“Azdrama”da qalmaqal: 10 nəfər niyə işdən çıxarılıb? – AÇIQLAMA + YENİLƏNİB +
FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Akademik Milli Dram Teatrının bədii rəhbəri Mehriban Ələkbərzadənin bir qrup
əməkdaşı teatrdan uzaqlaşdırması ilə bağlı məsələyə aydınlıq gətirilib.
Bu barədə Cixisyolu.com-a Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının mətbuat
katibiCavid Zeynallı məlumat verib.
Onun sözlərinə görə, Akademik Milli Dram Teatrında ədəbi hissə müdiri
vəzifəsində çalışan Çingiz Ələsgərlinin əmək müqaviləsinə xitam verilməsi Əmək
Məcəlləsinə uyğun şəkildə aparılıb:
“Əmək Məcəlləsinə əsasən, dövlət büdcəsindən maliyyələşən müəssisələrdə
çalışmanın yaş həddi 65-dir və 65 yaşına çatmış işçinin əmək müqaviləsi hər
dəfə bir ildən çox olmayaraq uzadıla bilər. Çingiz Ələsgərlinin 65 yaşı 2017-ci
ildə tamam olub. Ona 2023-cü ilin oktyabr ayınadək imkan yaradılıb ki, teatrda
öz işini davam etdirsin.
65 yaşına çatmış işçinin əmək müqaviləsinə xitam verilməsi qanunvericiliyin
tələbidir. Səadət xanım isə musiqi hissə müdiri vəzifəsində çalışıb və 65 yaşı
ötən il tamam olub”.
Cavid Zeynallı fəhlə, mühəndis, dərzi, kostyumçu olan digər əməkdaşların işdən
çıxarılma səbəbinin də yaşla əlaqədar olduğunu deyib.
15:12
Akademik Milli Dram Teatrının (“Azdrama”) bədii rəhbəri Mehriban Ələkbərzadə
bir qrup əməkdaşı teatrdan uzaqlaşdırıb.
Bunu “Qaynarinfo”ya açıqlamasında teatrşünas Çingiz Ələsgərov deyib.
Onun sözlərinə görə, əməkdaşların işdən uzaqlaşdırılması Mədəniyyət
Nazirliyinin teatra göndərdiyi məktub əsasında həyata keçirilib:
“Bizi yaşla əlaqədar teatrdan qovublar. Deyirlər ki, qocalmısınız, daha
bəsdir, icazə verin, yerinizə cavanlar gəlsinlər. Teatrın bədii rəhbəri
Mehriban Ələkbərzadə məni otağına çağırıb bildirdi ki, mədəniyyət naziri Adil
Kərimli teatra məktub göndərib. Məktubda qeyd edib ki, yaşlı əməkdaşlar
teatrdan çıxarılsınlar, yerinə cavanlar götürülsünlər. Mehriban xanım dedi ki,
sizinlə işləmək istərdim, amma nazirin göstərişi var, heç nə edə bilmərəm.
Musiqi hissə müdiri Səadət Qarabağlını çağırıb dedi ki, sizinlə işləmək
istəmirəm. Məni və digər əməkdaşları işdən çıxarıblar. 45 ildir ki, mən bu
sənətdəyəm, insanı birdən-birə bayıra atmazlar ki? İndi mən işləməsəm, necə
dolanacağam? Yaşlı insanların təcrübəsi var, biz cavanlara öyrədə bilərik”.
Çingiz Ələsgərov mədəniyyət naziri Adil Kərimliyə müraciət edəcəyini də əlavə
edib.
Nəzrin Vahid