Bu gün AFFA-nın inzibati binasında İcraiyyə Komitəsinin növbəti iclası keçirilib.
ÇıxışYolu.Com xəbər verir ki, aparılmış müzakirələrdən sonra aşağıdakı qərarlar qəbul edilib:
Premyer Liqa klublarının əvəzedici komandaları arasında keçirilən çempionat davam etdirilsin. 2018/2019 mövsümündən etibarən əvəzedici komandanın oyunu əsas komandanın oyunundan bir gün əvvəl keçirilsin.
Premyer Liqasda gənc futbolçularla bağlı limit aşağıdakı qaydada tətbiq olunsun: 1996-1997-ci il təvəllüdlü futbolçu start heyətinə, 1998-1999-cu il təvəllüdlü futbolçu oyunun protokoluna daxil olunsun.
AFFA-nın baş katibliyi I Divizionla bağlı İcraiyyə Komitəsinə yeni konsepsiya təqdim etsin.
AFFA-nın Apellyasiya və Arbitraj Tribunalının sədri Muxtar Babayevin istefası qəbul olunsun. AFFA-nın növbəti Konfransına qədər Apellyasiya və Arbitraj Tribunalının sədri vəzifəsi Ziya Babayevə həvalə olunsun.
İclasda Azərbaycan milli komandası barədə baş məşqçi Qurban Qurbanovun qısa hesabatı dinlənilib. Lisenziyalaşdırma prosesi ilə bağlı hesabat təqdim olunub.
Qeyd edək ki, Muxtar Babayev ötən ay Ekologiya və Təbii Sərvətlər naziri təyin olunub. Bu üzdən o bir həftə əvvəl üzvü olduğu “Sumqayıt”ın Müşahidə Şurasından da azad edilib.
S.T.
www.ÇıxışYolu.Com