ÇıxışYolu.Com - Azərbaycanda qadınların əsas problemlərindən biri məişət zorakılığıdır

ÇıxışYolu.Com – Azərbaycanda qadınların əsas problemlərindən biri məişət zorakılığıdır

Baxış sayı: 2. 540 dəfə baxılıb.

Qafqazda qadına hörmət həmişə xüsusi olub. Qadına qarşı münasibətdə xoşrəftar, ehtiramlılıq kişinin ləyaqəti hesab edilib, kobudluq, nalayiq davranış isə kişi üçün biabırçılıq sayılıb.

ÇıxışYolu.Com xəbər verir ki, “Qadın və qızlara qarşı zorakılığı dayandırmaq” adlı 16 günlük kampaniya zamanı səsləndirilmiş statistikaya əsasən, mənəvi və əxlaqi dəyərlər şkalasında mənfiyə doğru dəyişikliklər baş verib. 

Daxili işlər Nazirliyinin Baş ictimai təhlükəsizlik İdarəsindən verilən məlumata görə, 2018-ci ildə Azərbaycanda qadına qarşı şiddətlə bağlı törədilmiş cinayətlərdə, 135 intihar və intihar həddinə çatdırma cəhdi qeydə alınıb. 112 qadın ölüb, onlardan 11-i isə yetkinlik yaşına çatmayanlardır.

ÇıxışYolu.Com - Azərbaycanda qadınların əsas problemlərindən biri məişət zorakılığıdır

Ümumilikdə, bu ilin yanvar-sentyabr ayları ərzində məişət zorakılığı ilə bağlı 678 cinayət faktı qeydə alınıb. İki mindən çox şəxs cinayət məsuliyyətinə cəlb edilib.

Gender məsələləri üzrə mütəxəssis Mətanət Əzizovanın sözlərinə görə, məişət zorakılığı təkcə intihar həddinə çatdırma cəhdi ilə deyil, eyni zamanda, işgəncə və döyülmələri özündə birləşdirir. 

“Nə qədər qadınlar əlil olub, özlərinə qəsd etməyə çalışıb, zorlanıb, bəziləri isə təcavüzkarlarını öldürməli olub və həbsxanalara düşüb”, – ÇıxışYolu.Com-ın müsahibi bildirib. 

M.Əzizova deyib ki, məişət zorakılığı Azərbaycanda qadınların əsas problemlərindən biridir. 

“Məişət zorakılığının qurbanlarının sayı azalıb? Xeyr. Cinayətlər? Xeyr. Statistikada ölkədə məişət zorakılığı hallarının azalmasının əsas səbəblərindən biri odur ki, əvvəllər ailədə döyülmə cinayət hadisəsi hesab edilirdi, indi bu, inzibati xəta sayılır. Əgər qadına ailədə fiziki güc tətbiq edilirsə, buna görə təcavüzkarı cərimə formasında inzibati cəza gözləyir. Bir çox ölkələrdə ailədə zorakılıq ağır cinayət sayılır”, – gender məsələləri üzrə mütəxəssis bildirib. 

ÇıxışYolu.Com - Azərbaycanda qadınların əsas problemlərindən biri məişət zorakılığıdır

M.Əzizovanın fikrincə, ailədə cinayət hallarının artmasının qarşısını almaq üçün qanunvericilik bazasında dəyişiklik edilməli, böhran və reabilitasiya mərkəzləri yaradılmalı, KİV və məktəblərdə maarifləndirici tədbirlər keçirilməlidir.

Xatırladaq ki, noyabrın 25-də Azərbaycanda “Gender əsaslı zorakılığa qarşı 16 günlük fəallıq” kampaniyasına start verilib. Bütün dünyada keçirilən bu kampaniyanın məqsədi qadın və qızlara qarşı zorakılığın qarşısının alınması və aradan qaldırılmasıdır. Kampaniya Beynəlxalq insan haqları günündə, yəni dekabrın 10-da başa çatacaq. 

Vəfa Fərəcova
www.ÇıxışYolu.Com