3db23296-5192-496a-bf96-366455b17b38..jpg

Azarkeşlər üçün olmayan futbol

Baxış sayı: 1. 018 dəfə baxılıb.

Azarkeşlər üçün olmayan futbol

Hər nə qədər Azərbaycanda tribunalar boş qalsa da, futbol azarkeşlər üçündür.
Dünyada klublar bir oyuna bilet satışından milyonlar əldə edirlər. Dünən
keçirilən “Qarabağ” – “Neftçi” matçı isə azarkeşlər üçün olmadı.

Ağdam klubu “Gent”lə səfər oyunundan sonra meydana böyük rotasiyalarla
çıxmışdı. “Neftçi” isə demək olar ki, ideal “11-lik”lə oynayırdı. Oyunun
gedişatı da komandaların heyət nisbətinə uyğun oldu. İlk yarıda üstünlüyü ələ
alan “ağ-qaralar” fasiləyə qədər hesabı açdılar. Hətta Laurentsiu Regekampfın
komandası fərqi artırmaq imkanına da malik idi. İkinci yarıda əsas heyətin bir
neçə üzvünün meydana çıxması ilə “Qarabağ” üstünlüyü ələ aldı. Ardıcıl
təhlükəli vəziyyətlər Höccət Haqverdinin topu öz qapısına yollaması ilə
nəticələndi. Yekunda hərəyə bir qol vuran komandalar 1 xalla kifayətlənməli
oldular.

“Qarabağ” xal itirdiyi turda “Sabah”ın da uduzması ilə liderliyini daha
möhkəmləndirdi. “Neftçi” isə şansdan yararlanıb 2-ci pilləyə bir qədər də
yaxınlaşmaq imkanını əldən verdi.

Oyunun diqqətçəkən hadisələri arasında “ağ-qaralar”ın yarımmüdafiəçisi Ataa
Caberin zədələnib birbaşa xəstəxanaya aparılmasını və Ağdam klubunun qolkiperi
Luka Quqeşaşvilinin “Neftçi” azarkeşləri ilə insident yaşamasını qeyd etmək
olar. Gürcü qolkiper meydana atılan pirotexniki vasitəni rəqib fanatların
açdığı bayrağa tərəf tulladı. “Neftçi”yə qarşı növbəti matçlar, xüsusilə səfər
oyununun onun üçün olduqca ağır keçəcəyini indidən təxmin etmək olar.
“Ağ-qara”lı fanatlar belə şeyləri çətin unudurlar…

Könül istərdi ki, oyunu “CBC Sport” telekanalının “radioşərhindən” (!)
dinləmək məcburiyyətində qalan futbol həvəskarları üçün meydanda baş verənləri
daha detallı təsvir edək, taktiki analizlər aparaq və s. Ancaq onlar necə heç
nə görmədilərsə, tribunada yer alan azarkeşlər də, jurnalistlər də eyni
dərəcədə hadisələrə “fransız” qalmışdılar.

Ötən gün Bakını ağuşuna alan duman Suraxanıdan da yan keçməmişdi. Oyunun
gedişi zamanı ara-sıra çəkilsə də, əksərən “göz-gözü görmürdü”. O vəziyyətdə
meydanda mübarizə aparan futbolçular da, pulundan keçib bilet alaraq stadiona
gedən azarkeşlər də əziyyət çəkirdilər. “Qarabağ”ın baş məşqçisi Qurban
Qurbanov matçdan sonra bunun problem yaratdığını, futbolçulara tapşırıq
verərkən çətinlik yaşadığını dilə gətirdi.

Əlbəttə, belə məqamlarda yekun qərar hakimin üzərinə düşür. O, görüntünün
kifayət etdiyini düşünürsə, bu zaman matç davam edir. Görünür, referi Rəşad
Əhmədov hər hansı problem görməyib. OK, ola bilər ki, meydanda görüntü ilə
bağlı çətinlik yoxdur.

Amma…

Xüsusən çəkilişi də nəzərə almaq lazımdır. Bu ildən Azərbaycanda da VAR
sistemi tətbiq edilir. Meydanda hər hansı mübahisəli məqam yaşanarsa, bu zaman
onun köməyinə ehtiyac duyulacaqdı. VAR-da isə heç nə görünməyəcəkdi. Bu da
yekunda hansısa tərəfin haqqının yeyilməsi ilə nəticələnə bilərdi.

Hər halda, bir təcrübə oldu. Gələcəkdə bu cür məqamlarda yalnız hakim və
futbolçuların meydanda baş verənləri kifayət qədər görməsi əsas götürülməməli,
müasir futbolun ayrılmaz tərkib hissəsinə çevrilən VAR sistemi də nəzərə
alınmalıdır. Məsələnin emosional tərəflərinə getdikdə isə, onsuz da ölkə
çempionatında belə çəkişməli oyunların sayı çox deyil, birini də yanlış
qərarvermə səbəbindən azarkeşlər qaçırmış oldular.

Vaqif Verdiyev

Source link