848f0e1f-1e0b-42c1-9ce1-ae4c589dcdfb..jpg

Azərbaycanlılara qarşı soyqırımı planının tərkib hissəsi: Qaradağlı faciəsi – şahid və müstəntiq danışır +FOTO

Baxış sayı: 805 dəfə baxılıb.

Azərbaycanlılara qarşı soyqırımı planının tərkib hissəsi: Qaradağlı faciəsi –
şahid və müstəntiq danışır +FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ötən əsrin əvvəllərində azərbaycanlılara qarşı sistemli və planlanmış
soyqırımı aktları geniş vüsət almışdı. Belə ki, 1918-ci ilin 30 mart və 3 aprel
tarixləri arasında Bakı şəhərində və Bakı quberniyasının müxtəlif bölgələrində,
eləcə də Göyçay, Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Hacıqabul, Salyan, Zəngəzur,
Qarabağ, Naxçıvan və digər ərazilərdə bolşeviklər və Daşnaksütyundan olan
erməni silahlı dəstələrinin azərbaycanlılara qarşı törətdikləri qırğınlar
1987-ci ildən etibarən təqiblər və yeni qırğınlar, soyqırımları ilə yenidən
alovlanmışdı. Həmin qətliamlardan biri də 1992-ci il fevralın 17-də – hərbi
birləşmələri fevralın 14-də Rusiyanın Xankəndidə yerləşdirilən 366-cı motoatıcı
alayının hərbi qüvvəsi və texnikasının köməyi ilə Xocavəndin Qaradağlı kəndində
həyata keçirilib.

Həmin hadisələr barədə Qaradağlı faciəsinin şahidi İlqar Hüseynov “Report”a
açıqlamasında deyib ki, 1987-ci ildən ermənilərin azərbaycanlıları təqibi
Qarabağ və ətraf rayonlarda onlar tərəfindən bir sıra qətllərin törədilməsi ilə
başlayıb:

“Qaradağlı faciəsinin törədilməsi də məhz belə bir hadisə fonunda həyata
keçirilib. Belə ki, 1990-cı ilin noyabr ayının 9-da Bakıdan Qaradağlıya gəlmiş
mebel maşını geri qayıdarkən Xocavənd istiqamətində ermənilər tərəfindən
qarşısı kəsilir. Bu zaman kəndimizin sakini Xandəmir Hüseynov də onlarla Bakıya
gedirmiş. Ermənilər avtomobildəki üç nəfəri qətlə yetirmiş, sinələrinə də
qızdırılmış dəmir xaçla dağ çəkmişdilər. 1991-ci ilin yanvarında Ağdamdan
Qaradağlı kəndinə gələn UAZ markalı avtomobili də arxadan avtomat atəşinə
tutmuş, sürücüsü Soltan Bayramov şəhid edilmişdi. Sözügedən hadisələr baş
verdikcə kənd əhalisinin təhlükəsizliklə bağlı artan narahatlığı vəziyyəti
get-gedə daha da çətinləşdirirdi. Biz kömək barədə paytaxta müraciətlər
göndərirdik, sizə kömək göndəriləcək deyilsə də, lakin heç bir kömək gəlmirdi”.

Qaradağlı kənd sakini bildirib ki, beləliklə, 1991-ci ilin iyun ayında
Qaradağlı kəndi ermənilər tərəfindən güclü atəşə tutuldu:

“Kənddə böyük bir ferma var idi, kənd ermənilər tərəfindən hər dəfə atəşə
tutulanda həmin fermaya köməyə gedirdik. Səhərə yaxın silah səsləri kəsildikdən
sonra fermaya üz tutanda gördük ki, fermanın yanında işçilərin qalması üçün
nəzərdə tutulan binada üçü qadın olmaqla altı nəfəri yaşadıqları yerdəcə qətlə
yetiriblər. 1991-ci il sentyabrın 8-də Qaradağlıdan Ağdama gedən avtobusu da
eyni tale gözləyirdi. Ermənilər 41 azərbaycanlını silah atəşinə tutmaqla 8
nəfəri şəhid etmişdilər. Burada şəhid olanlardan çoxu qadın idi. Sözügedən
hadisələrin fonunda hər yerlə əlaqəmiz kəsilmişdi, mühasirə şəraitində
yaşayırdıq. 1991-ci ilin noyabrında yardıma gələn helikopterin vurulması ilə
artıq kəndə havadan da kömək edilməsi mümkün görünmürdü”.

“Artıq kənddə 118 nəfər qalmışdıq, müqavimətimiz də qırılmışdı. 1992-ci ilin
fevral ayının 14-15-nə keçən gecə Qaradağlı kəndi dörd bir tərəfdən atəşə
tutuldu. Bizim elə də güclü silahlarımız yox idi, ona görə lazımi müqaviməti
göstərə bilmirdik. Artıq fevralın 16-da səkkiz azərbaycanlı ermənilərlə döyüşdə
həlak olmuşdu. Elə məhz həmin gün günorta saatlarında Xankəndi istiqamətindən
ağır texnikalarla kəndə hücum etdilər. Müqavimət göstərsək də, şəhidlərimiz var
idi və gərəkli texnikamız, silahlarımız olmadığı üçün müqavimətimiz nəticəsiz
idi. Qaradağlıda yerləşən kolxoz binasına girməyə qərar verdik. Bura tuşlanan
ağır texnikalardan açılan atəş nəticəsində bina uça bilərdi. Bununla həlak
olacaq və düşmən əlinə keçməyəcəkdik, məqsədimiz bu idi. Lakin biz həmin binada
olarkən ermənilər dayandılar və təslim olsaq, bizi erməni əsirlərlə
dəyişəcəklərini dedilər”, – deyə o qeyd edib.

Faciə şahidinin sözlərinə görə, onlar bir neçə saat ərzində ermənilərlə
razılaşmayıblar:

“Yaralılarımız vardı, həmçinin patronumuz bitmiş, müqavimət göstərmək üçün
silah-sursatımız qalmamışdı. Beləliklə, məcbur qalaraq təslim olduq. Yaralıları
elə gözümüzün önündəcə öldürdülər. Daha sonra bizi maşınlara doldurub apararkən
yolda avtomobili saxlayıb 10 nəfəri də yolda güllələdilər. Qardaşımla mən eyni
avtomobildə, əmilərim və anam isə başqa avtomobildə idik. Avtomobil mənzil
başına çatana kimi 33 nəfər fərqli-fərqli şəkillərdə qətlə yetirildi. Bəziləri
güllələndi, bəzilərinin başı kəsildi, bəziləri isə ağacla döyülərək öldürüldü.
Xankəndinin girişinə çatanda daha iki nəfəri şəhid etdikdən sonra bizi burada
yerləşən bir zirzəmidə həbs etdilər. İki gün ard-arda beş nəfəri zirzəmidən
çıxararaq harasa apardılar. Bu gün də həmin insanların taleyindən xəbərdar
deyilik. 1992-ci ilin fevral ayının 24-dək səkkiz nəfər zirzəmidə qaldıq. Ayın
24-də mən də daxil olmaqla dörd nəfəri zirzəmidən çıxararaq köhnə Pedaqoji
İnstitutun qarşısında yerləşən təcridxanaya gətirdilər. Geridə zirzəmidə
qalanlardan biri əmim nəvəsi, digəri isə qonşumuz idi. Onların da taleyi bizə
məlum deyil”.

İ.Hüseynov təcridxanada ac-susuz saxlanıldıqlarını deyib:

“Sutkada sadəcə bir dəfə 50 qramlıq arpa çörəyi verirdilər. Burada qalanlardan
8 nəfər aclıqdan öldü. Bununla belə işgəncələr də davam edirdi. Demək olar hər
gün bizi döyürdülər, martın 19-da bizi vəhşicəsinə döydülər və bu zaman
əsirlərdən bir nəfər də həlak oldu. Martın 31-dək bu işgəncələr davam etdi. Heç
vaxt unutmaram, ermənilərdən biri fevralın 25-də bizi döyərkən dedi ki, bu gün
Xocalını da sizin gününüzə salacağıq. Təcridxanadan Xocalıya gedən yola kiçik
pəncərə açılırdı. Həmin gecə o yoldan Xocalıya gedən 96 ağır texnika saydıq.
Səhəri gün yanımıza Xocalıdan da əsirlər gətirdilər. Onlardan bütün ailə
üzvlərini itirənlər vardı”.

Qaradağlı qətliamının şahidi əlavə edib ki, həmin vaxt Qızıl Xaç Komitəsinin
nümayəndələri saxlanıldıqları təcridxanaya baş çəkiblər:

“Bu zaman məktub yazıb yerimizi dedik və bildirdik ki, burada əsir
saxlanılırıq. Əsirlikdən sağ çıxa bilməyimiz sadəcə erməni əsirlərlə
dəyişdirilməyimiz nəticəsində mümkün ola bilər. Milli Qəhrəman Allahverdi
Bağırovun sayəsində, nəhayət, 1992-ci ilin martın 31-də bizi Xocalıya, oradan
isə Ağdama gətirdilər və 9 azərbaycanlı əsiri 9 erməni əsirlə dəyişdilər.
Bizimlə birgə 11 şəhidimizin cənazəsi də Azərbaycan tərəfinə təhvil verildi. O
zaman 34 yaşım var idi və aclıqdan, işgəncələrdən 42 kiloqram çəkiyə düşmüşdüm.
Məndən üç gün sonra anam da əsirlikdən azad edilmişdi”.

Baş Prokurorluğun İstintaq İdarəsinin xüsusilə mühüm işlər müstəntiqi, birinci
dərəcəli hüquqşünas Coşqun Nəcəfov bildirib ki, 1991-ci ilin iyun ayının 27-dən
28-nə keçən gecə Xocavənd rayonunun Qaradağlı kəndi ərazisində yerləşən Nəriman
Nərimanov adına kolxoza məxsus mal-qara fermasının işçilərinin yaşadığı
birmərtəbəli beşotaqlı evə erməni silahlı dəstələri tərəfindən hücum edilməsi
nəticəsində 6 şəxsin qətlə yetirilməsi, 4 şəxsin xəsarət alması, kolxoza məxsus
iribuynuzlu heyvanların oğurlanması faktları üzrə toplanmış materiallar
əsasında 29 iyun 1991-ci ildə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin
(köhnə redaksiyada, yəni 2000-ci ilə qədər qüvvədə olmuş) 70-ci 88-1, 94.4 və
94.6-cı maddələri ilə cinayət işi başlanıb. İstintaqla müəyyən olunub ki, baş
vermiş hadisə nəticəsində Xocavənd rayonu Qaradağlı kənd sakini Bəki Qaçay oğlu
Tağıyev, Tovhid Cəlil oğlu Məmmədov, İltifat Əjdər oğlu Şirinov, Qaragöz Habil
qızı Şirinova, Səbiqə Mürsəl qızı Hüseynova və Məxmər Məcid qızı Hüseynova
fermanın binasında qəsdən öldürülüb, üç nəfərin meyiti öldürüldükdən sonra
sözügedən binada olan qaz balonu vasitəsilə yandırılıb.

“Kənd sakinləri Mənzər Allahverdi qızı Tağıyeva, Talıb İnqilab oğlu Tağıyev,
Aytəkin Almazxan qızı Hüseynova, Qalib İngilis oğlu Tağıyevə xəsarət yetirilib.
Həmin gün Qaradağlı kəndinə hücum nəticəsində də eyni zamanda 11 kənd sakininə
məxsus əmlaka maddi ziyan dəyib. Cinayət işi üzrə çoxsaylı istintaq hərəkəti
aparılmış, Xocavənd rayonunun erməniəsilli sakinləri ilk olaraq törətmiş
olduqları cinayət əməlini etiraf etmiş, daha sonra istintaqdan yayındıqları
üçün 2 aprel 1992-ci il tarixdə cinayət işi üzrə icraat təqsirləndirilən
şəxslərin olduqları yerin müəyyən edilməməsi əsasına görə dayandırılıb.

Nəhayət, 13 oktyabr 2005-ci il tarixində həmin cinayət işi üzrə icraatın
dayandırılması haqqında qərar ləğv edilib və sözügedən cinayət işi Azərbaycan
Respublikası Cinayət Məcəlləsinin 103 və 107-ci maddələrinə tövsif edilib.
Hazırda zəruri istintaq hərəkətləri davam etdirilir. Bəhs olunan cinayət işi
ilə əlaqədar bir çox erməniəsilli şəxslərin təqsirləndirilən şəxs qismində cəlb
olunaraq axtarışa verilməsi haqqında qərarlar qəbul edilib”, – deyə hüquqşünas
qeyd edib .

Xatırladaq ki, ermənilər tərəfindən törədilən soyqırımı zamanı Qaradağlı
kəndində 91 kənd sakini, yəni hər 10 nəfərdən biri qətlə yetirilib.
Öldürülənlərdən 21-i ahıl və qoca, 10-u qadın, 8-i məktəbli olub. 146 uşaq
yetim qalıb. İşğal nəticəsində kənddə 200 yaşayış evi, bir mədəniyyət evi, 320
yerlik orta məktəb, 25 çarpayılıq xəstəxana binası və digər sosial obyektlər
dağıdılıb. Bu faciədən sonra kəndin 800-dək sakini məcburi köçkün vəziyyətinə
düşüb.

Source link