Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə təqsirləndirilən Tural Əlizadə, onun atası Zakir Əliyev və xuliqanlıqda ittiham olunan Babək Quliyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
ÇıxışYolu.Com-ın xəbərinə görə, hakim Şəkər Məmmədovanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Hökmə əsasən, Zakir Əliyev 18 il, Tural Əlizadə isə 17 il müddətinə azadlıqdan məhrum edilib.
Babək Quliyev isə iki il müddətinə islah işləri cəzasına məhkum olunub.
Qeyd edək ki, hadisə Abşeron rayonunun Qobu qəsəbəsində baş verib. 1975-ci il təvvəllüdlü Abbasov Rövşən Rafiq oğlunu “Vinçester” markalı silahla qətlə yetirən 25 yaşlı Tural Zakir oğlu Əlizadə həbs edilib. T.Əlizadə istintaqa ifadəsində bildirib ki, R.Abbasovla əvvəlcədən ədavəti olub.
Onlar “söhbət etmək” üçün kafedə görüşüblər. Kafedən çıxdıqdan sonra sözləri yenidən çəp gəlib. Bu zaman T.Əlizadə “Vinçester” markalı silahdan əvvəlcə havaya atəş açıb. Daha sonra o, R.Abbasovun ayağını güllə ilə yaralayıb. T.Əlizadə üçüncü gülləni R.Abbasovun ürək nahiyəsinə vurub.
Daha sonra qətlin iştirakçısı kimi T.Əlizadə, atası Z.Əlizadə və B.Quliyev də həbs edilib. Daha sonra B.Quliyevin barəsində ev dustaqlığı qətimkan tədbiri seçilib.
Etibar Məmmədov