ÇıxışYolu.Com – Azərbaycanın 2018-ci ildə ən yaxşı idmançıları

Baxış sayı: 4. 764 dəfə baxılıb.

2018-ci il başa çatır. İdmanda bu il uğurlarımız çox olmasa da, Azərbaycan xalqını sevindirəcək nəticələrimiz də az olmadı.

ÇıxışYolu.Com bu məqsədlə 2018-ci ildə göstərdikləri nəticələrə görə TOP-10 idmançını müəyyənləşdirməyə çalışıb:

10. Cəbrayıl Həsənov (sərbəst güləşçi) – Olimpiya mükafatçımız, ikiqat Avropa çempionumuz bu il çempion ola bilməsə də, həm qitə, həm də dünya birinciliyindən medalla qayıtdı. İlk dəfə 79 kq-da mübarizə aparan Cəbrayıl əvvəlcə Avropa üçüncüsü oldu. Daha sonra o, oktyabrda Budapeştdə keçirilən dünya çempionatında bu turnirdəki ən yüksək nəticəsini göstərdi. Əvvəl iki dəfə dünya üçüncüsü olmuş idmançımız ilk dəfə finala çıxaraq çempionluğun bir addımlığında uduzdu.

ÇıxışYolu.Com - Azərbaycanın 2018-ci ildə ən yaxşı idmançıları

9. Mixail Malkin (gimnast) – Ötən il Sofiyada tamblinq üzrə dünya çempionu olmuş Azərbaycan gimnastika məktəbinin yetirməsi bu dəfə apreldə Bakıda keçirilmiş Avropa çempionatının qalibi adını qazandı.

ÇıxışYolu.Com - Azərbaycanın 2018-ci ildə ən yaxşı idmançıları

8. Vüqar Talıbov (cüdoçu) – 66 kq çəki dərəcəsində yeniyetmələrin Buenos-Ayresdə keçirilən Olimpiya Oyunlarının qalibi oldu. Bununla da o, yeniyetmələr üzrə cüdoda ilk Olimpiya çempionu kimi tarixə düşdü.

ÇıxışYolu.Com - Azərbaycanın 2018-ci ildə ən yaxşı idmançıları

7. Turan Bayramov (sərbəst güləşçi) – Bu il yeniyetmələr arasında dünya və Avropa çempionu olmuş Turan bu uğurunu Olimpiya Oyunlarında da təkrarladı. O, 65 kq çəki dərəcəsində üçqat dünya çempionumuz Hacı Əliyevin güləşdən ayrılmasından sonra yerinə layiqli idmançının gələcəyinə dair işarə verdi.

ÇıxışYolu.Com - Azərbaycanın 2018-ci ildə ən yaxşı idmançıları

6. Radik İsayev (taekvondoçu) – Olimpiya və dünya çempionumuz mayda Kazanda keçirilən Avropa çempionatında ikinci dəfə qitənin ən güclüsü olmağı bacardı. O, ötən ay komandalararası dünya çempionatında isə bürünc medala yiyələndi.

ÇıxışYolu.Com - Azərbaycanın 2018-ci ildə ən yaxşı idmançıları

5. Rafael Ağayev (karateçi) – Karatenin “Brilyant oğlanı” dörd Premyer Liqa yarışında medal qazandı, hətta onlardan birində çempion oldu. O, mayda 11-ci dəfə Avropada rəqibsiz olduğunu isbatladı. Lakin dünya çempionatında Rafael bürünc medalla kifayətləndi.

ÇıxışYolu.Com - Azərbaycanın 2018-ci ildə ən yaxşı idmançıları

4. Mariya Stadnik (güləşçi) – Üçqat Olimpiya mükafatçımız bu dəfə də Avropada ona rəqib olmadığını sübut etdi. O, Avropa Oyunları da daxil olmaqla, səkkizinci dəfə qitənin ən güclüsü oldu. Təəssüf ki, ukraynalı legionerimiz ikiqat dünya çempionu ola bilmədi. Stadnik üçüncü dəfə dünya çempionatının finalında uduzaraq gümüş medalla kifayətlənməli oldu.

ÇıxışYolu.Com - Azərbaycanın 2018-ci ildə ən yaxşı idmançıları

3. Şəhriyar Məmmədyarov (şahmatçı) – Şəhriyar Məmmədyarov üçün bu il titul baxımından o qədər də uğurlu olmadı. Ancaq o, dünya reytinqində əvvəl ikinci, daha sonra üçüncü olması ilə diqqət çəkdi. İddiaçılar turnirində uzun müddət lider olması, sonda yalnız Fabiano Karuanadan bir xal geridə qalmaqla ikinci yeri tutması Azərbaycan şahmatı tarixində ən yüksək göstərici sayıla bilər. Qrossmeysterimiz hazırda Sankt-Peterburqda davam edən rapid üzrə dünya çempionatında uğursuz çıxış etsə də, blitsdə medal qazanmaq şansı var. Yəni onun üçün hələ il başa çatmayıb.

ÇıxışYolu.Com - Azərbaycanın 2018-ci ildə ən yaxşı idmançıları

2. İrina Zaretskaya (karateçi) – Ukraynalı legionerimiz əvvəlcə Serbiyanın Novi Sad şəhərində keçirilən Avropa çempionatında qızıl medalın astanasından qayıtdı. Ancaq Avropa çempionatının gümüş medalçısı noyabrda Madriddə keçirilən dünya çempionatında ən yüksək nəticəsinə imza atdı.

Dünya çempionu olmaqla həm təmsil etdiyi Azərbaycanın, həm də Ukraynanın tarixinə düşdü. Belə ki, heç vaxt bu ölkələrdə qadınlarda karate üzrə dünya çempionu olmamışdı. İrina Rafael Ağayevdən sonra karatedə dünya çempionu olan ikinci Azərbaycan idmançısı kimi tarixə düşməyi bacardı.

ÇıxışYolu.Com - Azərbaycanın 2018-ci ildə ən yaxşı idmançıları

1. Eldəniz Əzizli (yunan-Roma növü üzrə güləşçi) – Yeniyetmələr arasında üçqat, gənclər arasında ikiqat Avropa çempionu, gənclər arasında ikiqat dünya çempionu bu nailiyyətlərini böyüklər arasında çıxış etdiyi turnirlərdə də təkrarlaya bildi. O, əvvəlcə 55 kq çəki dərəcəsində Dağıstanda Avropa çempionu oldu, daha sonra Macarıstanda dünya çempionu adını qazandı.

Təsadüfi deyil ki, bu uğuruna görə Gənclər və İdman Nazirliyi tərəfindən ilin idmançısı seçildi. O, Milli Olimpiya Komitəsinin Ədalətli Oyunlar Komissiyası tərəfindən Ədalətli Oyun Prinsiplərinə sadiq idmançı kimi mükafatlandırıldı.

ÇıxışYolu.Com - Azərbaycanın 2018-ci ildə ən yaxşı idmançıları

Səbuhi MUSAYEV

www.ÇıxışYolu.Com