Azad olunan ərazilərə bu il ilk köçün tarixi açıqlanıb
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Azad olunan ərazilərə bu il ilk köçün yanvarın 18-də yola salınması
planlaşdırılır.
Bunu “Report”un sorğusuna cavab olaraq Qaçqınların və Məcburi Köçkünlərin
İşləri üzrə Dövlət Komitəsinin Beynəlxalq əlaqələr, informasiya və mətbuat
xidməti departamentinin direktoru İbrahim Mirzəyev deyib.
Onun sözlərinə görə, ilk köç Füzuli şəhərinə olacaq:
“İşğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı bərpa-quruculuq işləri
aparılır, ilk növbədə, müasir infrastruktur formalaşdırılır, dayanıqlı
məskunlaşma və iqtisadi reinteqrasiya üçün zəruri şərait yaradılır.
Dövlətimizin başçısının 16 noyabr 2022-ci il tarixli Sərəncamı ilə təsdiq
edilmiş “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük
Qayıdışa dair I Dövlət Proqramı”na əsasən, 2024-cü ildə məcburi köçkünlərin
doğma yurdlarına qayıdışı davam edəcək. İlk köç yenidən qurulan Füzuli şəhərinə
olacaq”.
Komitə rəsmisi qeyd edib ki, yanvarın 12-də müxtəlif müvəqqəti məskunlaşma
obyektlərində də ağır və qəzalı şəraitdə yaşayan Füzuli şəhər sakinləri
arasında püşkatma keçiriləcək:
“Şəffaflığı və ədalətliliyi təmin etmək üçün keçirilən püşkatma zamanı məcburi
köçkünlər əvvəlcədən onların ailə tərkibinə uyğun olaraq ayrılmış mənzillərin
yerləşdiyi bina və mərtəbənin yerini müəyyənləşdirəcək. Püşkatmada iştirak
etmiş sakinlər mərhələli şəkildə doğma yurdlarına köçürüləcək. İlk köçün
yanvarın 18-də yola düşməsi planlaşdırılır”.