“AzerGold” partlayıcı maddələri istehsal edəcək şirkət yaratdı

“AzerGold” partlayıcı maddələri istehsal edəcək şirkət yaratdı

Baxış sayı: 1. 887 dəfə baxılıb.

“AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) ikinci törəmə şirkəti, “AzerBlast” Məhdud Məsuliyyətli Cəmiyyət (MMC) təsis edilib.

Qurumdan verilən məlumata görə, sənaye əhəmiyyətli partlayıcı maddələrin istehsalı üzrə ixtisaslaşan şirkətin yaradılmasında məqsəd xüsusilə dağ-mədən və tikinti sənayesində istifadə edilən mülki partlayıcı maddələrə olan daxili tələbatın ödənilməsi və idxaldan asılılığın aradan qaldırılmasıdır.

Qeyd edək ki, dövlət-özəl sektor tərəfdaşlığı modeli əsasında təsis edilən şirkət 9 mart 2021-ci il tarixində dövlət qeydiyyatına alınıb. Törəmə cəmiyyətin ümumi səhmlərinin 51 faizi “AzerGold” QSC-yə, 49 faizi isə “DM Servis” MMC-yə məxsusdur. 2013-cü ildə təsis edilmiş “DM Servis” MMC mülki partlayıcı maddələr və innovativ partlayış sistemlərinin istehsalı sahəsində dünya liderlərindən olan “Orica-Nitro” şirkətinin Azərbaycan üzrə rəsmi tərəfdaşıdır.

Məlumat üçün qeyd edək ki, sözügedən mülki partlayıcılar sənayedə müxtəlif partlatma əməliyyatlarında, tunellərin, magistral yolların, su bəndlərinin tikintisində, eləcə də mədənlərin istismarında geniş istifadə olunur.

“AzerBlast” MMC tərəfindən istehsal ediləcək məhsulların dağ-mədən və tikinti sənayesinin artım templəri fonunda əsas bazar Azərbaycan olmaqla beynəlxalq bazarlara çıxarılması nəzərdə tutulur. Bu məqsədlə yaxın gələcəkdə Gəncə şəhərində qabaqcıl innovativ texnologiyaların tətbiqi ilə sənaye partlayıcılarının istehsalını həyata keçirəcək zavodun inşası planlaşdırılır.

Zavodda istehsalat ekoloji norma və qaydalara uyğun təşkil ediləcək.

Sözügedən müəssisənin fəaliyyəti regionların 2019–2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı çərçivəsində daimi iş yerlərinin açılmasına, dağ-mədən sənayesinin yan sahələrinin və qeyri-neft sektorunun inkişafı, o cümlədən ixracın şaxələndirilməsinə xidmət edəcək.