999f3e92-1e94-4432-94f4-6f7d2dce3d21..jpg

Azərbaycanlıların kütləvi deportasiya və soyqırımına məruz qoyulması faktları əsasında cinayət işi başlanıb

Baxış sayı: 847 dəfə baxılıb.

Azərbaycanlıların kütləvi deportasiya və soyqırımına məruz qoyulması faktları
əsasında cinayət işi başlanıb

Azərbaycanlıların kütləvi şəkildə deportasiya, təqib və soyqırımına məruz
qoyulması faktları əsasında cinayət işi başlanıb.

Bu barədə Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, “Qərbi Azərbaycan İcması” İctimai Birliyi, Qaçqınların və
Məcburi Köçkünlərin İşləri Üzrə Dövlət Komitəsi və Əsir və itkin düşmüş, girov
götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının müraciəti əsasında
Azərbaycan Respublikası Baş Prokurorluğunun İstintaq idarəsində araşdırma
aparılıb.

Azərbaycan Respublikası Dövlət Arxivində saxlanılan sənədlərə əsasən, XX əsrin
əvvəlindən başlayaraq erməniəsilli şəxslərin rəhbərliyi ilə yaradılmış silahlı
birləşmələr tərəfindən Qərbi Azərbaycan torpaqlarında yaşayan azərbaycanəsilli
şəxslərə qarşı sülh və insanlıq əleyhinə, şəxsiyyət əleyhinə cinayətlərin
törədilməsinə yönəlmiş aktiv hərəkətlərin icrasına başlanılıb.

Belə ki, erməni silahlı dəstələri tərəfindən 1918-ci ilin mart ayınadək İrəvan
quberniyasının İrəvan qəzasında 32, Eçmiədzin qəzasında 84, Novo-Bəyazid
qəzasında 7 və Sürməli qəzasında 75 – ümumilikdə 198 kənd dağıdılıb, həmin
qəzalarda təqribən 135 min nəfər azərbaycanlı soyqırımına və məcburi
deportasiyaya məruz qoyulub.

Eyni cinayətkar məqsədlə 1948-1953-cü illərdə 150 mindən çox azərbaycanlı
Ermənistan SSR ərazisindəki dədə-baba yurdlarından kütləvi surətdə və
zorakılıqla sürgün edilib, minlərlə insan, o cümlədən qocalar və körpələr ağır
köçürülmə şəraitinə, kəskin iqlim dəyişikliyinə, fiziki sarsıntılara və mənəvi
iztirablara dözməyərək həlak olub.

Bundan başqa, 1988-1992-ci illər ərzində qeyd olunan cinayətlər planlı şəkildə
davam etdirilib, Ermənistan hökuməti, “Qarabağ” və “Krunk” komitələri
tərəfindən Qərbi Azərbaycanın 185 yaşayış məntəqəsindən 250 mindən artıq
azərbaycanlı öz doğma torpaqlarından, ev-eşiyindən zorla qovulmaqla
deportasiyaya və təqibə, 216 azərbaycanlı erməni silahlı qüvvələri tərəfindən
xüsusi amansızlıqla qəsdən öldürülməklə soyqırımına məruz qoyulub.

Qeyd olunan faktlarda beynəlxalq və ölkədaxili qanunvericilikdə nəzərdə
tutulan cinayətlərin əlamətləri olduğuna görə həmin xüsusatlar üzrə Azərbaycan
Respublikasının Baş prokuroru tərəfindən Azərbaycan Respublikası Cinayət
Məcəlləsinin 103 (soyqırımı), 107 (əhalini deportasiya etmə və ya məcburi
köçürmə), 109 (təqib), 120.2.4 (xüsusi amansızlıqla qəsdən adam öldürmə),
120.2.7-ci (iki və ya daha çox şəxsi öldürmə)maddələri ilə cinayət işi
başlanaraq istintaqın aparılması Baş Prokurorluğun İstintaq idarəsinə həvalə
edilib.

Cinayət işi üzrə ibtidai istintaqın gedişində xarici ölkələrin prokurorluq
orqanlarına hüquqi yardım haqqında vəsatətlərin göndərilməsi və beynəlxalq
təşkilatlarla əməkdaşlıq edilməsi nəzərdə tutulur.

Source link