Azərbaycanla Kuba xərçəng və QİÇS-lə mübarizədə əməkdaşlıq edəcəklər – FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Azərbaycan Respublikasının səhiyyə naziri Teymur Musayevin başçılıq etdiyi
nümayəndə heyətinin Kuba Respublikasına səfəri davam edir.
Bu barədə Səhiyyə Nazirliyinin Media və Kommunikasiya Şöbəsi məlumat yayıb.
Azərbaycan və Kuba arasında səhiyyə sektorunda əməkdaşlıq, birgə təşəbbüslər,
mütərəqqi texnologiyaların inkişafının və tətbiqinin genişləndirilməsi üzrə
əməkdaşlığı nəzərdə tutan “Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi və Kuba
Respublikasının İctimai Səhiyyə Nazirliyi arasında səhiyyə və tibb elmi
sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu” imzalanıb.
Sənədi Azərbaycanın səhiyyə naziri Teymur Musayev və Kubanın ictimai səhiyyə
naziri Xose Anxel Portal Miranda imzalayıblar.
Anlaşma Memorandumunun məqsədi hər iki ölkənin səhiyyə sistemlərinin
gücləndirilməsi və institusional çərçivənin genişləndirilməsi, əhalinin
sağlamlığının inkişafına töhfə verilməsi, eyni zamanda, əməkdaşlıq
proqramlarının həyata keçirilməsidir.
Memorandumda akademik və elmi mübadilə, əczaçılıq və biotexnologiyalar
sahəsində birgə fəaliyyətlər, diplomdansonrakı təlimlər, tibbi turizm əsas
əməkdaşlıq istiqamətləri olaraq müəyyən edilib. Eyni zamanda, sənəd yoluxucu və
xroniki qeyri-yoluxucu xəstəliklər, o cümlədən İİV/QİÇS, xərçəng, şəkərli
diabet, cərrahiyyə və tibbin yüksək dəqiqlik tələb edən istiqamətləri üzrə
məlumat mübadiləsini özündə ehtiva edir.
Memorandumda birgə konfransların təşkili, səhiyyə mütəxəssislərinin
təlimlərinin keçirilməsi də nəzərdə tutulub.
Daha sonra səhiyyə nazirliklərinin nümayəndə heyətlərinin iştirakı ilə
ikitərəfli görüş keçirilib.
Sənədin əhəmiyyətini vurğulayan Teymur Musayev və Xose Anxel Portal Miranda
Memorandumun ölkələr arasında səhiyyənin inkişafı sahəsində ikitərəfli
əlaqələrin gücləndirilməsi, konkret imkanlardan yararlanması və tibb elminin
birgə inkişaf potensiallarının artırılmasında mühüm rol oynayacağını qeyd
ediblər.
Görüşdə, həmçinin, Memorandumda nəzərdə tutulan əməkdaşlıq sahələri üzrə
gələcək fəaliyyətlərə dair müzakirələr aparılıb.