bf34cff0-841c-4adf-81e7-4a74f08c25b1..jpg

Azərbaycanlı Almaniyadakı məhkəmədə qətl törətdiyini etiraf etdi

Baxış sayı: 858 dəfə baxılıb.

Azərbaycanlı Almaniyadakı məhkəmədə qətl törətdiyini etiraf etdi

Almaniyada qətl törətməkdə şübhəli bilinən azərbaycanlı Elçin Ağayevin ilk
məhkəmə prosesi keçirilib.

“Report”un məlumatına görə, Detmol şəhər Məhkəməsində keçirilən hazırlıq
iclasında E.Ağayev cinayəti qısqanclıq zəmində törətdiyini etiraf edib.

O, keçən ilin iyunun 18-də baş verən cinayət hadisəsinin təfərrüatları barədə
danışıb. E.Ağayev bildirib ki, müharibə başlayandan sonra Ukraynanın şərqindən
sevgilisi Olqa və iki uşağı ilə Almaniyaya gəlib.

“Biz Kalletal şəhərində yaşayan, Qazaxıstanda anadan olan və sonradan
Almaniyaya köçən Andreyin qonağı olduq. O və xanımı Nadine müvəqqəti onlarda
qala biləcəyimizi dedilər. Bizim bu ailə ilə münasibətlərimiz çox yaxşı idi.
Aramızda heç bir söz-söhbət olmamışdı. Bir dəfə Olqa ilə Andreyin yaxınlığından
şübhələndim. Uşaqların otağında gizlənib, onları izlədim. Aralarında
münasibətin olduğunu görəndən sonra Andreydən bunun açıqlamasını tələb etdim.
O, açıqlama vermək əvəzinə məni evdən qovdu. Bir müddət küçədə gecələdim və
həmin vaxt Andreyi öldürməyə qərar verdim”, – E.Ağayev ifadəsində qeyd edib.

Onun sözlərinə görə, cinayət günü narkotik maddənin təsiri altında olub.
Andreyi balta ilə qətlə yetirəndən sonra Olqa və iki uşağı ilə avtomobilinə
əyləşərək, Almaniyanı tərk etməyə qərar verib. Ancaq həmin gün polis yoxlaması
olduğundan avtomobili tərk edib və naməlum istiqamətdə qaçıb. Axtarışda
olduğunu isə feybuka girdikdən sonra öyrənib və bir müddət meşədə gizlənməli
olub.

E. Ağayev bildirib ki, Polşa sərhədindəki bir qəsəbəyə gəldikdən sonra məqsədi
bu ölkəyə keçmək olub. Lakin polis xüsusi təyinatlıları onu bu qəsəbədə
saxlayıb.

Hazırlıq iclasında bildirilib ki, E.Ağayev 2012-ci ildə Ukraynada bənzər
cinayət törədib. Belə ki, o, ukraynalı sevgilisini bıçaqla öldürdükdən sonra
balta ilə başını bədənindən ayırıb. O, Ukrayna məhkəməsinin hökmü ilə 9 il
azadlıqdan məhrum edilib və 2019-cu ildə şərti azadlığa buraxılıb.

Detmol şəhər məhkəməsindən bildirilib ki, proses yanvarın 24-də davam
etdiriləcək. Hökmün fevralın 6-da elan ediləcəyi gözlənilir.

Xatırladaq ki, hadisə bu il iyunun 18-də, Şimali Reyn Vestfaliya əyalətinin
Kalettal şəhərində baş verib. Belə ki, 39 yaşlı Andrey F.Rintelner balta ilə
qətlə yetirilib.

Almaniyada bir aydan çoxdur axtarışda olan Elçin Ağayev Almaniya-Polşa
sərhədinə yaxın qəsəbədə polisin keçirdiyi xüsusi əməliyyatla saxlanılıb.

Source link