ea22c8db-9201-474c-8f44-10ff1ae425f8..jpg

Azərbaycanla Türkiyə arasında diplomatik əlaqələrin qurulmasından 31 il ötür

Baxış sayı: 953 dəfə baxılıb.

Azərbaycanla Türkiyə arasında diplomatik əlaqələrin qurulmasından 31 il ötür

Bu gün Azərbaycanla Türkiyə arasında diplomatik münasibətlərin qurulmasının 31
ili tamam olur.

Diplomatik münasibətlər 1991-ci ilin noyabrın 9-da qardaş ölkənin Azərbaycanın
müstəqilliyini tanımasından bir neçə ay sonra – 1992-ci il yanvarın 14-də
qurulub.

Həmin ilin avqustunda Azərbaycanın Türkiyədə səfirliyi açılıb. 1993-cü ilin
yanvar ayında isə İstanbul şəhərində, 2004-cü ilin aprelində isə Qars şəhərində
Baş konsulluqlar təsis edilib. Eyni zamanda Türkiyənin Bakıda Səfirliyi,
Naxçıvan və Gəncə şəhərlərində Baş Konsulluqları fəaliyyət göstərməkdədir.

Azərbaycanın Türkiyədəki Səfirliyi isə 1992-ci ilin avqust ayında açılıb.

Türk xalqının ulu öndəri Mustafa Kamal Atatürkün “Azərbaycanın sevinci bizim
sevincimiz, kədəri bizim kədərimizdir” və ümummilli lider Heydər Əliyevin “Bir
millət, iki dövlət” fikirləri iki qardaş dövlətin əlaqələrinin təməlində
dayanır. Müasir dövrdə etibarlı strateji tərəfdaş olan Türkiyə ilə
münasibətlərin möhkəmləndirilməsi Azərbaycan xarici siyasətinin
prioritetlərindəndir.

Bakı-Ankara əlaqələri bu gün bütün sahələrdə uğurla inkişaf etdirilir. İki
dövlət liderlərinin – Prezidentİlham Əliyevlə həmkarı Rəcəb Tayyib Ərdoğanın
ənənə halını almış qarşılıqlı səfərləri ölkələr arasında əlaqələrin
inkişafında, habelə qarşılıqlı inteqrasiyasında mühüm rol oynayır.

Türkiyə Azərbaycanın beynəlxalq səviyyədə tanınan ərazi bütövlüyü və
Ermənistanın tarixi ərazilərimizi 30 il işğal altında saxladığı dövrdə
Azərbaycanın ədalətli mövqeyini hər zaman müdafiə edib, 2020-ci ildə baş verən
Vətən müharibəsi zamanı Azərbaycana qətiyyətli siyasi və mənəvi dəstək verib.

Həmçinin, keçirilən birgə hərbi təlimlərlə dostlara inam, düşmənə gözdağı
verməkdə davam edir. Xatırlatmaq yerinə düşər ki, təkcə ötən il təxminən 20
birgə hərbi təlim keçirilib. Bu təlimlərlə Azərbaycan və Türkiyə Silahlı
Qüvvələri qarşılıqlı təcrübə mübadiləsi aparırlar. Eləcə də Azərbaycan
Ordusunun Türkiyə modelinə, NATO standartlarına uyğunlaşması prosesi uğurla
davam edir.

Azərbaycan-Türkiyə münasibətləri 15 iyun 2021-ci il tarixində Azərbaycanın
tarixi mədəniyyət paytaxtı olan Şuşa şəhərində imzalanan “Şuşa Bəyannaməsi” ilə
müttəfiqlik səviyyəsinə yüksəlib. Beləliklə, Azərbaycan və Türkiyə iki qardaş
dövlət olmaqla yanaşı, həm də rəsmən müttəfiq olublar. “Şuşa Bəyannaməsi”
həmçinin, dərin və hərtərəfli xarakterə malik Azərbaycan-Türkiyə əlaqələrinin
növbəti mərhələyə qaldırılması deməkdir. “Şuşa Bəyannaməsi”ndən irəli gələrək
Azərbaycan-Türkiyə münasibətləri yeni dönəmin reallıqlarına uyğun olaraq hər
sahədə daha da inkişaf edir və dərinləşir. Bu məqsədlə bütün dövlət
qurumlarımız türkiyəli həmkarları ilə əməkdaşlığı “Şuşa Bəyannaməsi”nin ruhuna
uyğun formada həyata keçirir.

“Şuşa Bəyannaməsi”nin doğurduğu praktiki nəticələr artıq öz bəhrəsini verir.
Belə ki, Azərbaycan Ordusunun Türkiyə modelinə keçməsi üçün konkret addımlar
atılır. Digər dövlət qurumları da gündəliklərini “Şuşa Bəyannaməsi”nin
tələblərinə uyğunlaşdırırlar.

Bu gün Azərbaycan-Türkiyə birgə əməkdaşlığı təkcə ikitərəfli münasibətlərə
deyil, həm də regional təhlükəsizliyə, sabitliyə töhfə verir. Xüsusilə
Ermənistanla münasibətlərin normallaşması istiqamətində rəsmi Ankaranın
səmimiyyəti və qətiyyəti Cənubi Qafqazdakı sülh idealı üçün mühüm əhəmiyyət
daşıyır.

Source link