Tbilisidə M.F.Axundzadə adına Azərbaycan Mədəniyyəti Muzeyində tanınmış azərbaycanlı milyonçu, ictimai xadim və xeyriyyəçi Ağa Musa Nağıyevə həsr olunmuş tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə Azərbaycan “Milli Dəyələrin Qorunması” İctimai Birliyinin sədri, milyonçunun nəvəsi, tarix üzrə elmlər doktoru Dilarə Ağamusa Nağıyevanın müəllifi olduğu “Hər ömür bir tamaşa., (Bakı gecələri)” adlı kitabı təqdim olunub.
Bildirilib ki, kitab Ağa Musa Nağıyevin vəfatının 100 illiyinə həsr edilib.
Muzeyin direktoru Leyla Əliyeva çıxış edərək Ağa Musa Nağıyevin Gürcüstanda da yaxşı tanındığını, onun xeyriyyəçilik fəaliyyəti barədə gürcü ictimaiyyətinin də məlumatlı olduğunu bildirib.
Sonra kitabın müəllifi babası haqqında apardığı təhqiqatları barədə məlumat verib.