2018-ci ildə SOCAR-ın “Azneft” İstehsalat Birliyinin qarşısına işlənmədə olan 28 yataqdan 6,2 milyon ton neft-kondensat, 5,5 milyard kubmetr həcmində qaz hasil edilməsi dövlət plan-tapşırığı kimi qoyulub.
ÇıxışYolu.Com xəbər verir ki, bunu SOCAR-ın “Azneft” İstehsalat Birliyinin baş direktoru Daşqın İsgəndərov “Natural Gas World” dərgisinə müsahibəsində bildirib.
O qeyd edib ki, plan-tapşırıqların yerinə yetrilməsi üçün fasiləsiz olaraq yataqlarda keçici fond quyuları üzərində geoloji-texniki, profilaktiki tədbirlər həyata keçirilir:
“Eyni zamanda, fəaliyyətsiz fonddan quyuların istismara qaytarılması üçün təmir işləri və daha böyük potensiala malik yataqlarda qeyd edilən tədbirlərlə bərabər qazma işlərini davam etdiririk. Görülmüş işlərin nəticəsi olaraq ilin əvvəli ilə müqayisədə yataqlar üzrə hasilatın təbii düşmə tempinin qarşısını aldıq, bir sıra yataqlarda isə hasilatda nəzərəçarpaçaq artım əldə edə bildik.
Bildiyiniz kimi, hasilatın əsas hissəsi – 60%-dən çoxu “Günəşli” yatağının hesabına realizə olunur. Yatağın işlənməsinin üçüncü mərhələsində olmasına baxmayaraq, operativ tədbirlərlə hasilatın düşməsinin qarşısını aldıq.
Nəticədə ilin əvvəli ilə müqayisədə gündəlik hasilatda 5%-ə qədər artıma nail olduq. Digər böyük yataqlar üçün də oxşar göstəriciləri qeyd etmək mümkündür. Belə ki, “Neft Daşları”, “Darvin bankası”, “Qərbi Abşeron” və b. yataqlarda hasilatda nəzərəçarpacaq artım əldə etmişik”.
D.İsgəndərovun sözlərinə görə, ilin sonuna qədər hasilat artımı daha çox olacaq:
“Belə ki, mövcud yataqların işlənmə göstəricilərinə görə, 2018-ci ildə 6,3 milyon ton neft-kondensat, 5,6 milyard kubmetr həcmində qaz hasil edilməsi proqnozlaşdırılır. Bu isə 2017 ci ilin göstəricilərindən neft-kondensat üzrə 2.7%, qaz üzrə isə 3.5% artım deməkdir.
Növbəti illərdə də hasilatın stabil saxlanması və mümkün qədər artırılması qarşıya əsas məqsəd kimi qoyulub”.