fb56a1c9-c9eb-414d-8a40-c87350136e69..jpg

“Azərkosmos” azad olunmuş ərazilərdə faydalı qazıntı yataqlarının tapılmasına yardım edəcək

Baxış sayı: 835 dəfə baxılıb.

“Azərkosmos” azad olunmuş ərazilərdə faydalı qazıntı yataqlarının tapılmasına
yardım edəcək

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən
Azərbaycan Respublikasının Kosmik Agentliyi – “Azərkosmos”la Elm və Təhsil
Nazirliyinin Geologiya və Geofizika İnstitutu arasında qarşılıqlı əməkdaşlığa
dair Anlaşma Memorandumu imzalanıb.

Nazirliyin yaydığı məlumata görə, memoranduma əsasən, peyk məlumatlarından
istifadə etməklə işğaldan azad olunmuş ərazilərdə faydalı qazıntı yataqlarının
tapılması məqsədilə tədqiqat aparılması, ölkədə seysmik riskin
qiymətləndirilməsi birgə fəaliyyətin əsas istiqamətlərindən olacaq. Sənəd peyk
təsvirləri və geoloji məlumatlar əsasında sürüşmə areallarının monitorinqi,
əsas su anbarlarının, yeraltı su resurslarının qiymətləndirilməsi və sudan
səmərəli istifadə üçün təkliflərin hazırlanması üzrə əməkdaşlığı da əhatə edir.
Eyni zamanda peyk təsvirlərindən istifadə olunmaqla innovativ məhsulların
yaradılması istiqamətində birgə fəaliyyət nəzərdə tutulur.

Kosmik Agentliyin İdarə Heyətinin sədri Saməddin Əsədov bildirib ki,
memorandum ölkəmizdə elmi tədqiqat layihələrinin icrasına mühüm töhfə verəcək:

“Azərkosmos Geologiya və Geofizika İnstitutuna tədqiqat ərazilərinə aid peyk
təsvirlərinin verilməsini, o cümlədən qarşılıqlı təcrübə mübadiləsi, peşəkar
kadrların hazırlanması və birgə təlimlərin təşkili məsələlərini daim diqqətdə
saxlayacaq”.

Geologiya və Geofizika İnstitutunun baş direktoru, akademik Akif Əlizadə qeyd
edib ki, müasir dünyada kosmik təsvirlərin elmi tədqiqatlarda rolu
əvəzolunmazdır. Onun sözlərinə görə, ölkəmizdə bu sahələrin inkişafına xüsusi
diqqət və qayğı göstərilir.

Memorandumda qurumlar arasında kosmik sahə üzrə kommersiyayönümlü birgə
fəaliyyət də nəzərdə tutulur.

Source link