Balaxanıda bir gündə üç evdən oğurluq edən şəxs saxlanılıb.
Daxili İşlər Nazirliyindən ÇıxışYolu.Com-a verilən məlumata görə, Sabunçu rayon sakini Vilayət Hüseynov dekabrın 26-da rayon polis idarəsinin 12-ci Polis Şöbəsinə müraciət edərək naməlum şəxsin Balaxanı qəsəbəsində yerləşən mənzilinin pəncərəsini sındıraraq içəri daxil olduğunu və bir ədəd “Samsung” markalı televizor, həmçinin, 300 manat pulunu oğurladığını bildirib.
Eyni tarixdə həmin qəsəbədə yaşayan daha iki ev sahibi mənzillərindən televizor, məişət əşyaları və 1000 manat pulun oğurlandığı barədə Şöbəyə şikayət ərizəsi təqdim ediblər.
12-ci Polis Şöbəsində araşdırmalara başlanılıb, hadisə yerlərinə baxış keçirilib və qeyd edilən hər üç oğurluq hadisəsinin eyni şəxs tərəfindən törədildiyi müəyyən edilib. Əməliyyat-axtarış tədbiri nəticəsində oğurluq hadisələrini törətməkdə şübhəli bilinən Sabunçu rayon sakini Nurlan Cəfərov saxlanılıb. O, ifadəsində qeyd edilən cinayətləri törətdiyini etiraf edib.
Saxlanılan şəxs barəsində 12-ci Polis Şöbəsində toplanan materiallar araşdırılması üçün Sabunçu RPİ-nin İstintaq Şöbəsinə göndərilib.