7a1a11d9-4918-49de-bd8e-d2bd8d589bf1..jpg

Azərbaycanlı bəstəkarın xanımı: “Sibel Can bilməlidir ki, oğurluq mahnı oxuyur, təzminat tələb edəcəyik”

Baxış sayı: 627 dəfə baxılıb.

Azərbaycanlı bəstəkarın xanımı: “Sibel Can bilməlidir ki, oğurluq mahnı
oxuyur, təzminat tələb edəcəyik”
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Türkiyəli müğənni Sibel Canın səsləndirdiyi “Tamam o zaman” mahnısının plagiat
çıxdığı bildirilir. Bəstənin mərhum Xalq artisti Məmmədbağır Bağırzadənin
oxuduğu “Gülüb getdi” mahnısının eynisi olduğu iddia edilib. Bununla bağlı
sosial şəbəkələrdə məlumat yayılıb.

Tahir Əkbərin xanımı Aybəniz Əkbərova Moderator.az-a açıqlamasında mözvuya
aydınlıq gətirib.

“Əgər 4 notdan artıq oxşarlıq varsa mahnının plagiat olması təsdiqlənir. Bu
dünya üzrə də qəbul olunmuş qanundur. Musiqiçilər, bəstəkarlar deyir ki, bu
mahnıda 6-8 arası eyni not var. Özü də sıralama ilə gedir. Mən özüm də
dinləmişəm və qərara gəlmişəm ki, mahnı oğurlanıb. Peşəkar bəstəkarların
mahnılarını dövlət qoruyur, eləcə də Tahir Əkbərin mahnılarını. Biz varisi
olaraq Əqli Mülkiyyət Agentliyinə müraciət etməliyik. Əsər ekspertə gedəndən
sonra plagiat olması təsdiqlənsə, əlbəttə ki, bəstəkarla əlaqə saxlamalıyıq.
Əgər o da bu məsələni boynundan atsa, biz təzminat tələb edə bilərik. Deyilənə
görə bəstəni türk yox, ərəb bəstələyib. Amma dəqiq bilmirik, araşdırılacaq.
Sibel Can ifaçıdır, mən bildiyim qədərilə təzminatı bəstəkar ödəməlidir. Sibel
Can da bilməlidir ki, oğurlanmış mahnı oxuyur. Mahnılar bir-birinə oxşaya
bilər, amma notlar üst-üstə düşə bilməz. Biri var anonim, biri də var ki,
oğurluq. Mahnının nəqarət hissəsinin notları oğurlanıb. Bir neçə dəfə də bu
məsələ qaldırılıb. Tahir bu əsəri 1987-ci ildə bəstələyib. Sibel Can isə bu
mahnını 2015-ci ildə ifa edib. Musiqişünaslar buna rəy verməlidirlər. Tahir
deyirdi ki, “7 not var, amma hər bəstəkar bu notların içində öz notunu
tapmalıdır”. Bir insanın beyninin məhsulunu necə oğurlamaq olar?! Əlbəttə ki,
olmaz! Bir əsəri, mahnını bəstələmək illərlə davam edən ağır və çətin bir
prosesdir. Bu mahnını Azərbaycanda Teymur Əmrah, Mətanət İsgəndərli, Sevda
Yəhyayeva və s. müğənnilər ifa edib. Son günlər bu mahnıya daha çox tələbat
var”, – deyə bəstəkarın xanımı bildirib.

Aybəniz xanım bildirib ki, bu, Tahir Əkbərin oğurlanan ilk mahnısı deyil.

“Türkiyənin məşhur müğənnisi Nəşə Karaböcək onun “Heç küsməyin yeridirmi?”
mahnısını albomuna əlavə edib və orada mahnının müəllifi kimi Əsəd adlı bir
şəxsi qeyd edib. Tahirin “Əzizim” mahnısını “Rüyalarda buluşuruz” mahnısı kimi
təqdim ediblər. Onların məşhur kanon ifaçısı Halil Karaduman notbanot bütün
mahnını oğurlamışdı. Tahir xəstələndi, bu məsələni başa çatdıra bilmədi. Hətta
o vaxt Türkiyənin Azərbaycandakı səfirliyinə də müraciət etmişdik. Səfirin
xanımı musiqiçiyə zəng edib, məsələni araşdırmışdı. Demişdi ki, “müəllif
qarşımda oturub, bu nə işdir görmüsünüz?” , – deyə xanımı bildirib.

Source link