Aqşin Yenisey yazır…
Təkcə XX əsrdə qısa fasilələrlə Azərbaycan xalqının açıq-aşkar Qafqazdan yox edilməsi siyasətinin yürüdülməsi və ard-arda soyqırım məqsədli qətliamlara məruz qoyulması Azərbaycanda daha çox poetik-romantik vətənpərvər zəkanın emosional həşirinə mövzu olub ki, bu da öz növbəsində, başına bu qədər qanlı oyun açılmış bir xalqın öz faciələrini soyuq ağlın süzgəcindən keçirmək ehtiyacını yox edib.
Emosional yaddaşımıza tarix kimi yanaşmışıq, bu gün də o gündəyik. 20 Yanvar faciəsini anırıq? Haydı, qara paltarlı emosional yaddaşa güc ver! Xocalı soyqırımına hazırlaşırıq? Ya Allah, ən yaxşı ağlayanlar, bir addım irəli! Şuşanın işgal günüdür? Harada qaldı ölüvay şairlərimiz, dünən çox içiblər, deyəsən?! O şey ki tez şeirləşir, ağlın gözündən düşür!
Bəzi millətlərin sol beyin problemi var, biz də onlardan biriyik. Faciələrimizin içindən yalnız onların beynimizin sol küncündə tarixi, hərbi psixoanalizini aparmaqla çıxa bilərik. Məsələn, Xocalı soyqırımı yad olunan günlərdə oxumuş adamlarımızın bir masa arxasına yığışıb, şeiri, qəzəli, tarı, qaboyu bir qırağa qoyaraq soyuq başla “XX əsrdə qadınları, qocaları, uşaqları öldürməkdə rus-erməni düşmənçiliyinin məqsədi nə idi?” deyə bir sualı müzakirə etdiyinin şahidi varmı aramızda?
Rejissor Endi de Emmoninin çəkdiyi “Tanrının mühakiməsi” adlı bir filmi var. Holokost zamanı ölüm düşərgəsinə doldurulmuş yəhudi əsirlər tarix boyunca başlarına gələn müsibətlərdə “Tövrat”ın rolunun olub-olmadığını müzakirə edirlər – soyuq başla, ağlın mühakiməsi ilə. Xəyali müttəhim kürsüsündə oturan isə yəhudi tanrısı Yehovadır. Mühakimənin sualı budur: yəhudiləri tarixin bütün dövrlərində bir xalq olaraq yox olmaq dərəcəsində baş verən qırğınlarla, sürgünlərlə cəzalandıran bir tanrını bağışlamaq olar, ya yox? Yəhudilərin ölüm düşərgəsində qurduğu bu əqli mühakiməni biz heç vaxt azadlıqda öz faciələrimizin ətrafında qurmadıq. Şeirə, tara, qaboya güc verdik. Bəlkə də, Cəlil Məmmədquluzadənin “Ölülər” əsərində olduğu kimi, biz də ölülərin dirilməsini istəmədik, çox güman yanlarında “qrexli” olduğumuz üçün “qəbirləri damanacan” başdaşılarının dibində ağlamağa üstünlük verdik.
Hamı düşünür və düzgün də düşünür ki, II Dünya müharibəsində alman xalqının Hitler kimi bir dəmşalağın (əlbəttə ki, Hegellə müqayisədə) arxasınca getməsinin və bütün Avropanı qana bulamasının səbəbi I Dünya müharibəsindən məğlub çıxan almanların içindəki kin, qisas hissi idi. Bu, məsələnin hamının gördüyü publik tərəfidir. Ancaq əsas məsələdən çox adamın xəbəri yox idi. Müharibədən əvvəl Hitler Almaniyada evlənən hər cütlüyə özünün yazdığı və alman xalqını üstün irq elan etdiyi, Darvinin təbii seçim tezisinə əsaslanaraq güclü olan tərəf kimi almanlara zəifləri yox etmək haqqı tanıyan “Mənim mübarizəm” kitabını hədiyyə edirdi. Belə cütlüklərın sayı beş milyonu keçmişdi. Bu pulsuz irqçi təbliğat sayəsində faşizm doktrinası yataqlara, duşalmalara, doğulan çağaların qulağına pıçıldamalara qədər yayıldı. Sonra baş verənləri də kinolarda görmüsünüz.
İşğalçılıq tarixində uzunmüddətli uğuru təmin edən iki propaqanda növü var: birincisi, işğala məruz qalanlarda qorxu, ikincisi isə simpatiya yaratmaq. Məsələn, tarixdə əsarətə aldıqları xalqlarda özlərinə qarşı simpatiya yaratmaq siyasəti yürüdən Osmanlılardan fərqli olaraq imperialist ruslar daha çox qorxu hissinə üstünlük verirdilər. Bu gün də heç bir rus Qafqaz camaatında özünə qarşı simpatiya hissi yaratmaq barədə düşünmür. Amma bu gün də türklər özlərini keçmiş imperiya varisi olan xalqlara qarşı himayədar kimi aparırlar.
Çinli general Sun-tzu 2500 il əvvəl psixoloji müharibəyə aid yazdığı kitabda türkdilli dövlətləri parçalamaq üçün öz xələflərinə müharibə nəsihətləri verirdi: 1. Düşmən ölkələrdə yaxşı olan nə varsa, gözdən salın; 2. Düşmən ölkələrin xaqanlarının uğurlarını kiçildin, şöhrətlərinə kölgə salın və bununla da vaxtı gələndə öz xalqının onlara həqarətlə baxmasına nail olacaqsınız; 3. Düşmən ölkələrin bivec və alçaq adamları ilə əməkdaşlıqdan yararlanın; 4. Düşmən xalqın öz aralarında olan uyğunsuzluq və qarşıdurmalarını böyüdün; 5. Düşməninizin adət-ənənələrini gülünc hala gətirin.
Yaxın ədəbi-fəlsəfi tənqid tariximizdə Rafiq Tağının, daha sonra Həmid Herisçinin, bu yaxınlarda Ağalar Məmmədovun Azərbaycan maarifçilərini tənqid etməsini Sun-Tzunun bu psixoloji müharibə taktikası fonunda başa düşmək olar. “Azərbaycan maarifçiləri (Türkmənçay müqaviləsi ilə parçalanmış) xalqın milli mentalitetini satira atəşinə tutmaqla çar Rusiyasının işğalçılıq siyasətinə xidmət edirdilər demək” görünən dağa bələdçilik etməkdir. Azərbaycanda maarifçiliyin tüğyan etdiyi zamanda İranda, Türkiyədə də modernləşmə prosesi başlamışdı. Cəlil Məmmədquluzadə dünyanı tərk etdikdən üç il sonra, 1936-cı ildə Rza şah hətta çadranı da qanunla qadağan etmişdi. Türkiyə modernizmi Tənzimat dönəminin meyvələrini dərirdi. Azərbaycan maarifçiləri də mədəni inkişafı dini-mistik ideologiyanın tamamilə aradan qaldırılmasında, xalqın Qərbə yaxınlaşmasında görürdülər. Məsələnin Şərqdən görünən tərəfi belə idi.
Bir də bu işin daha böyük miqyaslı Qərb tərəfi var idi. Hollandlardan və ingilislərdən sonra XIX əsrdə Hindistanı “kəşf etmək” üçün növbə ruslara çatmışdı və rusların Hindistana gedən quru yolu Qafqazdan və İrandan keçirdi (Bartold). Bu yolda ən ciddi əngəl öz inanclarının, adət-ənənələrinin mənəvi-psixoloji instinktləri ilə yaşayan yerli xalqlar idi. Çar Rusiyası onlarla dil tapmaq üçün bu müsəlman xalqları bir az “mədəniləşdirmək” istəyirdi və bunun yolu onların inanclarını, adət-ənənələrinin immunitetini zəiflətməkdən, mümkün olsa, yox etməkdən keçirdi. Əksinə, rusları gələcəkdə Hindistanın şimalında öz rəqibləri kimi görən ingilislər yerli xalqları ruslara qarşı dirənmək üçün öz inanclarına, adətlərinə sadiq qalmağa çağırırdılar. İngiltərə hökuməti bütün Qafqazı “Çərkəzistan” adı altında birləşdirmək və Rusiyanın cənuba yolunu bağlamaq üçün diplomat Devid Urkvartı göndərmişdi ki, Urkvart da öz növbəsində, rusların əsl hədəfinin Qafqaz deyil, İran və Türkiyə olduğunu car çəkirdi.
Azərbaycan maarifçilərinin bu nəhəng geosiyasi prosesləri görmək və ölkənin, millətin mənafeyinə uyğun olan tərəfi seçmək imkanı, demək olar, yox idi. Buna görə də maarifçilərimiz müasirlərimizin tarixə quşbaxışı baxaraq səsləndirdikləri tənqidi haqq etmirlər. Onların yeganə məqsədi yaşadıqları zəmanəni və ölkəni bacardıqca qara rəngdən təmizləmək idi. Üstünü vurmadan keçək ki, o dövrdəki türkçü-millətçi demokratlarımız da Firəngistandan gəlmişdilər, onlar dünyanı tanısalar da, xələfləri kimi xalqı tanımırdılar.
Növbəti yazılarımızın birində sizə Fransanın artan nüfuzunu zəiflətmək istəyən alman Fridrixinin, hətta rus Yekaterinasının fransız maarifçilərinə xərclədiyi pullardan, verdikləri qonaqlıqlardan yazacağam.
Maarifçilik dövrünün tarixi psixoanalizini aparmayanda, həqiqətən də, Azərbaycan maarifçiləri “çarın qulbeçələri” təsiri bağışlayırlar. Bu tarixi ekskursiyadan birbaşa qayıdaq yazımızın əvvəlində verdiyimiz suala: XX əsrdə qadınları, qocaları, uşaqları öldürməkdə rus-erməni düşmənçiliyinin məqsədi nə idi?
İki yüz illik əsarət tarixi boyunca ruslar azərbaycanlıların zəif yerinin ailə olduğunu əllərinin içi kimi bilirdilər. Ailə qorxusu olmayan azərbaycanlını yenmək mümkün deyil. Hətta azərbaycanlılar özləri də uşaqlarını onların sağı-solu bəlli olmayan azadlıqlarından qorxduqları üçün evləndirirlər. İstər həyata, istərsə də düşmənə məğlub olmuş bir azərbaycanlı varsa, o, öz ailəsinə əsir düşmüş bir adamdır. Ailə azərbaycanlının axıracan məsuliyyətini daşıdığı yeganə ictimai birlikdir. Ailəsiz azərbaycanlı azərbaycanlıların öz gözündə də miskindir, rəzildir, lənətlənmişdir. Azərbaycan kişisini ancaq ailəsini təhdid etməklə qorxutmaq olar. Ailəsindən arxayın olan Azərbaycan kişisi Betmen kimi bir şeydir. Yadda qalan tariximizin hansı dövrünə baxsaq, məğlub olan hər bir azərbaycanlının həyatında bir ailə dramı görəcəyik. Azərbaycanlı bütün müqəddəsliklərə ona görə inanır ki, onlardan öz ailəsinin müqəddəsliyini qoruyan hasar kimi yararlana bilsin.
“İgidlik ondur, doqquzu qaçmaq, biri də gözə görünməmək” dedikdə bu xalq ailəsinin qeydinə qalmağa işarə edirdi. Azərbaycanlı döyüş meydanından qaçırsa, demək ki, ailəsinin həyatı təhlükədədir.
Rus-erməni ittifaqı zəif yerimizin ailə olduğunu bilirdi və XX əsrdə azərbaycanlıların ailə anlayışına hücum etdilər. Xocalını öz aramızda faciə kimi yox, ən zəif yerimizdən aldığımız YARA kimi müzakirə etməliyik. Ailə və vətən arasında seçim qarşısında qalanda azərbaycanlı ailəni seçir, ailə anlayışı bizi hücum mövqeyindən müdafiə mövqeyinə keçməyə məcbur edir. Bu soyqırımdan çıxan nəticə budur, bunu müzakirə etməliyik. Bizi zəiflədən şey bizi öldürür, budur əsas məsələ.