Azərbaycanla Türkiyə arasında ikiqat vergitutmanın ləğvi onlayn ticarətə necə
təsir edəcək? – ARAŞDIRMA + FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Məlum olduğu kimi, Azərbaycanla Türkiyə arasında gəlirlərə görə ikiqat
vergitutma ləğv edilir. Artıq bununla bağlı müvafiq sənəd parlamentdə
səsverməyə çıxarılaraq qəbul edilib. Proqnozlara görə, iki ölkə arasında əldə
olunan razılaşma Türkiyədən Azərbaycana idxal olunan məhsulların qiymətində
ucuzlaşmaya səbəb olacaq.
Qeyd edək ki, Türkiyə Azərbaycanın əsas ticarət tərəfdaşlarından biri hesab
edilir. 2023-cü ildə Türkiyə Azərbaycana ən çox idxalın həyata keçirildiyi üç
ölkədən biri olub. Türkiyədən illik idxalımızın həcmi iki milyard 291 milyon
dollardır. 2023-cu ildə Türkiyə ilə Azərbaycan arasında ümumi ticarət
dövriyyəsi 30 faiz artaraq 7.6 milyard dollara çatıb. Gələcək hədəf ticarət
dövriyyəsini 15 milyard dollara çatdırmaqdır.
Maraqlıdır, Azərbaycanla Türkiyə arasında gəlirlərə görə ikiqat vergitutmanın
ləğvi konkret olaraq hansı sahələrə təsir göstərəcək? Bu yenilik yerli
bazarlarda Türkiyədən idxal olunan malların satışını daha da artıra bilərmi? Bu
addım qiymətlərin ucuzlaşması ilə nəticələnəcəksə, onlayn ticarətə təsiri necə
olacaq?
“Kaspi”
qəzetinin mövzu ilə bağlı məqaləsini təqdim edirik:
Azərbaycan məhsullarının rəqabət qabiliyyəti artacaq
İqtisadçı Fuad İbrahimov bildirib ki, ikiqat vergitutmanın aradan qaldırılması
haqqında müqavilələr beynəlxalq iqtisadi əlaqələrin inkişafında xüsusi rola
malikdir.
Onun sözlərinə görə, yeni dəyişiklik Türkiyə ilə Azərbaycan arasında ticarət
əlaqələrinin daha da genişlənməsinə imkan yaradacaq:
“Bu gün Türkiyə Azərbaycanın ən böyük ticarət tərəfdaşlarından biridir. İki
ölkənin rəhbər şəxsləri bu münasibətlərin daha da inkişaf etdirilməsinə
çalışırlar. Bununla bağlı müvafiq addımlar atılır. İkiqat verğitutmanın ləğvi
də bu istiqamətdə atılan addımlardan biridir. Bu yenilik Türkiyədən idxal
olunan malların yerli bazarlarda satışını artırmaqla paralel, həm də Azərbaycan
məhsullarının Türkiyə bazarında rəqabət qabiliyyətini daha da artıracaq”.
“Ucuzlaşmanı daha çox tekstil bazarında gözləyirik”
İqtisadçı qeyd edib ki, bu yenilik Türkiyədən Azərbaycana idxal edilən
məhsulların xərcini və qiymətini azalda bilər:
“Azərbaycan Türkiyədən daha çox qida, tekstil məhsulları, xüsusən də geyim
idxal edir. Bizdə tekstil bazarında hazırda inhisarçılıq halı mövcud deyil.
Bazar olduqca liberallaşmış vəziyyətdədir və sağlam rəqabət olduğundan kifayət
qədər də ucuz tekstil məhsulu var. Təbii ki, istənilən vergidən azadolma sağlam
bazarda mütləq şəkildə qiymətin ucuzlaşmasına təsir edir. Çünki məhsula çəkilən
xərc azaldığından sahibkar rəqabətli bazarda mövqeyini qorumaq üçün
istər-istəməz idxal etdiyi məhsulu daha ucuz qiymətə təklif edəcək. Yəni
iqtisadi baxımdan xərcin azalması qiymətlərin düşməsi ilə müşahidə olunmalıdır.
Biz bu istiqamətdə ucuzlaşmanı daha çox tekstil bazarında gözləyirik”.
Yerli istehsalçıların işi çətinləşəcək
F.İbrahimov onu da vurğulayıb ki, yerli istehsalçılar Türkiyədən idxal olunan
məhsullarla rəqabət aparmağa hazır olmalıdırlar:
“Gələcəkdə tekstil sahəsində yerli istehsalı genişləndirmək istəyiriksə,
bazarı qorumalıyıq. Çünki bazarda onsuz da ucuz məhsullar kifayət qədərdir. Bu
məhsullar daha da artacaqsa, yerli istehsalçıların işi çətin olacaq”.
Azərbaycanlı rezidentlərin xərci azalacaq
İqtisadçı Xalid Kərimli isə bildirib ki, əslində sözügedən razılaşmanın
predmeti tamamilə başqadır.
Onun sözlərinə görə, bu yenilik daha çox Türkiyədə fəaliyyət göstərən
azərbaycanlı rezidentlərin xərcini azaldacaq:
“Azərbaycanla Türkiyə arasında gəlirlərə görə ikiqat vergitutmanın ləğv
edilməsinin mahiyyəti ondan ibarətdir ki, azərbaycanlı rezidentlər Türkiyədə
fəaliyyət göstərirsə, Azərbaycanda və Türkiyədə vergiyə cəlb olunur.
Azərbaycanlı rezident Türkiyədə vergiyə cəlb olunduğu zaman verginin məbləğinə
dair Azərbaycana sənəd təqdim edir. Həmin sənəd əsasında eyni vergiyə
Azərbaycanda cəlb edilmir. Yəni bu qərar nə idxal olunan məhsulların qiymətinə,
nə də onlayn ticarətə hansısa bir formada ciddi təsir etməyəcək. Onsuz da
onlayn ticarət vasitəsilə 300 dollara qədər limit həddində ölkəyə idxal olunan
məhsullar heç bir rüsuma cəlb olunmur. Bu Türkiyədən alınan mallara da aiddir.
Amma sahibkarlar ölkəyə idxal etdikləri məhsullara görə 35-36 faizə qədər vergi
ödəyirlər. Yeni qərarın da buna heç bir təsiri yoxdur. Sahibkarlar bundan sonra
da eyni qaydada vergilərini ödəyəcəklər”.
“Mağazalarda qismən hərəkətlilik yarana bilər”
Marketoloq Pərviz Əzimovun fikrincə, ikiqat vergitutmanın ləğvi yalnız
Bakıdakı mağazaların fəaliyyətində qismən hərəkətlilik yarada bilər:
“Əslində bu yeniliyin bazarlara ciddi təsiri gözlənilmir. Azərbaycanda olan
qiymətlərlə Türkiyədəki qiymətlər arasında fərq azalsa belə, insanlar yenə də
onlayn ticarətə üstünlük verəcəklər. Çünki ölkəmizə elektron ticarət vasitəsilə
gələn məhsulların təxminən 40-45 faizə yaxını bölgələrin payına düşür. Səbəb
isə bölgələrdə tələbata uyğun məhsul çeşidinin ya az, ya da ümumiyyətlə
olmamasıdır. Bölgələr yenə də onlayn ticarət etməyə məcbur qalacaqlar. Amma
Türkiyə ilə Azərbaycan bazarında qiymət fərqi azalarsa, bu paytaxtdakı
mağazaların fəaliyyətində qismən hərəkətlilik yarada bilər”.
Marketoloq vurğulayıb ki, ölkə vətəndaşlarının onlayn ticarətə xərclədiyi
vəsaitin daxili dövriyyəsinə nail olmaq üçün yerli şirkətlər ciddi addımlar
atmalıdırlar:
“Biz hazırda elektron idxalla məşğuluq. Ölkə daxilində elektron ticarəti
inkişaf etdirmək mümkündür. Bu məqsədlə yerli şirkətlər müştərilər üçün kifayət
qədər yaxşı imkanlar yaratmağa çalışmalıdırlar. Ən böyük problem karqo ilə
bağlıdır. Sayt yaradıb məhsul satmaq çox asandır, lakin onu müştəriyə çatdırmaq
olduqca çətindir. Bu problemləri həll etsək, onlayn ticarətə yönəldilən
məbləğin daxili dövriyyəsinə nail ola bilərik”.