206b69a1-1679-461f-89e2-9ae94c7e864c.jpg

Azərbaycanlılara xaricdə ev aldıran səbəblər

Baxış sayı: 234 dəfə baxılıb.

Xarici ölkələrdə daşınmaz əmlaka investisiya yatırmaq ən gəlirli biznes
sahələrindən sayılır. Son illər Azərbaycan vətəndaşlarının da xarici ölkələrin
daşınmaz əmlak bazarında fəallığı müşahidə olunur. Azərbaycanlıların daha çox
maraq göstərdiyi qardaş Türkiyənin daşınmaz əmlak bazarıdır. Məsələn, Türkiyə
Statistika Xidmətinin məlumatına görə, təkcə ötən il bu ölkədə Azərbaycan
vətəndaşları tərəfindən 832 mənzil alınıb. Amma statistika onu da deyir ki,
Azərbaycan vətəndaşlarının Türkiyədə mənzil alışı ilbəil azalır. 2024-cü ilin
ilk altı ayı ərzində Azərbaycan vətəndaşları Türkiyədən 339 mənzil alıblar.
2023-cü ilin ilk altı ayı ərzində bu rəqəm 395 idi.

Bəs, görəsən, Azərbaycan vətəndaşlarının xarici ölkələrdə əmlak almasını
stimullaşdıran səbəblər hansılardır? Hazırda azərbaycanlılar daha çox hansı
ölkələrdən ev alırlar? Ötən illərlə müqayisədə Türkiyədən mənzil alanların
sayının azalmasına səbəb nədir?

Ekspertlər bildirirlər ki, hazırda azərbaycanlılar Türkiyə ilə yanaşı,
Gürcüstanda, Mərkəzi və Şərqi Avropa ölkələrində, Birləşmiş Ərəb
Əmirliklərində, Qətərdə daşınmaz əmlak sahibi olmağa daha çox maraq
göstərirlər. Xarici ölkələrdə əmlak alanların böyük əksəriyyəti iş adamlarıdır.
Onlar həm risklərini bölüşdürmək, həm də əlavə qazanc əldə etmək məqsədilə
xaricdə daşınmaz əmlaka investisiya yatırırlar. Bəzi iş adamlarının daşınmaz
əmlak aldığı ölkələrdə biznesləri də mövcuddur.

“Kaspi” qəzeti mövzu ilə bağlı məqalə dərc edib.

Vətəndaşlar bankı yox, əmlakı seçir

Ekspert Vüqar Oruc bildirib ki, daşınmaz əmlaka investisiya yatırmaq səmərəli
sayıldığından Azərbaycan vətəndaşları istər ölkə daxilində, istərsə də xaricdə
bu sahəyə sərmayə qoymaqda maraqlıdırlar: “Vətəndaşlar öz vəsaitlərini
banklarda depozit şəklində də saxlaya bilərlər. Amma bu, mənfəət əldə etmək
baxımından səmərəli deyil. Məsələn, vətəndaş vəsaitini depozit formasında
hansısa banka yerləşdirərsə, il ərzində maksimum 8-10 faiz gəlir əldə edə
bilər. Daşınmaz əmlak isə sürətlə bahalaşdığından il ərzində təqribən 15-20
faiz mənfəət qazanmaq olur. Bu əmlak torpaq sahəsi olduqda gəlir hətta 50 faizə
qədər arta bilər. Buna görə də azərbaycanlı investorlar zaman-zaman Türkiyədə,
Gürcüstanda, Dubayda daşınmaz əmlaka investisiya yatırırlar”.

Əmlak kimi otel otaqları da satılır

V.Orucun sözlərinə görə, xarici ölkələrdə daşınmaz əmlak kimi otel otaqları da
satışa çıxarılır: “Bu tendensiya, əsasən, Dubayda və Batumidə geniş yayılıb. Bu
şəhərlərdə yerləşən otellərdə otaqlar satışa çıxarılır. Başqa ölkə vətəndaşları
kimi, azərbaycanlılar da həmin şəhərlərdəki otellərdən otaq almağa böyük maraq
göstərirlər. Cəlbedici olduğundan və yüksək mənfəət gətirdiyindən bu
istiqamətdə investisiyalar indi də davam edir”.

Bununla yanaşı, ekspert vurğulayıb ki, son illər daşınmaz əmlakla bağlı xarici
ölkələrə investisiya axını azalıb. Hazırda yerli investorlar Azərbaycanın
daşınmaz əmlak bazarına investisiya yatırmağa maraq göstərirlər: “Bunun
müxtəlif səbəbləri var. Həm ölkədə iqtisadi sabitlik hökm sürür, həm işğaldan
azad olunmuş ərazilərdə böyük investisiya qoyuluşları həyata keçirilir, həm də
daşınmaz əmlak sahəsində müəyyən bürokratik əngəllər aradan qaldırılıb. Bütün
bunlar yerli investorların marağını daxili bazara yönəldir. Hazırda vətəndaşlar
tərəfindən daha çox Bakı və ətraf ərazilərdə, eləcə də ölkənin turizm
bölgələrində daşınmaz əmlaklar alınır”.

“Bəzi ölkələrdə əmlak almaq…”

Əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev hesab edir ki, xaricdə daşınmaz
əmlak almağın əsas üstünlüyü bir çox hallarda oturma izni əldə etmək və
vətəndaşlıq almaq üçün imkan yaratmasındadır: “Bəzi ölkələrdə əmlak almaq həmin
ölkənin vətəndaşlığını və ya yaşamaq hüququnu əldə etmək deməkdir. Hazırda
Avropada əmlak almaq daha cəlbedicidir. Lakin orada da daşınmaz əmlak
qiymətləri ucuz deyil. Bundan başqa, hər bir dövlətin təyin etdiyi limit var.
Alınan daşınmaz əmlak həmin limiti keçdiyi halda vətəndaşlıq və ya yaşama
hüququ qazanırsan. Bu limit ölkədən asılı olaraq 200 min dollardan 500 min
dollara qədər dəyişir. Son illər ən çox limiti artıran ölkə isə Türkiyədir.
Bunun da səbəbləri var. Türkiyədə bu limit əvvəl 250 min dollar idi.
Rusiya-Ukrayna müharibəsindən sonra xüsusilə xaricdə yaşayan rusların öz
bizneslərini Türkiyəyə köçürmək cəhdinə görə bu ölkəyə axın çoxaldı. Buna görə
də Türkiyə hökuməti həmin limiti 500 min dollara qədər artırdı. Amma Küveyt
kimi ölkələr də var ki, xarici vətəndaşların həmin ölkədə mənzil alması
qadağandır”.

Zəlzələ əmlak bazarına inamı azaldıb

Son illər Azərbaycan vətəndaşlarının Türkiyədən mənzil alışının azalması
səbəblərinə aydınlıq gətirən ekspert bildirib ki, bu, 2023-cü ilin fevralında
qardaş ölkədə baş verən zəlzələ ilə bağlıdır: “Türkiyənin 11 vilayətini əhatə
edən təbii fəlakət nəticəsində xeyli sayda binanın yerlə-yeksan olması bu
ölkədə daşınmaz əmlak bazarına ciddi zərbə vurdu. Həmin dağılan binaların
əksəriyyəti yeni tikililər idi. Nəticədə Türkiyədə mövcud binaların
keyfiyyətinə inam azaldı. Artıq nəinki Azərbaycan, digər ölkə vətəndaşlarının
da bu bazara investisiya yatırmaq istəyi aşağı düşür”.

Türkiyə, ərəb ölkələri və Şərqi Avropa

“MBA Group” konsaltinq şirkətinin baş direktoru Nüsrət İbrahimovun sözlərinə
görə, hazırda azərbaycanlılar daha çox Türkiyə, ərəb ölkələri və Şərqi Avropa
ölkələrində daşınmaz əmlaklarla maraqlanırlar: “Lap əvvəllər azərbaycanlılar
Londonda daşınmaz əmlak almağa meyl edirdilər. İndi bu proses dayanıb. Çünki o
təbəqə artıq Londonda əmlaka sahib olub. İndi xaricdə ev alan azərbaycanlılar,
əsasən, orta təbəqəni təmsil edir. Onların da bir qismi Türkiyəyə, bir qismi
ərəb ölkələrinə, digər qismi də Şərqi Avropa ölkələrinə meyllidir”.

Ekspert deyib ki, insanlar daşınmaz əmlaka təkcə uğurlu yatırım növü kimi
baxmırlar: “Vətəndaşlarımız son illər həm istirahət, həm də təhsil almaq üçün
daha çox Türkiyəyə gedir. Bunun üçün onlara yaşayış yeri lazımdır və hər dəfə
xərc çəkib kirayəyə ev tutmaqdansa, oteldə qalmaqdansa imkanı olan insanlar
birdəfəlik əmlak almağa üstünlük verirlər. Yatırımda digər səbəb isə risklərin
bölüşdürüməsidir”.

Source link