8952cf19-0be8-4cee-869d-279dd4a7eb3e..jpg

“Azərsu”da yoxlamalar: 35 milyon manatlıq itki

Baxış sayı: 933 dəfə baxılıb.

“Azərsu”da yoxlamalar: 35 milyon manatlıq itki

Azərbaycan Respublikası Hesablama Palatasının 2022-ci il üzrə İş planına uyğun
olaraq Koreya İxrac-İdxal Bankından kredit cəlb edilməklə “Azərsu” Açıq Səhmdar
Cəmiyyəti tərəfindən həyata keçirilən “Bakı şəhərinin Pirşağı qəsəbəsində
Çirkab Sularının Təmizlənməsi Qurğusu” Layihəsi üzrə vəsaitlərdən istifadəyə
dair səmərəlilik auditi aparılıb.

Bu barədə qurumdan Cixisyolu.com-ın sorğusuna cavab olaraq bildirilib.

Bildirilib ki, Azərbaycan Respublikası Prezidentinin 29 yanvar 2019-cu il
tarixli 500 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası
regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın
həyata keçirilməsi üzrə Tədbirlər Planının “7.2. Bakı şəhəri və qəsəbələri üzrə
həyata keçiriləcək tədbirlər” bölməsinin “Kommunal xidmətlərin
yaxşılaşdırılması” alt-bölməsinə ASC tərəfindən 2019-2023-cü illərdə “İçməli su
təchizatının və kanalizasiya sistemlərinin yaxşılaşdırılması sahəsində işlərin
davam etdirilməsi”, o cümlədən “Pirşağı çirkab sutəmizləyici qurğularının
tikintisinin davam etdirilməsi” tədbiri daxil edilib:

“Layihənin məqsədləri layihə ərazisində yaşayış standartlarının
yaxşılaşdırılması və 40 000 kubmetr/gün gücündə olan Pirşağı Çirkab Sularının
Təmizlənməsi Qurğusunun tikilməsi ilə Xəzər dənizinin suyunun keyfiyyətinin
qorunmasından ibarət olub. Qeyd edilməlidir ki, Qurğunun 40 000 kubmetr/gün
həcmində gücü ilkin olaraq təyin edilib, gələcəkdə Qurğunun gücünün 60 000
kubmetr/gün səviyyəsinə çatdırılması planlaşdırılaraq əlavə 20 000 kubmetr/gün
güc üçün Qurğunun ərazisində müvafiq yer nəzərdə tutulub.

Bakı şəhərinin Sabunçu rayonunun Pirşağı, Kürdəxanı, Bilgəh, Nardaran və
Maştağa, Abşeron rayonunun Novxanı, Goradil, Fatmayı, Mehdiabad, Məmmədli və
Digah qəsəbələrində ictimai su obyektinin keyfiyyətinin qorunması, Layihə
sahəsində suyun çirklənməsinin qarşısının alınması və Xəzər dənizində suyun
keyfiyyətinin yaxşılaşdırılması, suyun istifadəsinin səmərəliliyinin
artırılması, çirkab sularının təmizlənməsi qurğusunun tikintisindən sonra
atılan suyun keyfiyyətinin yaxşılaşdırılması, təmizlənmiş sudan suvarma,
landşaftın salınması və digər məqsədlər üçün istifadə edilməsi, məşğulluq
imkanlarının artması, Qurğunun tikintisi, istismarı və təkmilləşdirilməsi ilə
əlaqədar olaraq işsizliyin səviyyəsinin aşağı düşməsi, su ilə yayılan
xəstəliklərin qarşısının alınması ilə vətəndaşların sağlamlığının
yaxşılaşdırılması və s. layihənin əsas təsirləri kimi qeyd edilib.

Layihənin ümumi dəyəri 72,02 milyon ABŞ dolları, bundan kreditin məbləği 43,5
milyon ABŞ dolları (60,4%), hökumət (Azərbaycan tərəfinin) payının məbləği
28,52 milyon ABŞ dolları (39,6%) müəyyən edilib”.

“Hesablama Palatası tərəfindən aparılmış auditlə çirkab suların təmizlənməsi
probleminin həlli məqsədilə layihədən öncəki vəziyyət və sonrakı şəraitdə
dəyişməli olan mühitin qiymətləndirilməsi aparılıb. Qurğunun xidmət edəcəyi
ərazidə çirkab sularının təmizlənməsi üzrə hazırkı şərait, eləcə də mövcud su
təmizləyici qurğuların cari vəziyyəti Qurğuya ehtiyacı şərtləndirilib. Müvafiq
Baş Plan üzrə işlərin görülməsi məqsədilə lazımi koordinasiyanın qurulmaması
şəraitində Qurğunun fəaliyyəti üçün kənar texniki şəraitin yaradılması üzrə
zəruri maliyyələşdirmənin aparılmaması səbəbindən həmin ərazidə su və
kanalizasiya sistemi təchizatının çox aşağı səviyyədə olduğu müəyyən edilib.
Qeyd edilənlər səbəbindən yaranmış şərait müvafiq Dövlət Proqramı ilə müəyyən
edilmiş hədəflərə çatmamaqla yanaşı təmizlənmiş suyun keyfiyyət
göstəricilərinin Texniki-İqtisadi Əsaslandırma sənədində göstəriləndən aşağı
səviyyədə olması, Qurğunun zəmanət sınaqları keçirilmədən istismara qəbul
edilməsi, eləcə də hazırda və yaxın gələcəkdə tam gücü ilə təyinatı üzrə
işləməsinin mümkünsüzlüyü qənaətinə gəlməyə əsas verib.

Xərclənmiş vəsaitlərin uçotunda və qiymətləndirmələrdə qeyri-dəqiqliklər
səbəbindən əsas vəsait qismində deyil, kapitallaşdırılmış məsrəflər qismində
uçota alınan Qurğunun xidmət edəcəyi ərazidə illik ən azı 35 milyon manatdan
artıq miqdarda vəsaitin itkisinə səbəb olan və itirildiyi rəsmiləşdirilən
50%-dən çox su miqdarı, eləcə də həmin ərazidə su və kanalizasiya sisteminin
planlaşdırılan tikinti göstəriciləri gələcəkdə su sərfiyyatının Qurğunun su
təmizləmə qabiliyyətini üstələyəcəyini deməyə əsas verib.

Layihənin istismar müddətinin, eləcə də Qurğunun təchizatı üzrə daxili bazar
qiymətlərinin düzgün nəzərə alınmaması, vəsaitlərə qənaət və həmin vəsaitlərdən
səmərəli istifadə imkanlarının itirilməsiylə yanaşı, Qurğunun hissələrinin
faktiki dəyərinin məzənnə fərqi nəticəsində qiymət artımı, gömrük ödəmələri və
kapitallaşan xərclər nəzərə alınmaqla müəyyən edilməməsi Qurğunun ayrı-ayrı
hissələrinin əsas vəsait qismində uçota alınmasında da problemlər yaradıb.
Qurğunun tam gücü ilə təyinatı üzrə işləməməsi layihənin iqtisadi, ekoloji və
sosial məqsədlərinə, DİM üzrə milli və beynəlxalq göstəricilər arasında
uyğunsuzluq həmin göstəricilərin dəqiqləşdirilməsinin vacibliyini göstərilib.
Ümumiyyətlə, qeyd etmək istərdik ki, Qurğunun təyinatı üzrə tam gücü ilə
fəaliyyət göstərməməsi Layihənin ekoloji, sosial, və iqtisadi məqsədlərinə nail
olunmamaqla yanaşı, Qurğunun tikintisinə sərf olunmuş vəsaitlərin
səmərəliliyinə də təsir etməklə həmin vəsaitlərin faydalılığı və nəticəliliyini
azalda bilər”, – deyə qeyd edilib.

İlhamə Əbülfət

Source link