“Forbes” jurnalı Rusiyanın 200 ən varlı insanının reytinqini açıqlayıb.
ÇıxışYolu.Com xəbər verir ki, “Forbes”in reytinq siyahısında Azərbaycan əsilli beş biznesmenin adı var.
“Lukoil” prezidenti Vahid Ələkbərov 16,4 milyard dollar sərvəti ilə reytinqin dördüncü pilləsində yer alıb.
Azərbaycan Respublikasının Quba rayonunun Qırmızı qəsəbəsindən olan Zarah İliyev və Qod Nisanov 36 və 37-ci yerləri tutub. Onların hər birinin 3,3 milyard dolları var.
Reytinq siyahısında Araz Ağalarovun (1,8 milyard dollarla 54-cü yerdə qərarlaşıb) və Fərhad Əhmədovun da (1,4 milyard dollar ilə 69-cu olub) adları var.
Qeyd edək ki, siyahıya “Novolipetsk” metallurgiya kombinatının rəhbəri Vladimir Lisin başçılıq edir. Onun 19,1 milyard dollar sərvəti var. Bundan öncə, 2010 və 2011-ci illərdə də Lisin reytinqdə birinci olub.
İkinci yeri 18,7 milyard dollar sərvət ilə “Severstali”nin rəhbəri Aleksey Mordaşov tutub. 2017-ci ildə reytinq siyahısında birinci olan “Sibur” neft-kimya şirkətinin və “Novatek” qaz şirkətinin rəhbəri Leonid Mixelson bu il üçüncü yerlə kifayətlənib. Onun sərvətinin 18 milyard dollar həcmində olduğu bildirilib.
Xatırladaq ki, adları çəkilən beş azərbaycanlı “Forbes” jurnalının mart ayında hazırladığı dünyanın ən varlı şəxsləri siyahısında da yer alıb.
S.M.
www.ÇıxışYolu.Com