0102a957-d8ff-47aa-a51f-3e24f767d7a8.jpg

Azadlığın dördüncü ili – Cəbrayıl şəhər gününü qeyd edir

Baxış sayı: 263 dəfə baxılıb.

Oktyabrın 4-ü Cəbrayıl Şəhəri Günüdür.

Cəbrayıl Şəhəri Günü Prezident İlham Əliyevin 2023-cü il iyulun 31-də
imzaladığı sərəncamla təsis edilib.

Cixisyolu.com xatırladır ki, bu əlamətdar gün Cəbrayıl şəhərinin Ermənistan silahlı
qüvvələrinin işğalından azad edilməsi tarixi ilə bağlıdır. Bu gün şəhərin
erməni işğalçılardan təmizlənməsindən dörd il ötür.

Cəbrayıl rayonu 1993-cü il avqustun 23-də Ermənistan silahlı qüvvələri
tərəfindən işğal edilmişdi. İşğala qədər bir şəhər, dörd qəsəbə və 92 kənddən
ibarət rayonda 52 604 nəfər yaşayırdı. İşğal dövründə cəbrayıllı məcburi
köçkünlər ölkənin 58 rayonunun 2 000-dək yaşayış məntəqəsində, çadır
düşərgələrində, yük vaqonlarında və yataqxanalarda məskunlaşıblar.

1994-cü il 5 yanvar tarixində Horadiz əməliyyatı zamanı Cəbrayılın Cocuq
Mərcanlı kəndi işğaldan azad olunub. 2016-cı il Aprel döyüşləri zamanı
Azərbaycan Ordusunun əks-hücumu nəticəsində Lələtəpə yüksəkliyi düşməndən
təmizlənib və Cocuq Mərcanlı kəndi Azərbaycan Ordusunun nəzarəti altına keçib.

2020-ci il oktyabrın 4-də, Vətən müharibəsinin gedişatında, Azərbaycan
Prezidenti, müzəffər Ali Baş Komandan İlham Əliyev xalqa müraciətində Cəbrayıl
şəhəri və rayonun daha doqquz kəndinin işğaldan azad olunduğunu elan edib.

İkinci Qarabağ müharibəsi zamanı Azərbaycan Ordusu tərəfindən Cəbrayıl
rayonunun bir şəhəri və 90 kəndi işğaldan azad olunub. Cəbrayılın düşmən
işğalından təmizlənməsi ilə Azərbaycan-İran sərhədinə dövlət nəzarəti qismən
bərpa edilib.

Azərbaycanın Vətən müharibəsində düşmən üzərində qalib gəlməsindən altı gün
sonra – 2020-ci ilin noyabr ayının 16-da Prezident İlham Əliyev və Birinci
vitse-prezidentMehriban Əliyeva işğaldan azad edilən Cəbrayıl rayonunda olublar.

Prezident Cəbrayıl şəhərində və Xudafərin körpüsündə şanlı Azərbaycan
bayrağını qaldırıb.

2024-cü il sentyabrın 26-da Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq,
işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışa dair I Dövlət Proqramına əsasən,
yenidən qurulan Cəbrayıl şəhərinə respublikanın müxtəlif ərazilərində
yataqxana, sanatoriya, pioner düşərgəsi, yarımçıq tikililər və inzibati
binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarətilk köç
karvanı
Bakı şəhərinin Qaradağ rayonundan yola salınıb.

İndiyədək 117 ailənin (364 nəfər) Cəbrayıl şəhərində məskunlaşması təmin
edilib.

Xatırladaq ki, Qarabağ bölgəsində yerləşən Cəbrayıl rayonu 1930-cu il avqustun
8-də təşkil edilib. 1963-cü il yanvarın 4-də ləğv edilərək Füzuli rayonuna
birləşdirilib. Amma çox keçmədən – 1964-cü il iyunun 17-də yenidən müstəqil
rayon statusu qazanıb.

Cəbrayıl Kiçik Qafqaz dağlarının cənub-şərqində, Gəyən düzü və Qarabağ
silsiləsində yerləşir. Rayon cənubdan Araz çayı boyu İran İslam Respublikası
ilə həmsərhəddir. Sahəsi 1049 kvadrat kilometrdir, ərazisi əsasən dağlıqdır.

2021-ci il iyulun 7-də Azərbaycan Prezidentinin imzaladığı fərman
la Şərqi Zəngəzur iqtisadi
rayonuna daxil edilib.

Source link