28 noyabrda “Best Model of Azerbaijan” yarışının finalı keçirilib. Əməkdar artist Tünzalə Ağayevanın sədri olduğu münsiflər heyəti xanım iştirakçılardan Aygül Səfərovanı qalib elan etsə də, məlum olub ki, o, İstanbulda keçiriləcək “Best Model of World” yarışmasında iştirak etməyəcək.
ÇıxışYolu.Com bu münasibətlə layihənin direktoru Aqil Məmiyevlə əlaqə saxlayıb:
– “Best Model of World” yarışmasına kimin gedəcəyinə qərar verilibmi?
– İkinci yerə çıxan qız Cəmilə Qoluboviç hazırda xaricdədir. O gedə bilsə, İstanbulda Azərbaycanı o təmsil edəcək. Alınmasa, digər favorit xanım iştirakçılardan birinə üstünlük veriləcək. Yarışmanın prezidenti Ərkan Özərmana digər favoritləri göndərəcəyəm. O, özü qərar verəcək. Bizim seçimlərdə şəffaflıq olmadı. Mən də münsiflər heyətinin qərarını pozmaq istəmədim.
– Şəffaflıq nə baxımından olmadı?
– Xanım iştirakçı öncədən deməli idi ki, gedə bilməyəcək, ailəsində problem var. Bununla da digərlərinin haqqına girmiş oldu. Amma münsiflər tərəfindən o, qalib seçiləndə mən buna etiraz etdim…
Aygül Səfərova
– Məgər siz həmin vaxt bilirdiniz ki, o, xaricdə bizi təmsil etməyəcək və siz etiraz edirdiniz…
– Yox, o baxımdan etiraz etdim ki, bu, boy yarışması deyil. Ona görə də biz başqa iştirakçılara da baxa bilərik. Bu xanımın bədən quruluşu idmançılarınkı kimidir. Düzdür, layihənin direktoru kimi nəticəni ləğv edə bilərdim. Amma münsiflərə hörmət əlaməti olaraq bunu etmədim. Ərkan Özərmanla danışdım, o dedi ki, favorit iştirakçıların şəkillərini göndər, mən qərar verəcəyəm.
– Bu xanımda gözəllik necə idi?
– Deməzdim ki, gözəl deyildi. Hərə özünə görə gözəldir. Sadəcə olaraq, çəkdirdiyi şəkillər peşəkar deyildi. Sadə şəkilləri vardı. Çox gözəl insandır. Tez-tez yazışırdıq. Yarışmaya beş gün qalmış çıxmaq istəyirdi, mən onu qaytarmışdım. Amma o, mənim favoritim deyildi.
– Münsiflər heyətini siz müəyyənləşdirmirsiniz?
– Əlbəttə ki, mən…
– Münsiflər heyətini də müəyyənləşdirəndə hansı şərtlərin, hansı kriteriyaların daha üstün götürüldüyünü izah etmirsiniz onlara?
– Onlar bunları bilir. Bu xanımı seçəndə dedilər ki, təbii gözəlliyi var. Demirəm ki, seçim pisdir. Maniken kimi ən yaxşısıdır. Sadəcə, dedim ki, hər şeyə diqqət edək. Çünki bu xanım yenicə modelliyə başlamışdı. O düşünmürdü ki, birinci olacaq.
– Siz nə vaxt öyrəndiniz ki, o, xaricə gedə bilməyəcək?
– Yazdım ki, şəkillərini göndər. Mənə yazdı ki, xaricə gedə bilməyəcək.
– Bəlkə, elə sizin yarışmada etirazınıza görə belə qərar verib?
– Yox, belə deyil. Ailədaxili söhbətlərə görə belə ola bilər. Bu dəqiqə bu xəbər Türkiyəyə də gedib çıxıb. Yarışın səhəri günü Azərbaycandan iştirakçıları təqdim etməliyəm, amma edə bilmirəm.
Cəmalə Qoluboviç
– Aygüldə və ikinci yeri tutan Cəmilədə boy necə olub?
– Aygüldə 1.83, Cəmilədə 1.78 idi. Aygül orada hamıdan hündür idi (basketbolçu olub – S.M.).
– Növbəti yarışmada qərarı ilə razılaşmadığınız münsiflər heyətini dəyişdirməyi planlaşdırırsınız?
– Mən dünən bu məsələ ilə bağlı münsiflərin bəziləri ilə görüşdüm. Tünzalə Ağayeva, Gülnarə Xəlilova, Afaq İsmayılzadə, Türkiyədən dizayner Songül Başak orada idi. Onlar da dedilər ki, ikinci yeri tutan qızı birinci etmək olardı. Hər kəsin özünə görə seçimi var. Hərə bir nüansdan yanaşır.
Mənə görə model ingilis dilini bilməli, dünyagörüşü yaxşı olmalıdır. Çünki dünya yarışmasında xarici iştirakçılarla kontaktda olurlar, onlarla ünsiyyət qurmağı bacarmalıdırlar. Hətta sosial mediadakı səhifələrinə əsasən insanları müəyyənləşdirmək olur. Cəmilədə göstərdiyim faktorlar daha yaxşı idi deyə, mən bu qızın seçilməsini istəyirdim.
– Elədir. Sosial şəbəkələr bəzən insanların özləri barədə imic formalaşdırmağa kömək edir. Amma hər zaman deyil. Bu, model yarışmasıdırsa, dildən, dünyagörüşündən çox, gözəl görkəmə, boya fikir verilməlidir…
– Mənim istədiyim budur ki, gözəllik yarışmasıdır deyə, hamını seçməyək. Hərtərəfli məsələyə yanaşaq.
Səbuhi MUSAYEV
www.ÇıxışYolu.Com
ÇıxışYolu.Com yeniləndi!