 13-cü xarici ticarət
tərəfdaşı olub. Həmin ildə iki ölkə arasında ticarət dövriyyəsi 772 milyon ABŞ
dolları təşkil edib. Cari ilin yanvar-fevral aylarında ikitərəfli ticarət
dövriyyəsi 172 milyon dollar olub. Ölkəmizdə Gürcüstan investisiyalı 750
kommersiya qurumu qeydiyyatdadır. Ümumiyyətlə, Azərbaycan Gürcüstanın
inkişafında ən fəal və davamlı investisiya yatıran ölkə kimi mühüm mövqeyə
malikdir. Belə ki, Gürcüstandan Azərbaycana 263 milyon dollar, Azərbaycandan bu
ölkəyə isə 3,4 milyard dollar məbləğində investisiya edilib. Hər iki ölkənin
tarixi İpək yolu üzərində yerləşməsi və birgə irimiqyaslı enerji və nəqliyyat
layihələrinin icra edilməsi regionumuzdan keçən yük axınının həcmini dəfələrlə
artırıb. Azərbaycanla Gürcüstan arasında uğurlu regional əməkdaşlıq
münasibətləri çərçivədə irimiqyaslı qlobal enerji və nəqliyyat-kommunikasiya
layihələrinin (Bakı-Tbilisi-Ceyhan neft boru kəməri, Bakı-Tbilisi-Ərzurum qaz
boru kəməri, Bakı-Tbilisi-Qars dəmir yolu və sair) reallaşdırılması regional
sülhə və sabitliyə xidmət edir. Bu xüsusda yeni bir inkişaf kimi, 2022-ci il
dekabrın 17-də Rumıniyanın paytaxtı Buxarestdə imzalanmış “Azərbaycan
Respublikası, Gürcüstan, Rumıniya və Macarıstan Hökumətləri arasında yaşıl
enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında
Saziş”i qeyd etməliyik. Bu Saziş yeni dünya düzəninin formalaşdığı bir
mərhələdə Avropanın iqtisadi və enerji təhlükəsizliyinin təmin edilməsi prosesi
ilə bağlı zəncirin ən vacib halqalarından biridir. Mühüm əhəmiyyətə malik bu
sənəd hər iki ölkənin yalnız regionda deyil, həmçinin Avropa ölkələri ilə
münasibətlərində etibarlı tərəfdaş olmasının daha bir sübutudur.

Gürcüstandakı soydaşlarımıza Azərbaycan tərəfinin dəstəyi

Humanitar sahədə əməkdaşlığa gəldikdə, Azərbaycan tərəfindən Gürcüstanda
yaşayan soydaşlarımıza edilən dəstək, bu baxımdan Heydər Əliyev Fondunun
gördüyü işlər xüsusi vurğulanmalıdır. Gürcüstanda Fond tərəfindən bir çox
layihələr həyata keçirilib. Heydər Əliyev Fondu, həmçinin gürcüstanlı
soydaşlarımızın durumu ilə daim maraqlanır, burada təhsilin inkişafı, milli
adət-ənənələrimizin qorunub saxlanılmasında borçalılılara böyük dəstək olur.
Xüsusən məktəblərin yenidən qurulmasında Heydər Əliyev Fondunun rolu böyükdür.
Fondun təşəbbüsü ilə Gürcüstanda azərbaycanlıların yaşadıqları bölgələrdə hər
tədris ili ərəfəsində yeni məktəb binalarının istifadəyə verilməsi, yaxud
köhnələrinin əsaslı bərpa olunması artıq ənənəyə çevrilib. Tbilisi şəhərində
Azərbaycanın görkəmli şəxsiyyətlərinin – Mirzə Şəfi Vazehin, Mirzə Fətəli
Axundovun, Həsən bəy Ağayevin və Fətəli xan Xoyskinin qəbirüstü abidələri
yenidən qurulub və xiyaban yaradılıb. Marneuli rayonunun Algeti (Gorarxı) kənd
inzibati dairəsində yerləşən 3 kəndə içməli su xətti çəkilib, Algeti kəndində
XVI əsrə aid qədim məscid bərpa olunub.

Tbilisidə ümummilli lider Heydər Əliyevin adını daşıyan böyük küçə, park və
abidə vardır. Dost ölkədə azərbaycanlılara aid Heydər Əliyev adına Tbilisi
Dövlət Peşəkar Azərbaycan Dram Teatrı, “ERA Teatrı” və yeni yaradılmış “Beez”
uşaq teatrı, M.F.Axundzadə adına Azərbaycan Mədəniyyəti Muzeyi fəaliyyət
göstərir. Bu muzey M.F.Axundzadənin, C.Məmmədquluzadənin və N.Nərimanovun
ev-muzeylərini özündə birləşdirir.

Prezident İlham Əliyev 2015-ci il noyabrın 6-da Gürcüstana səfəri çərçivəsində
burada yaşayan Azərbaycan icmasının nümayəndələri ilə görüşündə soydaşlarımızın
iki ölkə arasında əlaqələrin inkişafındakı rolundan danışıb, xalqlarımızın
əmin-amanlıq şəraitində yaşamasını əldə edilən uğur kimi dəyərləndirib: “Mən
əminəm ki, sizin Gürcüstanda fəaliyyətiniz də Gürcüstan-Azərbaycan əlaqələrinin
inkişafı üçün mühüm rol oynayacaqdır. Çünki Gürcüstanda yaşayan azərbaycanlılar
və Azərbaycanda yaşayan gürcülər bizim əməkdaşlığımızı daha da möhkəmləndirir.
Həm Gürcüstan, həm Azərbaycan çoxmillətli, çoxkonfessiyalı ölkədir. Bizim
ölkələrimizdə bütün xalqlar sülh, əmin-amanlıq, mehribanlıq şəraitində yaşayır
və bu, bizim böyük uğurumuzdur, böyük nailiyyətimizdir”.

Qeyd edək ki, Gürcüstanda tarixən yığcam halda yaşayan azərbaycanlı əhali
2014-cü ildə aparılan son siyahıyaalmaya əsasən 233 min nəfərdir. Soydaşlarımız
əsasən Kvemo-Kartli regionunun Marneuli, Qardabani, Bolnisi, Dmanisi, Tsalka və
Tetristkaro rayonlarında, Rustavi şəhərində, Kaxeti, Şida-Kartli,
Mtsxeta-Mitianeti bölgələrində və Acarıstan Muxtar Respublikasında, eləcə də
paytaxt Tbilisi şəhərində məskunlaşıblar. Gürcüstanda yaşayan soydaşlarımızın
təşkilatlanması, onların bir mərkəzdə birləşməsi də daim gündəmdə olub və bu
ölkədə fəaliyyət göstərən cəmiyyətlər, eləcə də müvafiq dövlət strukturları
zaman-zaman sözügedən istiqamətdə müəyyən tədbirlər həyata keçiriblər.
Gürcüstan azərbaycanlıları bu ölkənin kütləvi informasiya vasitələri ilə
yaxından işləyir, Azərbaycan həqiqətləri mütəmadi olaraq qonşu ölkə mətbuatında
işıqlandırılır. Paralel olaraq bu ölkədə yaşayan soydaşlarımız da bir sıra
mətbu orqanlar təsis edərək informasiya təbliğatında mühüm rol oynayırlar.

Azərbaycanla Gürcüstan arasında, həmçinin regionlarası əməkdaşlıq yüksələn
xətlə davam edir. Belə ki, iki ölkənin bir sıra şəhərləri arasında birbaşa
əməkdaşlıq əlaqələri qurulub. Azərbaycan Respublikası ilə Gürcüstanın bir sıra
şəhərləri – Gəncə – Kutaisi (1995-ci il), Sumqayıt – Rustavi (2007-ci il),
Naxçıvan – Batumi (2012-ci il), Şəki – Telavi (2012-ci il), Bakı – Tbilisi
(2021-ci il), Şəmkir-Marneuli (2022-ci il), Ağstafa-Qardabani (2022-ci il),
Göygöl-Bolnisi (2022-ci il), Daşkəsən-Dmanisi (2022-ci il) arasında qardaşlaşma
əlaqələrinə dair müvafiq memorandumlar imzalanıb.

Əminliklə söyləmək olar ki, Gürcüstanın Baş naziri İrakli Qaribaşvilinin
Azərbaycana bugünkü səfəri də ölkələrimiz arasında əməkdaşlıq əlaqələrinin daha
da inkişaf etməsinə şərait yaradacaq.

Source link