Azay Quliyevdən erməni deputata sərt cavab

Azay Quliyevdən erməni deputata sərt cavab

Baxış sayı: 8. 038 dəfə baxılıb.

ATƏT Parlament Assambleyasının (ATƏT PA) 17-ci qış sessiyasının daimi komitəsinin iclasında Ermənistan nümayəndə heyətinin rəhbəri Hermine Nağdalyan Azərbaycana qarşı iftiralar səsləndirib. 

ÇıxışYolu.Com-ın xəbərinə görə, o, Cənubi Qafqazda həyata keçirilən infrastruktur layihələrində Ermənistanın düşünülmüş şəkildə təcrid edilməsini qeyri-qanuni addım kimi dəyərləndirib.

Erməni deputat beynəlxalq əməkdaşlığın inkişaf etdirilməsini öz fəaliyyətinin əsas prinsiplərindən biri elan edən ATƏT PA-nı regional layihələrdən kənarda qalan Ermənistana qarşı bu cür “haqsız” mövqeyə münasibət bildirməyə çağırıb.

ATƏT PA-nın vitse-prezidenti, Milli Məclisin deputatı Azay Quliyev isə çıxışında erməni deputatın söylədiyi məqamlara aydınlıq gətirib. 

O qeyd edib ki, ATƏT PA kimi nüfuzlu beynəlxalq platformada “Dağlıq Qarabağ respublikası” və ya “Dağlıq Qarabağ respublikasının parlamenti” kimi ifadələrin səsləndirilməsi qeyri-ciddiyyətdən xəbər verir:

“Heç bir beynəlxalq təşkilat belə bir qurumu tanımır və bütün bunlar ictimai fikri çaşdırmağa xidmət edən cəhdlərdən başqa bir şey deyil”.

A.Quliyev qeyd edib ki, Azərbaycan prezidenti İlham Əliyev çıxışlarında azərbaycanlıların öz tarixi torpaqlarına qayıtmalı olduqlarını dəfələrlə vurğulayıb:

“Mənim öz ailəm Ermənistandan – əhalisinin əksəriyyətinin azərbaycanlılardan ibarət olan Zəngəzur mahalından didərgin salınıb. Həmin torpaqlar 1923-cü ildə sovet hakimiyyəti tərəfindən Azərbaycandan alınaraq Ermənistan ərazilərinə birləşdirilib”.

Daha sonra vitse-prezident bildirib ki, bu gün beynəlxalq nəqliyyat və infrastruktur dəhlizləri Azərbaycan ərazisindən keçir. Azərbaycan dəfələrlə Ermənistanın bu təşəbbüslərə qoşulmasına çalışıb, lakin bunun baş tutmamasında günah Azərbaycanın deyil, onilliklərdən bəri Azərbaycan ərazilərini işğal altında saxlayan Ermənistanın üzərinə düşür.

O bildirib ki, Azərbaycan torpaqlarını işğal edən Ermənistan beynəlxalq layihələrdən təcrid olunmasından şikayətlənir. Bu şikayətin özünün məntiqi əsası yoxdur:

 “Mən erməni həmkarlarımı səmimi olmağa çağırıram. Aydındır ki, siz Yerevanda aldığınız təlimatları icra etmək üçün burada iştirak edirsiniz. Lakin sizi sessiyadakı işgüzar atmosferi pozmamağa çağırıram”.

Kamil HƏMZƏOĞLU
www.ÇıxışYolu.Com