Azərbaycanlı diplomat “France 24” telekanalının efirində Ermənistan sülh
masasına oturmağa çağırıb – FOTO
Azərbaycanın Meksikadakı səfiri Məmməd Talıbov “France 24” telekanalının ispan
dillində yayımlanan efirində keçirilən debatda Ermənistan tərəfini riyakarlığa
və qarayaxma kampaniyasına son qoyaraq iki ölkə arasında dayanıqlı sülhün
bərqərar edilməsi üçün səmimi səy göstərməyə çağırıb.
“Report” xəbər verir ki, debat zamanı guya “Qarabağda etnik təmizləmənin
həyata keçirilməsi”, “Laçın yolunun blokadaya alınması” kimi cəfəng iddialar
səsləndirən Cənubi Amerikanın Erməni Milli Şurasının icraçı direktoru Aram
Mouratian azərbaycanlı diplomatın təqdim etdiyi tarixi həqiqətlər, tutarlı
faktlar və dəlillər qarşısında aciz durumda qalıb. Hətta erməni həmsöhbətə
təxribat yönümlü sualları ilə kömək etməyə çalışan verilişin aparıcısı da
əsaslandırılmış cavablardan sonra çıxılmaz vəziyyətə düşüb.
Məhz Ermənistanın uzun illər Azərbaycana və xalqımıza qarşı işğalçılıq, etnik
təmizləmə siyasəti həyata keçirdiyi, bu gün də erməni mina terrorunun ağır
fəsadlarının davam etdiyi qeyd olunub. Bütün çətinliklərə baxmayaraq,
Azərbaycan Hökumətinin işğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı
bərpa-quruculuq işləri həyata keçirdiyi və bu əraziləri dünyanın ən gözəl
guşələrindən birinə çevirməkdə qərarlı olduğu bildirilib.
Lokal xarakterli antiterror tədbirlərinin keçirilməsini şərtləndirən səbəblərə
toxunan diplomat qarşıda duran bütün vəzifələrin cəmi bir gün ərzində yerinə
yetirildiyini bildirib, Qarabağın erməni sakinlərinin ölkəmizin konstitusiya
çərçivəsinə reinteqrasiyası istiqamətində atılan addımlardan bəhs edib.
Azərbaycanın milliyətindən asılı olmayaraq bütün vətəndaşlarının hüquq və
azadlıqlarına tam təminat verdiyi və Azərbaycanın ərazi bütövlüyünü tanıdığını
bəyan edən Ermənistan Hökumətinin ölkəmizə qarşı ərazi iddialarından əl
çəkməsinin, yalanlara və riyakarlığa son qoymasının vacibliyi qeyd olunub.
Xüsusi vurğulanıb ki, Ermənistan tərəfi bu tarixi fürsəti əldən qaçırmamalı,
Azərbaycanın sülh gündəliyinə və çağırışlarına uyğun olaraq mehriban qonşuluq
şəraitində yaşamaq, eləcə də regionda əmin-amanlığın təmin olunması üçün səmimi
səylər göstərməlidir. Bölgədəki bütün nəqliyyat və kommunikasiyaların, o
cümlədən Zəngəzur dəhlizinin açılmasının bu prosesə əhəmiyyətli töhfə ola
biləcəyi qeyd olunub.
Həmçinin Azərbaycanı hədəf seçən radikal erməni diasporunun çirkin təbliğat
kampaniyasının və pozucu fəaliyyətinin qəbuledilməz olduğu və iki ölkə arasında
sülh və normallaşma prosesinə yalnız xələl gətirdiyi vurğulanıb.
Azərbaycanlı diplomat çıxışını “Qarabağ Azərbaycandır!” şüarı ilə bitirib,
erməni tərəf müqabili isə “Qarabağ sakinlərinin hüquqlarının və
təhlükəsizliyinin təmin ediləcəyinə inanmağın çətin olduğunu” bildirməklə
kifayətlənmək məcburiyyətində qalıb.