Azərbaycanlı deputat Jirinovskiyə faktlarla cavab verdi

Azərbaycanlı deputat Jirinovskiyə faktlarla cavab verdi

Baxış sayı: 2. 403 dəfə baxılıb.

Hər bir ölkənin deputatı öz dövlətinin tanıdılmasında maraqlıdır. Lakin bunun digər ölkələrin təhqir edilməsi yolu ilə həyata keçirilməsi düzgün deyil. 

Bu barədə ÇıxışYolu.Com-a açıqlamasında rusiyalı deputat Vladimir Jirinovskinin EKSPO-2025 sərgisinə namizəd şəhərlərlə, o cümlədən Bakı ilə bağlı fikirlərinə münasibət bildirərkən millət vəkili Aydın Mirzəzadə deyib.

Aydın Mirəzadə bu fikirləri absurd hesab edir.

“Azərbaycanda təhlükəsizlik ən yüksək səviyyədədir. Bunu ən nüfuzlu beynəlxalq təşkilatlar təsdiqləyir”, – azərbaycanlı deputat bildirib.

Onun sözlərinə görə, digər ölkələr kimi, Rusiya və Azərbaycan da bu möhtəşəm sərginin keçirilməsi uğrunda mübarizə aparır, Jirinovski isə bu prosesə öz “töhfəsini” vermək qərarına gəlib.

“O, Stavropolu reklam etməyə cəhd edib, lakin həmişəki kimi, alınmayıb… Bütün dünyaya bəllidir ki, bu sözlər Rusiya siyasəti üçün “qara piar” xarakteri daşıyır. Bu, hörmətsizlikdir və bu ifadələr heç bir fakta əsaslanmır. Jirinovski öz siyasi mədəniyyətini göstərdi”, – Aydın Mirzəzadə deyib.

O qeyd edib ki, Azərbaycanda son zamanlar nüfuzlu idman, siyasi və mədəni tədbirlər uğurla həyata keçirilir:

“Onların arasında “Eurovision” musiqi yarışmasının finalı, İslam Həmrəylik Oyunları, Birinci Avropa Oyunları, Formula-1, Qlobal Bakı Forumu və digərlərinin adlarını çəkmək olar.

Azərbaycanda 10 mindən çox xarici tələbə təhsil alır, ölkəmizə gələn turistlərin sayı hər il artır, bu isə Azərbaycanda təhlükəsizlik səviyyəsinin yüksək olmasının sübutudur”.

Aydın Mirzəzadə həmçinin vurğulayıb ki,  EKSPO-2025 sərgisinin Bakıda keçiriləcəyinə ümid edir.

Xatırladaq ki, Jirinovski öz nitqində Bakının təhlükəsiz yer olmadığını deyib.

“Bakı? Yaxınlıqda Qarabağ var. Ümumilikdə Yaxın Şərqdə vəziyyət gərgindir. Amma Sverdlovsk vilayəti dünyanın ən təhlükəsiz yeridir”, – dünən Jirinovski qeyd etmişdi.

Əli Məmmədov
www.ÇıxışYolu.Com