7808780e-9b20-4848-99c0-d335a7110610..jpg

Azərbaycanlıların Soyqırımı Günü ərəfəsində törədilən və haqqında danışılmayan Baş Güneypəyə faciəsi

Baxış sayı: 658 dəfə baxılıb.

Azərbaycanlıların Soyqırımı Günü ərəfəsində törədilən və haqqında danışılmayan
Baş Güneypəyə faciəsi
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ötən əsrdə tariximizdə elə bir dövr yoxdur ki, Azərbaycan xalqı bu torpaqlara
sonradan çar Rusiyasının siyasəti nəticəsində köçürülmüş xalq olan ermənilərin
kütləvi cinayətlərindən, genosid kampaniyasından əziyyət çəkməsin.

31 Mart – Azərbaycanlıların Soyqırımı Günü (1918) ərəfəsində daha bir faciə –
Baş Güneypəyə faciəsi törədilib.

Belə ki, 14 mart 1992-ci il tarixində erməni daşnak terror qrupu Ağdərənin Baş
Güneypəyə kəndinə basqın edib. Bir neçə kənd sakini amansızcasına qətlə
yetirilib.

Sözügedən faciənin şahidi Camal Məmmədov “Report”a açıqlamasında bildirib ki,
Baş Güneypəyə kəndinin sakinləri heç bir günahları olmadığı halda bu cür
təzyiqlərə məruz qoyulublar.

Onun sözlərinə görə, 80-ci illərin sonundan ermənilərlə azərbaycanlılar
arasında bir sıra problemlər daha geniş vüsət almağa başlayıb və ədavət daha da
qızışıb:

“İş o yerə gəldi ki, Ağdərə rayonunun Baş Güneypəyə kəndində özünümüdafiə
dəstələri yaratmaq məcburiyyətində qaldıq. Çünki ermənilər artıq odlu silahdan
istifadə etməkdən də çəkinmir, azərbaycanlıların yolunu kəsərək qətlə
yetirirdilər. Beləliklə, 1988-ci illərdən başlayan hadisələr 1992-ci ilə qədər
gəlib çatdı. Həmin ilin mart ayında Baş Güneypəyə kəndinə hücumlar daha da
intensivləşdi. Özü də kəndə hücum edən ermənilərin çoxu vaxtilə yaxşı
münasibətlərimiz olan, ailəliklə tanıdığımız adamlar idi”.

Faciə şahidi bildirib ki, həmin vaxt üç oğlu ilə birgə özünümüdafiə
dəstələrində döyüşməyə başlayıb:

“Silah-sursatımız çox az idi. Ermənilərin arasında bizə qarşı döyüşən ruslar
da vardı. Hətta qadın snayperlər də kəndi daim atəş altında saxlayırdılar.
Kəndi ala bilmədikləri üçün martın 12-dən sonra bura helikopter vasitəsilə
əlavə qüvvələr cəlb etməyə başladılar. Döyüşdə 6 güllə yarası aldım. Məni
Ağdamın Sarıcalı hospitalına, oradan isə Bakıya, hərbi hospitala gətirdilər”.

C.Məmmədov vurğulayıb ki, Baş Güneypəyə kəndi özündən aşağıda yerləşən 4 kənd
işğal edildikdən sonra mühasirədə qalıb:

“Kənd əhalisi məcbur qalaraq gecə ilə gizli yollarla kənddən çıxdı. Hadisələr
nəticəsində ölən 18 nəfərin nəşini isə kənddən çıxarmaq mümkün olmayıb”.

Milli Məclisin deputatı Naqif Həmzəyev də açıqlamasında ötən əsrdə
azərbaycanlıların başına gətirilən faciələrdən danışıb.

Onun sözlərinə görə, xüsusilə də XX əsrin ilk illərindən etibarən ermənilər
daha da azğınlaşaraq, Azərbaycan xalqını kütləvi məhvetmə, yer üzündən silmə
siyasətini mənimsəməyə başladılar.

“1905-ci ildən başlamış hadisələr 1918-ci ildə mart soyqırımına doğru özünün
kulminasiya nöqtəsinə çatarkən, ermənilərin törətdiyi qətliamlar xalqımızın
dövlətçilik ənənələrini yenidən dirçəltmə ehtiyacını ön plana çıxardı. Çünki
çar Rusiyasının erməni qətliamlarına göz yumması, hətta dəstəkləməsi, erməni
quldur dəstələrinin o dövrün müasir silah-sursatları ilə təchiz olunaraq
əliyalın azərbaycanlıların üzərinə hücumların təşkil edilməsi köçürülmə xalq
olan ermənilərin əsl simasını göstərirdi. Ermənilər həmin dövrdə müsəlman
kəndlərinə hücumlar həyata keçirərək kütləvi qırğınlar törədib, kəndləri
yandırırdılarsa, 1919-cu ildən etibarən bu mənfur siyasət əsassız torpaq
iddiaları ilə daha da alovlanaraq 1992-ci ildə Xocalı soyqırımı ilə pik həddinə
gəlib çıxdı. Yəni keçmiş Qarabağ konfliktinin, Xocalı, Meşəli kimi soyqırımı
aktlarının baş verməsində hələ əsrin əvvəllərindən etibarən əsası qoyulnmuş
siyasi maraqlar və bu qətliamlara göz yuman tərəflər də müəyyən mənada rol
oynayıb”, – deyə deputat qeyd edib.

O əlavə edib ki, beynəlxalq hüquqdan da məlum olduğu kimi, cəzasızlıq növbəti
cinayətlər üçün zəmin yaradır:

“Bu amili dövlətlərin və bütövlükdə bir xalqın və ya etnik qrupun törətdiyi
əmələ şamil etdikdə isə cəzasızlıq amilinin beynəlxalq sülh və təhlükəsizlik
üçün açıq təhdid olduğunu söyləmək mümkündür. Maraqlıdır ki, ermənilərin
xüsusilə də 1918-ci ildə onminlərlə azərbaycanlını vəhşicəsinə qətlə
yetirməsini təsdiqləyən kifayət qədər fakt olsa da, bir çox dövlət hələ də söz
oyunundan irəli getməyən qondarma “erməni soyqırımı” utopiyasını siyasi ideal
hesab edərək dövlətlərarası təzyiq mexanizminə çevirməyə çalışır. Hətta
Türkiyənin Avropa İttifaqı üzvlüyü müzakirələrində belə bu utopik xəyal
ciddi-ciddi gündəmə gətirilir, sədd siyasətinə çevrilir”.

Deputat qeyd edib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Qarabağ
konfliktinin tamamilə başa çatması və hər qarış torpağımızın işğaldan azad
edilməsindən sonra artıq bir neçə kütləvi məzarlıq aşkar edilib:

“Əlavə olaraq, soyqırımı aktlarında iştirak etmiş erməni terrorçularının
özlərinin ifadələri əsasında bir neçə işin üstü açılıb, etiraflar və faktlar
toplanıb. Lakin biz hələ də beynəlxalq ictimaiyyətdən, özünü sülhün,
demokratiyanın qoruyucusu adlandıran dövlətlərdən, xüsusilə də BMT
Təhlükəsizlik Şurasının daimi üzvü olan dövlətlərdən verilməli olan reaksiyanı
və atılmalı olan addımı görmürük. Xüsusilə də Fransa, ABŞ kimi erməni
lobbisinin güclü olduğu dövlətlər siyasi maraqlar naminə sülh və təhlükəsizlik
üçün birbaşa təhdid yaradan erməni tələsini dəstəkləyirlər”.

Milli Məclisin üzvü əlavə edib ki, bir sıra Avropa institutlarının mənasını
dərk etmədən istifadə etdikləri “etnik təmizləmə” ifadəsi ermənilərin
Azərbaycan torpaqlarına köçürüldüyü dövrdən etibarən öz torpaqlarında
azərbaycanlılara qarşı həyata keçirilir:

“Ermənilər Soyqırımı konvensiyasında nəzərdə tutulmuş bütün maddələri xüsusi
amansızlıq və qəddarlıqla Azərbaycan xalqına qarşı həyata keçirərək bu
qətliamları törətmiş şəxsləri, terrorçuları, insanlıq əleyhinə cinayətlər
törətmiş şəxsləri dünyaya qəhrəman olaraq təqdim etməyə çalışırlar. Onların
arasında Xankəndi şəhərinə bir vaxtlar adını verdikləri Stepan Şaumyandan
tutmuş, Ermənistan Respublikasının sabiq nazirləri, hətta prezidentlərinə qədər
var. Xatırlatmaq lazımdır ki, 1990-cı illərdə Qarabağda qətliamlarda əli olan
cəlladlardan biri müharibədən bir neçə il öncə Fransada terror aktı törətmiş
terrorçu idi. Həmin hadisədə həlak olanlar arasında Fransa, ABŞ və bir sıra
Avropa dövlətlərinin vətəndaşları da var idi. Bu terror aktından sonra həmin
terrorçunun birdən-birə Qarabağda peyda olaraq azərbaycanlılara qarşı ədalətsiz
və işğalçı müharibədə yer alması, əslində, cəzasızlıq amilinin növbəti
təzahürünü və bu təzahürdə “sülhsevər” dövlətlərin barmaq izlərini göstərir”.

N.Həmzəyev vurğulayıb ki, 31 mart, 26 fevral, eləcə də qan yaddaşımız olan 20
Yanvar xalqımızın keçdiyi ağrılı dövrlərin xatırladıcısıdır:

“Heç bir zaman unutmamalıyıq ki, bu kimi faciələr bir daha yaşanmasın. 2020-ci
ildə Vətən müharibəsində xalqımız bütün dünyanı heyrətə gətirən
birlik-bərabərlik nümayiş etdirdi. Həmin dövrdən etibarən isə heç bir siyasi
qüvvə Lider-Xalq-Ordu birliyinə təsir edə, “dəmir yumruğ”un gücünü azalda
bilmir. Çünki bu güc min illərə dayanan dövlətçilik ənənələrimizdən,
tariximizdən, əcdadlarımızdan gəlir və heç bir vaxt tükənməyəcək”.

Source link