“Azərişıq” ASC-nin “ASAN xidmət” və “ASAN kommunal” vasitəsilə abonentlərə göstərdiyi xidmətlərin sırasına daha biri əlavə olub.
Bu gündən etibarən ölkədəki bütün “ASAN xidmət” və “ASAN komunal” mərkəzlərində “Məcburi köçkün qrupuna aid abonentlərdən müraciətlərin qəbulu” adlı yeni xidmət fəaliyyətə başlayır.
Bunu ÇıxışYolu.Com-a açıqlamasında qurumun mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev deyib.
O bildirib ki, məcburi köçkün qrupuna aid abonentlərdən müraciətlərin qəbulu üçün tələb olunan sənədlərə ərizə, müraciət edən şəxsin şəxsiyyət vəsiqəsi, arayış (Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin təsdiqi ilə), arayışda qeyd olunan şəxslərin şəxsiyyət vəsiqələri və ya doğum haqqında şəhadətnaməsi və ya ölüm haqqında şəhadətnamə daxildir.
Yeni xidmət ödənişsiz olacaq və xüsusi araşdırma tələb olunan hallarda beş gün, olmadıqda isə bir gün ərzində təmin ediləcək. Bu xidmət Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin “Azərişığ”a təqdim etdiyi siyahıda adı olan şəxslərə şamil edilir.
Beləliklə, səhmdar cəmiyyətin “ASAN Xidmət” və “ASAN Kommunal” vasitəsi göstərdiyi xidmətlərin sayı 11-ə çatıb. Həmin xidmətlər isə əhali abunəçilərinin enerji təchizatı şəbəkəsinə qoşulması, borcun araşdırılıb sənəd verilməsi, əhali istehlakçısının ad dəyişdirilməsi, qeyri-əhali qrupuna aid abunəçilərə üzləşmə aktlarının verilməsi, qeyri-əhali istehlakçısının ad dəyişdirilməsi, smart kartların bərpası və yenisinin verilməsi, abunəçinin geniş tarixçəsinin verilməsi, sayğacın zədələnməsinin araşdırılması üçün müraciətlərin qəbulu, qeyri-əhali aunəçisinin enerji təchizatı şəbəkəsinə qoşulması, smart karta ödənişin yüklənməsi və nəhayət, məcburi köçkün qrupuna aid abonentlərdən müraciətlərin qəbulu adlı xidmətlərdir.