Noyabrın 25-də Belarusun paytaxtı Minskdə keçiriləcək “Avroviziya” uşaq müsabiqəsində Azərbaycanı “Sənin kimi olmaq” (“I wanna be like you”) mahnısı ilə təmsil edəcək Fidan Hüseynovanın ÇıxışYolu.Com saytına müsahibəsi:
– Necə oldu ki, “Avroviziya”ya qatılmaq qərarına gəldiniz?
– Çox xoşbəxtəm ki, bu müsabiqəyə məni seçiblər. Ölkəmizi layiqli təmsil etmək üçün çox çalışacağam.
– Bu müsabiqədən əvvəl mahnı ifa edirdiniz?
– Musiqi təhsilim var. Həmişə musiqi ilə məşğul olmuşam. Bilmirdim ki, Azərbaycanı “Avroviziya” mahnı müsabiqəsində təmsil edəcəyəm. Seçildiyimi eşidəndə özümü çox xoşbəxt hiss etdim. Ölkəmi layiqli təmsil edəcəyimə əminəm.
– Noyabrın 24-ü 13 yaşınız tamam olur. Bundan bir gün sonra da yarışdır. Bu, həyəcan yaratmayacaq?
– Yox, əksinə, bu məni daha da sevindirəcək, motivasiya edəcək, əhvalımı yüksəldəcək. 13 mənim ən uğurlu, sevimli rəqəmimdir və mənə uğur gətirəcəyinə ümid edirəm. Yarışmada qalib olsam, bunu özümə ad günü hədiyyəsi etmiş olacağam.
– Böyüklərin “Avroviziya” musiqi yarışmasında gələcəkdə iştirak etmək kimi xəyallarınız var, yoxsa bununla kifayətlənəcəksiniz?
– 3-5 il sonra nə olacağını bilmirəm. Zaman özü göstərəcək. Amma əgər təklif etsələr, əlbəttə, razılaşacağam.
– Böyüklərin “Avroviziya”sında idealın olaraq gördüyün biri var?
– Bəli. “Avroviziya”nın əvvəlki iştirakçılarından Lara Fabian (italiyalı pop müğənni – S.M.) çox xoşuma gəlir, onun mahnılarını, səsini bəyənirəm. Onunla artıq iki dəfə səhnəni paylaşmışam. Bu, bir dəfə Bakıda, bir dəfə İstanbulda olub. Ona oxşamağı çox istəyirəm.
– İngilis dilini bu müsabiqə öncəsi öyrənmisiniz?
– Yox, mən əvvəldən ingilis dilini bilirdim. İngilisdilli məktəbdə – “Baku Oxford School”da oxuyuram. Həm də fransız, ispan dillərini öyrənirəm.
Səbuhi MUSAYEV
www.ÇıxışYolu.Com