83676a19-3709-4a28-a430-6d8ae84e3735..jpg

Azərbaycanlı tələbələrin hazırladığı PUA-nın ilk uçuşu olub – FOTO

Baxış sayı: 764 dəfə baxılıb.

Azərbaycanlı tələbələrin hazırladığı PUA-nın ilk uçuşu olub – FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ulu öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü münasibətilə
Azərbaycan Texniki Universiteti və Milli Aviasiya Akademiyasının tələbələrinin
birgə hazırladığı müdafiə təyinatlı pilotsuz uçuş aparatının (PUA) ilk uçuşu
həyata keçirilib.

“Report”un Aran bürosu xəbər verir ki, tələbələrin layihələndirdiyi PUA
Azərbaycan Texniki Universiteti (AzTU), Türk Aviasiya və Kosmik Sənayesi
Şirkəti (TUSAŞ) və Milli Aviasiya Akademiyasının (MAA) iştirakı ilə həyata
keçirilən “AzTU-Turkish Aerospace, MGP 2023.1” yüksəkixtisaslı mühəndis
hazırlığı təlim proqramı çərçivəsində hazırlanıb.

Tələbələr 8 ay ərzində TUSAŞ mütəxəssislərinin təlimlərində iştirak edərək
Mühəndis Təkmilləşdirmə Proqramını uğurla başa vurublar.

Tədbirdə AzTU-nun rektoru Vilayət Vəliyev, MAA-nın birinci prorektoru Ədalət
Səmədov, TUSAŞ MGP Akademiyasının rəhbəri Əhməd Pinarbaşı, TUSAŞ MGP Akademiya
müdiri Sərhat Gül, TUSAŞ MGP layihə koordinatoru Görkəm Şimşək, TUSAŞ-dan
təlimçi-mühəndis Səbri Orçun, TUSAŞ PUA pilotları Okan Çindəmir, Muhammed
Furkan Bahat iştirak ediblər.

Proqramın əsas məqsədi pilotsuz uçuş aparatlarının istehsal və istifadə
edilməsi üçün yerli mühəndislərin hazırlanmasıdır. Bildirilib ki, proqrama hər
iki ali təhsil müəssisəsinin iqtisadiyyat üzrə ixtisaslar istisna olmaqla,
digər bütün mühəndislik fakültələrində (aerokosmik mühəndislik, informasiya
texnologiyaları, mexatronika, maşın mühəndisliyi, elektrik-elektronika,
xəbərləşmə (radioelektronika), metallurgiya və s.) təhsil alan tələbələr cəlb
edilib.

Qeyd olunan ixtisaslarda təhsil alan bütün tələbələr layihə əsaslı və açıq
rəqabətli öyrənmə-öyrətmə modelinə söykənən bu təlim proqramına ingilis dili və
qabiliyyət üzrə test imtahanları ilə yanaşı, müsahibə mərhələsindən keçməklə
qəbul edilib.

Ümumilikdə dörd mərhələdən ibarət olan təlim proqramı ideyadan ilk uçuşa qədər
nəzərdə tutulmaqla, pilotsuz uçuş aparatının layihələndirilməsi və istehsalı
məqsədilə təşkil edilib. Proqramın nəzəri hissəsi 3 həftə, praktiki əsasları 5
həftə, istehsal 4 həftə, test (uçuş) mərhələsi 4 həftə davam etməklə, PUA-nın
bütün detalları layihə çərçivəsində AzTU-da yaradılan xüsusi emalatxanada
hazırlanıb.

Layihə çərçivəsində ərsəyə gələn müdafiə təyinatlı pilotsuz uçuş aparatının
koordinat məlumatları GPS sistemi vasitəsilə yer stansiyasına göndərilir.

Məsələn: Düşmənin və dostun təyin edilməsi məqsədilə əsgərlərin geyindiyi
formalar (beretlər) rənglərə görə fərqlənməlidir. Göy rəngli beret dost
ünsürünü bildirir, düşmən isə digər rəngdə geyimə görə müəyyən edilir. Missiya
50 metr hündürlükdə 10 dəqiqə sabit uçuş şəraitində həyata keçirilir. Prosesin
ümumi davametmə müddəti 14 dəqiqədir. Tapşırıq zamanı düşmənin koordinatları
proqram vasitəsilə avtomatik hesablanır, ümumi əsas məlumatlar analiz olunaraq
Yer İdarəetmə Stansiyasına ötürülür. Uçuş Yer Stansiya İnterfeysində (GUI)
göstərilən məlumatlar əsasında PUA-nın istiqamətinə nəzarət etməklə həyata
keçirilir.

Tədbirin yekununda layihədə iştirak edən tələbələr mükafatlandırılıb.

Qeyd olunub ki, proqramda iştirak edən dörd tələbə “Bayraktar Texnologiya
Azərbaycan” şirkətindən iş təklifi alıb və hazırda Türkiyədə müvafiq təlimlərdə
iştirak edir.

Source link