“Peşəkar səviyyədə olmasa da, bir neçə il futbol oynamışam”.
Bu sözləri “Report”a müsahibəsində 37 yaşını bu gün qeyd edən FIFA referisi
Əliyar Ağayev deyib.
O, geniş müsahibəsində hakimliyə başladığı illərdən, həmçinin karyerasında baş
verən önəmli məqamlardan danışıb. Azərbaycanın ən güclü referisi müxtəlif
maraqlı sualları da cavablandırıb.
– 37 yaşınız tamam olur. Bu yaşda özünüzü necə hiss edirsiniz?
– Fiziki hazırlığım yaxşı keçir, şükür Allaha ki, yaş hələ öz sözünü demir.
Fiziki durumum yaşıl meydanlarda işimi davam etdirməyə imkan verir.
da, bir neçə il futbol oynamışam”
Azərbaycanlı FIFA referisi: “Peşəkar səviyyədə olmasa da, bir neçə il futbol
oynamışam”
– Hakimliyə başlamağınıza nə səbəb oldu və bundan əvvəl hansı işlə məşğul
idiniz?
– Futbolu uşaqlıqdan sevmişəm. Müəyyən yaşa qədər futbolla məşğul olmuşam.
Peşəkar səviyyədə olmasa da, bir neçə il futbol oynamışam. Ancaq bir vaxt zədə
səbəbindən futbolu müvəqqəti dayandırmaq məcburiyyətində qaldım. Hardasa 16-17
yaşlarındaydım. Futbola davam etmək istəyirdim, amma zədəni sağaltmaq və bərpa
prosesi çox uzun çəkirdi. Ona görə də yaşıl meydanlara qayıtmaq üçün hakimliyi
seçdim.
– Bu qərarda kiminsə təsiri olub?
– Xeyr, çox adam belə düşünür. Atam beynəlxalq dərəcəli köməkçi hakim idi,
amma bir dəfə də olsun, bu sahəyə yönəlməyim üçün təkid etməyib. Bəlkə mən də
heç vaxt oğluma hakim olmağı məsləhət görmərəm, çünki bu işin çətinliyini
bilirəm. Atam mənə seçim azadlığı verib, amma hakimliyə başladıqdan sonra hər
zaman dəstəyini göstərib.
– Oğlunuzun bu sahəyə marağı varmı?
– Bəli, həm də çox böyük maraq göstərir. Marağı birdən-birə yarandı. Tezliklə
9 yaşı olacaq. 7 yaşına qədər futbolla heç maraqlanmırdı. Son bir ildə isə
futbol oyunlarını diqqətlə izləyir. Televiziyada göstərilən demək olar ki, heç
bir oyunu buraxmır.
– Sizin idarə etdiyiniz oyunları da izləyir? Bu oyunlarla bağlı irad və ya
təklif bildirirmi?
– Ola bilsin ki, oyuna hələ hakim gözü ilə baxmadığı üçün bizim buraxdığımız
səhvləri nəzərdən qaçırır.
– Gərgin oyun anlarında necə fokuslanırsınız və qərar verirsiniz?
– Bu səbəbdən bizim işimiz göründüyündən daha çətindir. Fiziki hazırlıqla
məşğul oluruq və eyni zamanda bu gərginliyin təsiri altında qərar verməliyik.
Bu, həqiqətən də çətin peşədir. Ancaq həftələrlə, aylarla hazırlaşırıq ki,
oyunda özümüzü rahat hiss edək.
– Bəs emosional təzyiqlərin öhdəsindən necə gəlirsiniz?
– Əsasən azarkeşlər və bəzən baş məşqçilər tərəfindən təzyiq olur. Bu sahəyə
girəndə belə çətinliklərlə üzləşəcəyimizi bilirik. Çətin də olsa, bu
təzyiqlərin öhdəsindən gəlməyə çalışırıq. Psixoloji hazırlığımızı da daim
yüksək səviyyədə saxlamağa çalışırıq.
– Oyunçularla necə əlaqə qurursunuz?
– Meydanda təbii ki, aramızda əlaqə olur. Amma meydandan kənarda futbolçularla
minimum dostluq etməyə çalışırıq, çünki bəzən bu, düzgün qarşılanmaya bilər.
Oyun ərzində bir-birimizi yaxşı başa düşürük, narazılıqlar da olur. Bu,
futbolun bir hissəsidir.
– Ən gərgin anlarda emosiyalarınıza necə nəzarət edirsiniz?
– Haqlı və ya haqsız olmasından asılı olmayaraq, futbolçular hər zaman
narazılıqlarını ifadə edə bilərlər. Əgər futbolçu əsəblərini cilovlamırsa və
biz də eyni cavabı versək, vəziyyət daha da qarışar. Buna görə səbirli və
təmkinli olmağa çalışırıq. Nadir hallarda futbolçuya sərt cavab veririk. Amma
sonradan təhlil edəndə görürük ki, belə hallar daha böyük fəsadlar yarada bilər.
– Qırmızı vərəqə futbolçular üçün ən çətin anlardan biridir. Belə hallarda
mübahisə yaşayırsınız?
– Əgər ikinci sarı vərəqədən sonra qırmızı vərəqə verilir və bu, açıq-aşkar
qayda pozuntusu olarsa, futbolçu qərarı qəbul edir və meydanı tərk edir. Lakin
qırmızı vərəqə mübahisəli görünürsə, futbolçu meydanda qalmaq və hakimin
fikrini dəyişdirmək üçün əlindən gələni edir. Ancaq qayda pozuntusu
açıq-aşkardırsa, qərar dəyişməz qalır. Oyunçular müəyyən narazılıq göstərsələr
də, sonda meydanı tərk etməli olduqlarını anlayırlar.
– Son vaxtlar hansı futbolçu ilə belə bir vəziyyət yaşamısınız?
– “Səbail” – “Şamaxı” matçında Konate ikinci sarı vərəqədən sonra meydanı tərk
etdi. Cüzi narazılıq göstərsə də, tezliklə başa düşdü ki, meydanı tərk
etməlidir.
– VAR sisteminin futbola təsiri haqqında nə düşünürsünüz?
– Bir çox futbol funksionerləri və azarkeşlər düşünür ki, VAR sistemi hakimlər
üçün yaradılıb. Amma əslində VAR, futbolun gözəlliyini qorumaq və daha ədalətli
qərarlar vermək məqsədilə tətbiq olunub. Hazırda bu sistemin çox effektli
olduğunu düşünürəm. İlk dəfə 2018-ci il dünya çempionatında istifadə olunmağa
başlandı. Əgər o zaman VAR sistemi olmasaydı, Fransa komandası 1/8 finalda
mübarizəni dayandıra bilərdi. Məhz VAR-ın köməyi ilə ədalət bərpa olundu və
Fransa dünya çempionluğunu qazandı.
– Amma VAR sistemi bəzən oyunun intensivliyinə təsir edir və mübahisələrə
səbəb olur. Keçmişdə futbolçu olduğunuz üçün bunun hisslərini başa düşərsiniz.
Təsəvvür edin ki, qol vurub sevincinizi qeyd edirsiniz, amma VAR qərarı ilə
həmin qol ləğv edilir…
– Bu, mənfi tərəf kimi görünsə də, əslində müsbət bir sistemdir. Fərqli
baxışdan düşünə bilərik: niyə qapımıza oyundankənar vəziyyətdən qol
vurulmalıdır? Bəzən texniki səbəblərə görə VAR-a baxış zamanı vaxt uzana bilər
və bu, narazılıqlara səbəb olar. Lakin statistik göstəricilər göstərir ki,
qapıdan zərbə və ya topun oyuna daxil edilməsinə VAR-dan daha çox vaxt sərf
olunur. Hər oyunda VAR-a ehtiyac olmur, çünki bəzi hallarda hakimlər oyunu
qüsursuz idarə edirlər. Nəticədə VAR qərarları ədalətli olur və bəzən vaxt
itkisinə göz yummaq mümkündür.
– Elə məqam olubmu ki, düzgün qərar vermisiniz, amma VAR sistemində
əksikliklər olduğu bildirilib? Belə halda nə etmisiniz?
– Meydanda qərar verərkən hər zaman düzgün olduğunu düşünürük. VAR-a baxan
hakim də aktiv hakimin biridir və yalnız baş hakim ciddi səhv edəndə onu VAR-a
dəvət edir. Normalda VAR hakimləri qərarın doğru və ya yanlış olduğunu mühakimə
etməməlidirlər. Bizim bir şüarımız var: “Hakim həqiqətən aşkar səhv edibmi,
yoxsa yox?” Məsələn, mən sarı vərəqə göstərmişəmsə, amma VAR bunun aşkar
qırmızı vərəqə olduğunu hesab edirsə, məni çağırır və epizodu yenidən
izləyirəm. Sonda qərarı yenə mən verirəm. Belə hallar az da olsa yaşanır. Heç
bir meydan hakimi VAR-a müraciət etmək istəməz, çünki bəzən bu qərarlar bizim
qiymətimizə də təsir edir.
– Karyeranızda vermək məcburiyyətində qaldığınız ən çətin və yaddaqalan qərar
hansı oyunda olub?
– Çoxları ideal komandaların oyunlarını idarə etməyin çətin olduğunu düşünür.
Amma əksər hallarda turnir cədvəlinin sonunda yer alan komandaların oyunları
daha gərgin və çətin keçir. Elitadan kimin çıxacağını təyin edən matçlar daha
çətin olur. Mənim üçün ən çətin matçlardan biri Avropada idarə etdiyim “Sürix”
– “Bayer 04” oyunu olub. Bu görüş təkcə mənim deyil, bütün briqadamız üçün ağır
keçmişdi. O vaxt altı hakimli sistem tətbiq edilirdi və qapının arxasında duran
hakimlərin də üzərinə böyük məsuliyyət düşürdü.
– Haqqınızdakı ən maraqlı və yumoristik tənqid hansı olub?
– Konkret olaraq yadımda qalmayıb. Üstəlik, sosial şəbəkələrdə aktiv olmadığım
üçün bu cür məqamların dərinliyinə çox vara bilmirəm. Ola bilsin ki, hansısa
paylaşımlarda və ya şərhlərdə maraqlı tənqidlər olub.
– Yaxınlarınızdan və dostlarınızdan kimsə sizə haqqınızda maraqlı tənqid
olduğunu deyib?
– (fikirləşir) İndi heç nə yadıma düşmür.
– Bir çox avrokubok oyunlarını idarə etmisiniz. Karyeranızda ən yaddaqalan
hansı xatirələriniz olub?
– Fransa və İtaliyanın U-19 komandaları arasında keçirilən final matçı xüsusi
yaddaqalan idi. Həmçinin illərdir can atdığımız Çempionlar Liqasının qrup
mərhələsindəki ilk oyunumuz da unudulmazdır. Karyeramda bu iki hadisəni xüsusi
vurğulamaq istərdim.
– Sosial şəbəkələrdən istifadə etmədiyinizi dediniz. Amma “Qarabağ” və
“Neftçi” arasında keçirilən matçdan səs yazılarınız yayıldı və bəziləri
hakimlərin söyüş söyməsini tənqid etdi. Həmin vaxt nə baş vermişdi və
hisslərinizi necə cilovlayırsınız?
– Video böyük marağa səbəb oldu. Peşəkar Futbol Liqasına təşəkkür edirəm,
maraqlı bir iş ortaya çıxardı. Təbii ki, orada heç bir təhqirdən söhbət gedə
bilməz. Oyun zamanı belə hallar olur. Biz buna söyüş demirik, daha çox gündəlik
həyatımızda istifadə olunan ifadələrdir. Heç kimi təhqir etmirik və artıq-əskik
söz demirik.
– Kumiriniz kim olub?
– Hakimliyə başlayanda kumirim yox idi. Son dönəmlərdə – Avropada oyunlar
idarə etməyə başlayandan ingilis hakim Hovard Uebbi çox bəyənirdim. Bəlkə də
İngiltərə Premyer Liqasına çox baxdığım üçündür. Türkiyədən Cüneyt Çakırı qeyd
edə bilərəm. Təkbaşına haralara gəlib çıxıb. Əməyi danılmazdır. Görün öz
üzərində nə qədər çalışıb ki, dünya və Avropa çempionatlarında oyunlar idarə
edib. Həmçinin alman, italyan, ümumiyyətlə, böyük futbol ölkələrindən olan
hakimlərdən daha çox nələrsə öyrənməyə çalışmışam.
– Hazırkı hakimlərdən kimləri bəyənirsiniz?
– İlk olaraq polşalı Şimon Marçinyakı qeyd edərdim. Son dünya çempionatının,
həmçinin Çempionlar Liqasının finalını idarə etdi. Mənə görə hazırda Avropda
bir nömrəli hakim odur.
– Dünya futbolunda bəzi hakimlər var ki, futbolçular onlardan qorxub. Məsələn,
Pyerluici Kollina, Markus Merk və s. Bəs sizdən qorxanlar var?
– Kollinaya baxanda bəlkə də deyərik ki, onun görünüşünə görə futbolçular
çəkinirlər. Markus Merki də düz qeyd etdiniz. O dönəmin hakimləri çox güclü
olub. Nadir hallarda bir dönəmdə idarəçilik edən 7-8 eyni səviyyəli hakim görə
bilərik. Doğrudan da onların nüfuzu daha çox idi. Futbolçular meydanda məndən
qorxmasalar da, ən azı hörmət edirlər.
– Hazırda Azərbaycanda və ya dünyada azarkeşlik etdiyiniz, simpatiya
göstərdiyiniz futbol klubu var?
– Bəlkə də bir qədər inandırıcı görünməyə bilər, amma yoxdur. Birincisi,
işimiz buna imkan vermir. İkincisi, heç bir zaman hansısa kluba azarkeşlik
etməmişəm. Hakimlikdən əvvəl də belə idi. Oyuna baxan zaman hansısa komanda
mənə yaxın ola bilər.
– Nə Azərbaycanda, nə də dünyada? Hər halda, istənilən uşağın simpatiya
bəslədiyi klub olur. Bəs Əliyarın uşaq vaxtı simpatiya bəslədiyi klub olub?
– Bəlkə də bəyəndiyim oyunçu olub. Amma həqiqətən simpatiya göstərdiyim klub
və ya yığma olmayıb. Təbii, Azərbaycanı çıxmaq şərtilə dünya üzrə heç bir
yığmanı isti qarşılamamışam. Bəlkə də hansısa klub bəyəndiyim oyunçuya görə
yaxın görünə bilər. Futbola maraq oyunçuların meydandakı hərəkətlərindən
yaranır.
– Simpatiyanız olan, sevdiyiniz, bəyəndiyiniz oyunçu hansıdır?
– Son illərdə Lionel Messi və Kriştianu Ronaldu futbolun hamı tərəfindən
sevilməsinə səbəb olan oyunçulardır. İndi bəlkə də yaşla əlaqədar öz yerlərini
gənclərə verirlər. Gənclərdən fransalı Kilian Mbappeni, almaniyalı Camal
Musialanı göstərmək olar. Yüksək səviyyəli futbolçulardır.
– Əliyar Ağayevin fikri necədir, Ronaldu, yoxsa Messi? Tam səmimi cavab
verməyinizi istərdik.
– Şəxsi fikrimdir, Messi daha üstündür.
– Sizcə, Azərbaycan futbolu güclüdür, yoxsa Azərbaycan hakimliyi?
– Bir qədər çətin sualdır. Nə yalan danışım, hazırkı vəziyyətdə idarə
etdiyimiz oyunların səviyyəsinə əsasən Azərbaycan hakimliyinin daha güclü
olduğunu deyərdim.
– Azərbaycan hakimliyinin bugünkü durumunu necə qiymətləndirirsiniz?
– Çox gənc kollektivimiz var. Üzərlərində işləməliyik, Avropa səviyyəli,
birinci kateqoriyaya yüksəlməyə layiq hakimlərimiz var. Gənc olmaları da bir
üstünlükdür. İnandırım sizi, elə ölkələr var ki, 38-39 yaşında hakim tapıb FIFA
referisi edirlər. Bu baxımdan biz çox irəlidəyik. Premyer Liqadakı hakimlərin
85 faizi gənclərdir. Çempionatımızın səviyyəsi böyük ölkələrlə eyni olmasa da,
hakimlərimiz daim yaxşı oyunları idarə etməyə can atırlar. Buna da layiqdirlər.
– Elit hakimlər kateqoriyasında hələ də yoxsunuz. Necə düşünrüsünüz, sizdən
sonra gələn hakimlər bu kateqoriyaya yüksələ bilər?
– Əlbəttə, ola bilər, potensial var. Mən də addım-addım birinci kateqoriyaya
yüksəlmişəm. Elit kateqoriyaya, demək olar ki, bir addım qalıb. Son addımı
atmaq üçün daim çalışıram. Bunun nə zaman bu baş verəcəyini, yaxud bizdən sonra
gələnlərə qismət olacağını bilmirəm.
– Elit kateqoriyada olmamağınızın səbəbi nədir?
– Bunu məndən çox kimsə istəyə bilməz. Bəzi nüamslar var. Ölkə futbolunun
səviyyəsi müəyyən rol oynayır. Bəzən idarə etdiyimiz hansısa oyunlarda
idarəçilik qənaətbəxş olmayıb deyə, bunu təxirə salıblar. Şükürlər olsun, son
illərdə idarəçiliyimiz yaxşıdır.
– Futbolumuzun mövcud durumu buna çox təsir edir?
– Desəm ki, sırf futbolumuzun səviyyəsinə görə elit kateqoriyaya düşmürəm, bu,
yalan olar. Amma müəyyən, çox cüzi təsirləri var. Çünki UEFA çalışır ki,
futbolu güclü olmayan ölkələrdən də hakimlər yetişdirsin. Özləri də
açıqlayırlar ki, hər dəfə, məsələn, Almaniya – İtaliya matçına fransalı hakim
təyin etmək çətindir. Fərqlilik istəyirlər. Çalışırlar ki, futbolu yüksək
olmayan ölkələrdən də hakimlər cəlb etsinlər.
– Hakimlik ədalət məsələsidir. Olubmu ki, ədalətli qərar verməyinizə
baxmayaraq, sərt şəkildə tənqid, hətta təhdid olunmusunuz? Qardaş Türkiyədə
belə hallar dəfələrlə yaşanıb.
– Tənqidlər olub. Amma şükürlər olsun ki, indiyə qədər hakimlərimizin təhdid
edildiyini görməmişəm. Türkiyə ilə yanaşı, Yunanıstanı da qeyd edərdim.
Tənqidlər haqlı, haqsız, amma olub. Fikrimcə, bu normaldır. Çalışırıq ki,
bundan nəsə götürək. Bəzən haqsızlıq olur, amma bunu ciddiyə almırıq.
– Hakim ciddi olmalı, qərarları sərt və qəti şəkildə qəbul etməlidir. Real
həyatda, ailənizdə də hakimsiniz?
– Təbii ki, hakim olmağa çalışıram (gülür). Meydanda və ailədə insan fərqli
olmalıdır. Hətta oyunlarda belə bəzən gülürük, yaxud sərt oluruq. Bəzən
oyunçularla danışırıq, yaxud da onları heç yaxın buraxmırıq. Biz həmişə
deyirik, hakim meydanda yaxşı mənada artist olmalıdır, roldan rola girməlidir.
Çünki oyun da eyni olmur. Hər komandaya və ya oyunçuya fərqli yanaşma olur.
Oyunda dəyişikliklər olur. Amma həyatda evcil olmaq lazımdır.
– Sizə tərəfkeşlik etməyiniz üçün bahalı hədiyyə, pul təklif edən olub?
– Xeyr, şükür ki, olmayıb. Təbii ki, olsa, ilk növbədə təklifdən imtina
edərik. Bu, bütün hakimlərin vəzifə borcudur. Mütləq imtina olunmalıdır.
Federasiyada bu işə cavadeh şəxslərə isə raport yazılıb təqdim edilməlidir.
Qeyd olunmasa, hətta təklifdən imtina etsə belə, hakim cəzlandırıla bilər. Həm
UEFA-da həm də yerli çempionatlarda bununla bağlı nümunələr var. Bəzən olub ki,
hakim dərhal təklifdən imtina edib, amma quruma heç bir məlumat vermədiyinə
görə futboldan 10 illik uzaqlaşdırılıb. İmtina etmək birinci addımdır. Digər
addımlar özünü qorumaq üçün atılmalıdır.
– Bir hakimin fiziki hazırlığı nə qədər önəmlidir? Siz fiziki hazırlığınız
üçün nə qədər vaxt sərf edirsiniz?
– Əvvəl hakimin fiziki hazırlığının yaxşı olmasının kifayət etdiyini
deyirdilər. İndiki dönəmdə isə hakim konkret atlet olmalıdır. Oyunların sürəti
son illərdə çox artıb. Bu halla üzləşməmək üçün hakimin fiziki hazırlığı yüksək
səviyyədə olmalıdır. Məsələn, çempionatda idarə etdiyimiz son oyunun raportunda
topun 60 dəqiqə meydanda olduğu yazılmışdı. Bu, topun sırf oyunda olduğu
zamandır. Yəni 95 dəqiqənin 60 dəqiqəsində top meydanda olub. Təbii ki, bu
halda sən mütləq hərəkət etməlisən. Ona görə də fiziki hazırlıq önəmlidir.
Hazırda fiziki hazırlıq üzrə iki məşqçimiz var və üzərimizdə çox çalışırlar.
Həftədə 3 dəfə qrup şəklində məcburi məşqlər keçirik. Bundan başqa, fərdi
məşqlər də edirik.
– Hakimlik sahəsində ən böyük arzunuz nədir?
– Klub yarışlarında maksimuma çatmışıq. Növbəti məqsədlər, təbii ki, elit
kateqoriyaya yüksəlmək və ən azı Avropa çempionatının final mərhələsində
Azərbaycanı briqada şəklində təmsil etməkdir. Bunun üçün daim çalışırıq. Əliyar
bu işi tək görə və bu səviyyəyə gəlib çata bilməzdi. Briqadanın önəmi var. Neçə
illərdir eyni köməkçi hakimlərlə çalışırıq.
– Yaxşı hakim olmaq üçün üç əsas şərt nədir?
– Ən birincisi fiziki hazırlıqdır. Bundan başqa, hakim oyunlardan asılı
olmayaraq, meydanda ədaləti daim qorumalıdır. Üçüncü şərtə dil bilgilərini
daxil edə bilərik. Amma mən hesab edirəm ki, hakim səbrli olmalıdır. Səbrli
olarsa, işinin öhdəsindən daha rahat gələcək. Səbirsiz və emosional olsa,
oyunun “ip”ini əlindən buraxa bilər. Səbri və təmkini üçüncü yerə qoyardım.
Ondan sonra, təbii ki, dil biliyi və intellektual səviyyə gələ bilər.
– Bildiyimizə görə, ingilis, rus və Azərbaycan dilində rahat danışırsınız…
– Bəli, rus dili ölkədə daha çox istifadə olunur. İngilis dilini hakimliyə
başlamamışdan əvvəl, İdman Akademiyasında təhsil alarkən öyrənmişdim. Bu da
mənə çox kömək oldu. İndiki dönəmdə də bu beynəlxalq dərəcəli hakim statusu
qazanmaq üçün əsas nüanslardandır. Təsəvvür edin, adınız FIFA-ya göndərilir.
Daha sonra UEFA-nın seminarı olur. İngilis dili imtahanından keçə bilməsək,
bizi hakim kimi qəbul etmirlər.
– İndiyə qədər çox hakim-inspektorlarla çalışmısınız. əvvəl yerli
mütəxəssislər olub. Türkiyəli Barış Şimşəkdən sonra hazırda belçikalı Frank De
Blekere Hakimlər Komitəsinə rəhbərlik edir. Əcnəbi hakim-inspektorlarla
çalışmağın sizin üçün üstünlüyü nədir?
– Komitə sədrlərinin kimliyindən asılı olmayaraq, həmişə onlardan nəsə
götürməyə çalışmışıq. Əcnəbilərdən öncə 10 il Xaqani Məmmədovla işləmişik.
Təbii ki, komitə sədrləri öz məsləhətlərini verir. Çünki heç kim öz hakiminin
zəif olmasını istəməz. Komitə sədrinin uzun müddət vəzifəsində qalması
hakimlərdən asılıdır. Önəmli məsləhətlərə qulaq asırıq. Təbii ki, bəzən
məsləhətləri önəmli sayıb istifadə etməmişik. 6 ildir əcnəbi komitə sədri təyin
olunur. Hətta futbolu kifayət qədər yüksək səviyyədə olan ölkələrdə belə əcnəbi
komitə sədrlərini dəvət edirlər. Əsas məqsədlərdən biri budur ki, UEFA ilə
işbirliyində irəliləyişlərə nail olunsun.
– Bir az əvvəl verdiyim sualı təkrarlamaq istərdim. Mümkünsə, bir
əsəbiləşdiyiniz, bir də sizi güldürən məqamlarla bağlı xatirələrinizi bizimlə
bölüşərdiniz…
– Əslində xoşuma gəlməyən tənqidlər çox olub (gülür, daha sonra fikirləşir).
Vallah, gizlətmirəm, amma hazırda yadıma düşmür. Yumoristik məqamla bağlı deyim
ki, bir dəfə Bolqarıstana “Ludoqorets” – “Espanyol” matçını idarə etməyə
getmişdik. İsinmə hərəkətləri zamanı stadionda toplaşan türkiyəli azarkeşlər
bir neçə dəfə “Əliyar, Əliyar” deyə adımı çağırdılar. Təbii ki, belə olan halda
adətən reaksiya vermirik. Lakin qəfildən Prezident İlham Əliyevin ad və
soyadını bir neçə dəfə səsləndirdilər. Maraq yarandı və biz də onlara öz
salamımızı çatdırdıq.