Bu mövsüm futbolda ən uzun klub kampaniyası olacaq. Çünki ölkədaxili və qitə
turnirləri başa çatdıqdan sonra klublararası dünya çempionatı ilk dəfə yeni
formatda keçiriləcək. 32 komandanın iştirak edəcəyi yarış ABŞ-də iyun və iyul
aylarında təşkil olunacaq və bir aya yaxın davam edəcək. Üstəlik,
avrokuboklarda tətbiq olunan yeni format, liqa mərhələsində oyun sayının 8-ə
yüksəlməsi, əlavə pley-offla bunun 10 olma ehtimalı, Millətlər Liqası,
yığmaların seçmə mərhələ matçları ilə futbol təqvimi daha da sıxlaşır. Onu da
nəzərə almaq lazımdır ki, ötən yay Avropa çempionatı keçirilib və əslində keçən
mövsüm də faktiki uzun davam edib.
Təqvimin get-gedə sıxlaşması, oyun sayının artması futbolsevərlər üçün xoş
məqam olsa da, futbolçular artıq bundan beziblər və dilə gəlməyə başlayıblar.
Ağır qrafiklə bağlı narazılıqlar əvvəllər də ulduz oyunçular, baş məşqçilər,
mütəxəssislər tərəfindən dilə gətirilib, lakin ilk dəfə bu, futbolçuların tətil
elan etmək fikirlərini səsləndirmələri həddinə çatıb.
“Kaspi” qəzetinin mövzuya dair məqaləsini təqdim edirik.
Futbolçuların başqa seçimi qalmayacaq
“Mançester Siti”nin yarımmüdafiəçisi Rodri bir neçə gün əvvəl futbolçuların
tətil etməyə hazır olduqları barədə xəbərdarlıq edən ilk super-ulduz oldu.
Tezliklə Madrid “Real”ının qapıçısı Tibo Kurtua ona dəstək verərək oyunçuların
belə bir addım atmasını istisna etmədi. Rodrinin fikirlərini dəstəkləyənlər
arasında “Liverpul”un qolkiperi Alisson Bekker, “Barselona”nın müdafiəçisi Jül
Kunde kimi oyunçular da var. Son olaraq Madrid “Real”ının arxa xətt oyunçusu
Dani Karvaxal bu məsələ barədə danışıb və fikirlərini belə yekunlaşdırıb: “Vaxt
gələcək ki, futbolçuların başqa seçimi qalmayacaq”.
Mövcud vəziyyət məşqçiləri də narahat edir. Pep Qvardiola, Yurqen Klopp, Mikel
Arteta kimi mütəxəssislər oyun çoxluğunun onların işinə mane olduğunu dəfələrlə
dilə gətiriblər. “Real”ın çalışdırıcısı Karlo Ançelotti zədələrin artdığını,
futbolçuların bərpa üçün kifayət qədər vaxtının olmadığını və bunun yekunda
məşqçi kimi işinə çətinliklər yaratdığını söyləyib.
Problemin kökündə pul dayanır
FIFA və UEFA daha çox gəlir əldə etmək məqsədilə yarışların, beləliklə
oyunların, hətta mövcud turnirlərin özündə matçların sayını artırmaq üçün
əllərindən gələni edirlər. Məsələ ondadır ki, daha çox turnir, daha çox oyun
daha çox sponsorluq və yayım gəlirləri deməkdir. Artıq böyük turnirlərin yayım
hüququndan milyardlarla avro əldə edilir. Bu isə futbol qurumlarının oyun
sayını artırmaq cəhdlərini çoxaldır. Son illərdə atılan bəzi addımlara nəzər
yetirsək, bunu daha əyani göstərmiş olacağıq. Öncə “köhnə qitə”də Konfrans
Liqası (KL), Millətlər Liqası (ML) kimi tamamilə yeni turnirlər yaradıldı. KL
daha çox nisbətən aşağı reytinqli klublar üçün əlavə şans xarakterlidirsə,
ML-də bütün yığmaların iştirakı məcburidir. Daha sonra Avropa çempionatında
iştirakçı sayı 24-ə yüksəldildi. Bu mövsümdən isə avrokuboklarda oyun sayının
artırılması variantına əl atılıb. Digər tərəfdən, FIFA-nın klublararası dünya
çempionatını genişləndirməsi oyun sayını pik həddə çatdırıb.
Problem hüquqi müstəvidə həll ediləcək?
Avropanın top klublarında çıxış edən əsas heyət oyunçusunun il ərzində çıxdığı
oyun sayı kobud hesablama ilə rahatlıqla 60-ı keçir. Əgər o, yığma və klub
səviyyəsində bütün mümkün matçlarda iştirak edirsə, bu say az qala 80-ə
yaxınlaşır. Bu isə öz növbəsində artan zədələr, nəticədə karyera enişi ilə
nəticələnir. Ardıcıl səfərlər, 2-3 gündən bir oynamaq məcburiyyəti bəzən adi
bərpa məşqlərinin keçirilməsinə belə mane olur. Beləliklə, futbolçuların və
məşqçilərin narazılığını anlamaq üçün kifayət qədər əsas var. Əlbəttə, onlar
bunun müqabilində milyonlar qazanırlar, lakin futbol qurumları da onların
əməyindən istifadə edib milyardlıq müqavilələr imzalayırlar. Ən önəmli məqam –
futbolçuların sağlamlığı isə arxa plana atılır. Üstəlik, futbol qurumları
qərarları oyunçular, liqa rəhbərlikləri və federasiyalarla məsləhətləşmələr
olmadan qəbul edirlər. Peşəkar Futbolçuların Beynəlxalq Federasiyası (FIFPRO)
və Avropa Liqaları məsələ ilə bağlı narazılıqlarını futbol qurumlarına
bildiriblər. Artıq onlar problemi hüquqi müstəvidə həll etməyin yollarını
axtarırlar.
Tətil real təhdiddir?
Çoxlu hipotezlər irəli sürmək olar. Lakin bu mərhələdə tətil gündəmdə deyil və
uzaq perspektiv kimi görünür. Çünki oyunçuların xətti keçmə ehtimalı azdır.
Əlbəttə, böyük klubların ulduz oyunçularının oynamaqdan imtina qərarı futbol
sənayesini sarsıdacaq, lakin ümumilikdə bu, çox böyük sferadır və əksəriyyətin
onlara qoşulmamaq ehtimalı çoxdur. Bu mərhələdə oyunçu birliklərinin diqqəti
daha çox FIFA-ya qarşı qanuni tədbirlərə yönəlib. Əgər bu, uğur qazanarsa,
dünya çempionatında da, qitəmiqyaslı yarışlarda da daha uyğun formata keçid
həll yolu kimi görünür. Məsələnin yekununun necə olacağı sualının konkret
cavabı yoxdur və spekulyasiyalara açıqdır. Lakin ulduz oyunçuların hər bir
əlavə çağırışı məsələni gündəmdə saxlamağa xidmət edəcək. Reallıq isə ondan
ibarətdir ki, buna dair qərarlar bağlı qapılar arxasında veriləcək. Əgər qanuni
tədbirlər nəticə verməsə, bu zaman oyunçuların tətili daha böyük təhdidə
çevrilə bilər.