Azərbaycanlı futbolçu 30 yaşında karyerasını başa vurdu
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Azərbaycanlı futbolçu Vüqar Bəybalayev peşəkar karyerasını başa vurub.
Bu barədə 30 yaşlı yarımmüdafiəçi özünün sosial şəbəkə hesabında paylaşım edib.
Vüqar Bəybalayev “Bakı”nın yetirməsidir. O, karyerası ərzində “Turan Tovuz”,
“Rəvan”, “Xəzər Lənkəran”, “Kəpəz”, “Sumqayıt”, “Səbail”, “Televi” (Gürcüstan)
və “Sumqayıt”da çıxış edib.
Təcrübəli orta xətt oyunçusu son olaraq I Liqa təmsilçisi “İrəvan”ın formasını
geyinib.
V.Bəybalayevin paylaşımını diqqətinizə çatdırırıq:
“Bəlkə də, bu günlərdə həyatımın ən çətin, bir o qədər də vacib qərarlarından
birini verməli oldum. Ancaq öz-özümə “artıq vaxtıdır”, – deyib belə bir qərar
aldım. Bildirmək istəyirəm ki, bu gündən etibarən altı yaşımdan başladığım və
ömrümün 24 ilini həsr etdiyim peşəkar futbolçu karyeramı bitirirəm!
Futbol mənə həyatımda saysız-hesabsız təcrübələr, möhtəşəm dostluqlar və hər
zaman dəstəyini hiss etdiyim dəyərli insanlar qazandırdı. Yaşıl meydandan
ayrılmağa qərar versəm də, futbolun mənə bəxş etdiyi sevinclər, öyrətdiyi
təcrübələr, qazandırdığı dostlar, dəyərli insanlar bundan sonra da hər zaman
mənimlə həyatımın geri qalanında qəlbimdə daim var olacaq.
Bu yolda oynadığım komandadan asılı olmayaraq, bu günə kimi mənə dəstək olan
azarkeşlərə, ilk gündən mənə inanan və güvənən ailəmə, daha da yaxşı olmağım
üçün əziyyət çəkən hər kəsə təşəkkür edir, əziyyətləri qarşısında baş əyirəm!”