ÇıxışYolu.Com – Azərbaycan Premyer Liqasında baş məşqçilər dava etdilər

Baxış sayı: 2. 801 dəfə baxılıb.

ÇıxışYolu.Com - Azərbaycan Premyer Liqasında baş məşqçilər dava etdilər

Azərbaycan Premyer Liqasının V turuna start verilib.

ÇıxışYolu.Com xəbər verir ki, açılış matçında Bayılda “Səbail” “Sabah”la heç-heçə edib – 0:0. Turnir cədvəlinin lideri “Neftçi” isə səfərdə autsayder “Zirə”dən üstün olub – 2:1.

Zirə qəsəbəsində baş tutmuş görüş insidentlə yadda qalıb. İlk hissənin sonlarına yaxın “Zirə”nin baş məşqçisi Samir Abbasovla “Neftçi”nin italyan çalışdırıcısı Roberto Bordin arasında mübahisə yaşanıb. 

IV hakim olan FIFA referisi Ömər Paşayev bu barədə baş hakim Rauf Cabbarovu məlumatlandırıb. Nəticədə hər iki məşqçi texniki zonadan qovulub. Məşqçilər görüşün qalan dəqiqələrini tribunadan izləmək məcburiyyətində qalıb.

Oyundan sonra keçirilən mətbuat konfransında hər iki baş məşqçinin bu məsələyə münasibəti fərqli olub. Roberto Bordin hərəkətindən peşman olduğunu etiraf edib:

“Bunu münaqişə kimi qeyd etməzdim. Sadəcə, bir-birimizi başa düşmədik. Hərəkətimizlə komandamızı pis vəziyyətdə qoyduq. Bu hərəkətimə görə peşmanam”.

Samir Abbasov isə Ömər Paşayevi ona qarşı qərəzli hərəkətdə günahlandırıb: 

“O, may ayına qədər məzuniyyət götürsəydi, rahat olardım. Ola bilər ki, gözü zəifdir, ancaq bir tərəfi görür. Ehtiyat oyunçular skamyamız digər tərəfdə olsaydı, yəqin ki, belə olmayacaqdı”.

Qeyd edək ki, bazar günü tura “Keşlə” – “Sumqayıt” və “Qarabağ” – “Qəbələ” görüşləri ilə yekun vurulacaq.

Səbuhi MUSAYEV

www.ÇıxışYolu.Com